Mobil versiya
Ceyhun Cahangirov: “Postmüharibə dövrü Azərbaycanın tarixində yeni bir eranın başlanğıcıdır”
Tarix: 15-04-2022 | Saat: 09:51
Bölmə:Ölkə | çapa göndər

Ceyhun Cahangirov: “Postmüharibə dövrü Azərbaycanın tarixində yeni bir eranın başlanğıcıdır”

Bu gün biz birmənalı olaraq deyə bilərik ki, 2003-c ildən bəri keçən dövr ərzində ölkəmiz böyük inkişaf yolu keçib. O cümlədən 2003-2020-ci illər ərzində Azərbaycan dövlətçiliyinin əsaslarının ciddi şəkildə möhkəmlənməsi, dövlətimizin güclənməsi və onun iqtisadi qüdrətinin daha da artması, eləcə də Azərbaycanın beynəlxalq müstəvidə mövqeyinin xeyli dərəcədə güclənməsi nəticə etibarı ilə ölkənin öz ərazi bütövlüyünü bərpa etmək imkanı əldə etməsinə səbəb oldu. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün bu illər ərzində sosial-iqtisadi tərəqqinin davamlı dinamikasını təmin etmək üçün qeyri-neft sektorunun sürətlə inkişaf etdirilməsi, infrastruktur obyektlərinin beynəlxalq standartlara uyğun şəkildə yenidən qurulması əsas vəzifə kimi qarşıya qoyuldu. Azərbaycan zəngin neft resurslarından daxil olan valyuta ehtiyatlarını səmərəli şəkildə xərcləməklə, iqtisadiyyatın bütün sektorlarının dinamik inkişafı üçün əlverişli baza yaratmağa nail oldu və qeyri-neft sektorunu valyuta gətirə biləcək strateji bölməyə çevirdi. On yeddi il ərzində həyata keçirilən bütün bu hazırlıqlar nəhayət ki, 2020-ci ilin sentyabr-noyabr aylarında öz möhtəşəm nəticəsini verdi. Azərbaycan 44 günlük Vətən müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm tarixi Qələbə qazanaraq öz torpaqlarının 30 ilə yaxın müddət ərzində davam edən işğalına birdəfəlik son qoydu. Bununla da Azərbaycanın tarixində yeni bir era başlanmış oldu.

Bu gün artıq xalqımız postmüharibə dövrünün ikinci ilini yaşayır. Prezident İlham Əliyevin də öz çıxışlarında dəfələrlə vurğuladığı kimi, biz indi qalib ölkə, qalib xalqıq. Təbii ki, müharibədən sonrakı dövrdə Azərbaycanın bütün sahələrdə inkişafı, o cümlədən iqtisadi inkişafı yeni, daha yüksək dinamika aldı. Qələbədən sonra keçən bir il və cari ilin ilk üç ayının yekunları da ölkəmizin iqtisadi gücünün günü-gündən artdığını deməyə əsas verir. 12 aprel tarixində keçirilmiş cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə çıxış edən dövlət başçısı qeyd etdi ki, bu ilin ilk üç ayında ölkəmizdə müşahidə olunan dinamik inkişaf məhz 2021-ci ildə gedən inkişafın davamıdır. Həqiqətən də keçən il ölkəmizin həyatında çox əlamətdar bir il olmuşdur. Post müharibə dövrünün ilk ili olaraq 2021-ci ildə ölkənin qarşısında duran iki əsas məqsəd azad edilmiş torpaqlarda bərpa işlərinə start vermək, eyni zamanda, beynəlxalq müstəvidə yeni reallıqları qəbul etdirmək idi və hər iki istiqamət üzrə nəticələr göz qabağındadır. Ötən il ərzində ölkəmizin beynəlxalq təşkilatlarla fəal əməkdaşlığı davam etmiş, dövlətimizin ciddi səyləri nəticəsində dünyanın aparıcı beynəlxalq təşkilatları yeni reallıqları qəbul etmişlər. BMT xətti ilə Şuşa şəhərində Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinə həsr edilmiş tədbir keçirilmişdir. Aprelin 12-də keçirilmiş, bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə etdiyi çıxışında Prezident İlham Əliyev vurğulamışdır ki, bu, çox əlamətdar hadisə idi. Bu tədbirin məhz BMT xətti ilə keçirilməsi bir daha onu göstərdi ki, BMT Azərbaycanın ərazi bütövlüyünü tam tanıyan qurumdur. Bu faktı da diqqətdən kənarda qoymaq olmaz ki, Azərbaycan tərəfindən Qarabağ münaqişəsinin həlli, eyni zamanda, BMT-nin üzərindən öz qətnamələrin icra olunmaması ilə bağlı yükü götürmüş oldu. Həmçinin postmüharibə dövründə Azərbaycanın Avropa İttifaqı ilə təmasları daha intensiv xarakter almışdır. Aİ birmənalı olaraq postmünaqişə dövrünün reallıqlarını qəbul edib. Bunun nəticəsi olaraq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə dekabr və aprel aylarında üçtərəfli görüşlər keçirilib. Bu görüşlərin nəticəsi olaraq qəbul olunmuş yekun sənəddə “Dağlıq Qarabağ” adı və “münaqişə” sözü yoxdur. Çünki Azərbaycan birmənalı olaraq bəyan edib ki, münaqişə artıq həll olunub və Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi mövcud deyil. Bu gün artıq demək olar ki, Avropa İttifaqı Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması ilə yaxından məşğuldur və həqiqətən də bu normallaşmada maraqlıdır.Bu normallaşmaya doğruilk addımın atılması üçün Azərbaycan 5 prinsipdən ibarət təklif vermişdir və Ermənistan tərəfi də bu təklifə müsbət yanaşmışdır. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və Ermənistan Azərbaycana qarşı ərazi iddiasından əl çəkir. Bu, çox müsbət haldır və Cənubi Qafqazda davamlı sülhün və stabilliyin bərqərar olması üçün əsas vacib şərtdir.

Ceyhun Cahangirov
Goranboy rayon Quşçular kənd Hakim Cəfərov adına tam orta
məktəbin direktoru, YAP Goranboy rayon təşkilatının fəalı.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024