Mobil versiya
Novruzəli Aslanov: “Azərbaycan postmünaqişə dövrünün birinci ilində qarşısında duran bütün vəzifələri uğurla icra edib”
Tarix: 14-04-2022 | Saat: 13:43
Bölmə:Manşet / Siyasət / Seçilənlər-5 | çapa göndər

Novruzəli Aslanov: “Azərbaycan postmünaqişə dövrünün birinci ilində qarşısında duran bütün vəzifələri uğurla icra edib”

Heç şübhəsiz 2003-cü ildən başlayaraq Azərbaycan özünün inkişafında yeni, daha yüksək mərhələyə qədəm qoymuşdur. Ötən 19 il ərzində Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət, formalaşdırdığı səmərəli dövlət idarəçiliyi sayəsində Azərbaycanın regional və beynəlxalq nüfuzu getdikcə artmış, Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazdakı geosiyasi, geoiqtisadi və hərbi-geostrateji mövqeləri daha da güclənmişdir. Ölkənin təbii ehtiyatlarından, coğrafi mövqeyindən, maddi, mənəvi və insan resurslarından səmərəli istifadəyə, transmilli nəqliyyat-kommunikasiya və enerji dəhlizləri sahəsində həyata keçirilən uğurlu regional siyasət və düzgün mövqe seçiminə, daxili və xarici siyasətin müstəqillik əmsalına, sosial-iqtisadi inkişafın davamlılıq və dinamiklik göstəricilərinə, gələcək inkişaf potensialına və digər parametrlərinə görə də hazırda Azərbaycan regionun özünü tam təmin edən dövlətinə çevrilmişdir. Prezident İlham Əliyevin 2003-cü ildən bəri həyata keçirdiyi möhtəşəm hazırlıq işlərinin ən əhəmiyyətli nəticəsi isə sözsüz ki, 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi Zəfər oldu. Özünün ərazi bütövlüyünü bərpa edən Azərbaycan indi yeni, tamamilə fərqli bir statusa sahib olmuşdur. Prezident İlham Əliyevin də öz çıxışlarında dəfələrlə vurğuladığı kimi, biz indi qalib ölkə, qalib xalqıq. Təbii ki, müharibədən sonrakı dövrdə Azərbaycanın bütün sahələrdə inkişafı, o cümlədən iqtisadi inkişafı da yeni, daha yüksək dinamika aldı. Qələbədən sonra keçən bir il və cari ilin ilk üç ayının yekunları da ölkəmizin iqtisadi gücünün günü-gündən artdığını deməyə əsas verir.

Bunu mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Novruzəli Aslanov deyib.

Millət vəkili qeyd edib ki, postmüharibə dövrü ərzində də Azərbaycan özünün dinamik inkişaf dövrünü yaşamaqdadır və işğaldan azad olunmuş torpaqlarımızda aparılan irimiqyaslı quruculuq işlərinin böyük vüsəti bunu bir daha sübut edir: “Prezident İlham Əliyevin sədrliyi ilə 12 aprel tarixində keçirilmiş cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə Azərbaycanın postmüharibə dövründə əldə etdiyi danılmaz uğur və nailiyyətlərə dair ətraflı açıqlamalar təqdim olunub. Öz çıxışında dövlət başçısı da qeyd etdi ki, keçən il ölkəmizin həyatında çox əlamətdar bir il olmuşdur. İlk növbədə 2021-ci il Azərbaycanın 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlarını azad etdikdən və öz ərazi bütövlüyünü bərpa etdikdən sonra qalib ölkə statusunda yaşadığı birinci il idi. İkinci bir tərəfdən isə, Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni möhkəmləndirmək üçün bir çox zəruri tədbirlərin təcili həyata keçirilməsi tələb olunurdu. Bunlardan biri işğaldan azad edilmiş torpaqlarda bərpa işlərinə start vermək, digəri isə, beynəlxalq müstəvidə yeni regional reallıqları qəbul etdirmək idi. Etiraf edək ki, yalnız mükəmməl və qüsursuz xarici və daxili siyasət nəticəsində bu məqsədlərə nail olmaq mümkün ola bilərdi və Azərbaycan Prezident İlham Əliyevin səyləri nəticəsində hər iki vəzifənin öhdəsindən uğurla gəldi. Postmünaqişə dövrünün birinci ilinin nəticələri deməyə əsas verir ki, ölkənin qarşısında duran bütün vəzifələr icra edilib. Dövlət başçısının da öz çıxışında qeyd etdiyi kimi, beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq davam etdirilb və dünyanın aparıcı beynəlxalq təşkilatları yeni reallıqları qəbul ediblər. Bu baxımdan BMT xətti ilə Şuşa şəhərində Azərbaycanın bu mötəbər təşkilata üzvlüyünün 30 illiyinə həsr edilmiş beynəlxalq tədbirin keçirilməsi xüsusilə əlamətdar hadisə oldu. Bu, bir daha göstərdi ki, BMT Azərbaycanın ərazi bütövlüyünü tam tanıyır. Digər tərəfdən isə, BMT-nin 30 ilə yaxın bir müddət ərzində kağız üzərində qalmış qərarlarını güc vasitəsilə, həm də təkbaşına icrasını təmin edən Azərbaycan xalqı bu məsələni həll etməklə bu təşkilatın çiyinlərindən də böyük bir yükü götürmüş oldu”, - deyə N.Aslanov bildirib.

Həmçinin Milli Məclisin deputatı vurğulayıb ki, müşavirənin gedişində cari ilin sonuna qədər və növbəti illər ərzində görüləcək işlərlə bağlı öz tapşırıqlarını verən Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə bərpa ediləcək şəhərlərimizin Baş planları ilə bağl ətraflı açıqlamalar verib: “Öz çıxışında azad edilmiş torpaqlarda erməni vandalları tərəfindən yerlə-yeksan edilmiş şəhərlərimizin yenidən bərpası istiqamətində aparılan işlərlə bağlı açıqlama verən Ölkə Prezidenti cənab İlham Əliyev bildirdi ki, hazırda Ağdam və Füzuli şəhərlərinin Baş planları təsdiqlənib və Baş planlar əsasında işlərə start verilib. Həmçinin digər şəhərlərin Baş planlarının təsdiqlənməsi də bu yaxınlarda gerçəkləşəcək. Dövlət başçısı qeyd etdi ki, bu il Şuşa, Cəbrayıl, Kəlbəcər, Zəngilan, Qubadlı şəhərlərinin, Hadrut və Suqovuşan qəsəbələrinin Baş planları hazırlanıb təsdiq edilməlidir. Bundan sonra isə Qarabağ və Şərqi Zəngəzura aid olan investisiya proqramına əlavələr ediləcəkdir. Belə ki, müəyyən edilmiş istiqamətlərdə görüləcək işlərə 2,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur. Baş planlar təsdiq olunandan sonra ilk növbədə, yaşayış binalarının inşasına start veriləcək ki, bu işlər də digər infrastruktur layihələrlə paralel icra ediləcək. Əlbəttə ki, azad edilmiş torpaqların yenidən məskunlaşdırılması yalnız həmin ərazilərin mnalardan tam təmizlənməsindən sonra mümkün ola bilər. Yeri gəlmişkəm bu prosesi sürətləndirmək üçün cari ildə dövlət büdcəsindən 100 milyon manata yaxın vəsaitin ayrılması nəzərdə tutulub və bu, Azərbaycan üçün prioritet məsələdir”, - deyə Novruzəli Aslanov öz fikirlərini tamamlayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2024