Mobil versiya
Deputat: Brüssel görüşündə razılaşdırılan məsələlər Azərbaycanın Ermənistana təqdim etdiyi 5 baza prinsipinə əsasən hazırlanıb
Tarix: 08-04-2022 | Saat: 13:29
Bölmə:Ölkə | çapa göndər

Deputat: Brüssel görüşündə razılaşdırılan məsələlər Azərbaycanın Ermənistana təqdim etdiyi 5 baza prinsipinə əsasən hazırlanıb

Dünya praktikasında postmünaqişə dövründə ölkələrarası həll olunmamış və gündəlikdə dayanan məsələlər dövlət başçılarının görüşləri çərçivəsində həll olunur. Ermənistanla Azərbaycan arasındakı müharibə artıq bitib. Lakin bu müharibənin sonlandırılması ilə bağlı dövlət başçıları tərəfindən 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat keçmiş münaqişə tərəfləri üçün yeni öhdəliklər yaradıb.

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.

O bildirib ki, Ermənistan-Azərbaycan müharibəsinin başa çatdığı vaxtdan bu günədək dövlət başçıları arasında bir neçə görüş Rusiya Prezidentinin, dörd görüş isə Avropa İttifaqının təşəbbüsü ilə baş tutub. Deyə bilərik ki, dövlət başçıların iştirakı ilə baş tutan hər bir görüşdə Azərbaycan-Ermənistan arasında həll olunmayaraq gündəlikdə qalmış məsələlərin həll edilməsi üçün yol xəritələri cızılıb və müəyyən məqamlar razılaşdırılıb. Bu baxımdan dövlət başçıları arasında keçirilən görüşlər Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalamaq və regionda əməkdaşlıq mühitini formalaşdırmaq baxımından çox vacib və əhəmiyyətlidir.

Cari il aprelin 6-da Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə baş tutan növbəti üçtərəfli görüş Cənubi Qafqazda sülh və əməkdaşlıq, ölkələrarası etimad mühiti yaratmaq baxımından çox əhəmiyyətli oldu. Üçtərəfli görüşdə dövlət başçıları tərəfindən Ermənistanla Azərbaycan arasında sülh sazişinin hazırlanması üçün danışıqlar aparılması istiqamətində xarici işlər nazirlərinə təlimat verilib. Həm də 2021-ci il noyabrın 26-da imzalanmış Soçi bəyanatına uyğun olaraq Birgə Sərhəd Komissiyasının aprelin sonuna qədər çağırılması qərara alınıb. Bu komissiyanın mandatına əsasən, həll olunmalı məsələlər müəyyənləşdirilib. Bu, Ermənistanla Azərbaycan arasında dövlət sərhədlərinin delimitasiyası, sərhəd boyunca və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətinin təmin edilməsindən ibarət olacaq.

Deputatın sözlərinə görə, Brüssel görüşündə razılaşdırılan məsələlər Azərbaycanın Ermənistana təqdim etdiyi 5 baza prinsipinə əsasən hazırlanıb. Çünki Azərbaycanın təqdim etdiyi 5 baza prinsipi sivil ölkələrarası qonşuluq münasibətlərinin formalaşmasına və əməkdaşlıq mühitinin genişlənməsinə xidmət edir və BMT Nizamnaməsinə uyğundur. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel kommunikasiyaların açılmasını dəstəklədiyini ifadə edərək ölkələrarası etimad mühitinin formalaşmasında, yenidənqurma və bərpa işlərində, o cümlədən minalardan təmizlənmə işlərində Avropa İttifaqının dəstək verməyə hazır olduğunu bildirib. O cümlədən üçtərəfli görüşdə iki ölkə arasında kommunikasiyaların yenidən bərpası üçün iqtisadi məşvərət şurası mexanizminin yaradılması təsdiq olunub.

“Üçtərəfli görüşdə Aİ Şurasının Prezidenti Şarl Mişelin məsələlərə ədalətli yanaşması, regionda davamlı sülhün və əməkdaşlığın yaranmasına töhfə verməyə hazır olduğunu ifadə etməsi Avropa İttifaqının yaratdığımız yeni reallığı qəbul etdiyinin və məsələlərin həllinə ədalətli yanaşmasının göstəricisi hesab edirəm. Onu da qeyd etmək istəyirəm ki, üçtərəfli görüşlərdə heç vaxt Dağlıq Qarabağ adı çəkilmir və ATƏT-in Minsk qrupundan danışılmır, gündəmə gətirilmir. Bu, o deməkdir ki, 44 günlük Vətən müharibəsində yaratdığımız yeni reallıq qəbul olunub və bu, beynəlxalq diplomatiyamızın qələbəsidir. Avropa İttifaqı və bütün dünya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və üçtərəfli görüş təşəbbüslərini irəli sürən tərəflər bundan sonra ancaq regionda sülh və sabitliyin təmin olunmasına töhfə vermək istəyirlər.

Sonda deyə bilərəm ki, Prezident İlham Əliyevin Brüsselə səfəri mövcud reallığa uyğun gündəlikdə duran bir çox məsələlərin həllinə yeni impuls verilməsi baxımından çox məhsuldar və əhəmiyyətli olub. Məsələlər üçtərəfli görüşlərdə yüksək səviyyədə razılaşdırılır. Amma nəticəsi isə Ermənistanın öz üzərinə götürdüyü öhdəliklərə konstruktiv yanaşmasından asılı olacaq. Əgər Avropa İttifaqı üçtərəfli görüşlərdə razılaşdırılan məsələlərin həll olunması üçün Ermənistana təzyiq göstərərsə, yaxın zamanlarda Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması prosesi sürətlənə bilər”, - deyə A.Badamov vurğulayıb.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2024