Mobil versiya
SDU-da 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş onlayn formatda elmi-praktik konfrans keçirildi - FOTOLAR
Tarix: 31-03-2022 | Saat: 15:56
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

SDU-da 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş onlayn formatda elmi-praktik konfrans keçirildi

1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.

Martın 31–də Sumqayıt Dövlət Universitetində “31 mart 1918-ci il – Azərbaycanlıların Soyqırımı Günüdür” mövzusunda onlayn formatda elmi-praktik konfrans keçirildi.

aia.az xəbər verir ki, əvvəlcə soyqırım qurbanlarının və torpaqlarımız uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Konfransı rektor professor Elxan Hüseynov açaraq ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklər barədə faktlara və tarixi sənədlərə əsaslanan məlumatları diqqətə çatdırdı. Rektor 31 mart və 1-2 aprel tarixlərində qırğınların kütləvi şəkil alması, silahlanmış erməni əsgərlərinin dinc əhalini amansızcasına qətlə yetirmələri, qırğınların davam etdiyi dövrdə Azərbaycan ərazisində yüz minlərlə soydaşımızın qəddarlıqla öldürülməsi, tarixi binaların, məscidlərin, məktəblərin dağıdılması barədə məlumat verərək bildirdi ki, 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirdilər. On minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba şəhəri, Quba qəzasının kəndlərində, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirilmişdir. Bu qanlı faciəyə əsl hüquqi qiyməti Ulu Öndər Heydər Əliyev vermişdir. Məhz ümummilli lider Heydər Əliyev 1998-ci il martın 26-da “1918-ci il mart soyqırımı haqqında” Fərman imzaladı. Fərmanda bu hadisələrlə bağlı Milli Məclisin sessiyalarının keçirilməsi, bu sahədə tədqiqat işlərinin aparılması, hər il mart ayının 31-nin milli matəm günü kimi qeyd edilməsi, bu faciənin dünya ictimaiyyətinə çatdırılması kimi konkret vəzifələr qoyuldu. Bununla da Azərbaycan tarixində erməni məsələsinə münasibətdə yeni strategiya müəyyənləşdi. Həmin ildən etibarən bütün xalqımız bu tarixi “31 Mart Azərbaycanlıların Soyqırımı Günü” kimi qeyd edir. Rektor onu da diqqətə çatdırdı ki, azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində böyük işlər Prezident cənab İlham Əliyevin hücum diplomatiyası xəttini elan etməsindən sonra görüldü. Bu istiqamətdə Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun fəaliyyəti müstəsna əhəmiyyət daşıyır. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz dünya siyasətinə ciddi təsiri olan böyük dövlətlərlə müntəzəm və məhsuldar iş aparır, onilliklər boyu formalaşmış stereotipləri, yanlış yanaşmaları dağıtmağa uğurla müvəffəq olur. İkili standartlara və ermənipərəst qüvvələrin təzyiqlərinə baxmayaraq, beynəlxalq ictimaiyyət aşkar faktlar qarşısında həqiqəti daha tez-tez etiraf etməli olur. Soyqırımı qurbanlarının xatirəsini anma tədbirləri bütün dünyada getdikcə daha geniş xarakter alır və ciddi əks-səda doğurur.

Rektor onu da qeyd etdi ki, 2020-ci il bütün dünyada çətin il olsa da, Azərbaycan üçün istər siyasi, diplomatik, hərbi, istərsə də digər sahələr üzrə uğurlarla yadda qaldı. Tarixi ədalət bərpa olundu, Azərbaycan bütün dünyaya siyasi, iqtisadi və milli birlik gücünü göstərdi. Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, ordumuzun rəşadəti və xalqımızın birliyi ilə 44 günlük müharibədə Ermənistan Azərbaycan qarşısında diz çökdü. Bu möhtəşəm Zəfər nəticəsində 30 ilə yaxın davam edən Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Qədim şəhərlərimiz, əzəli torpaqlarımız azad olundu. Azad olunmuş bütün ərazilərin bərpası və bu ərazilərdə vətəndaşlarımızın normal həyatının təmin edilməsi üçün bütün müvafiq addımlar atılır. Artıq həm hərb, həm də siyasi arenada uzaqgörən liderimiz, mübariz xalqımız, rəşadətli ordumuz ermənilərə layiq olduğu cavabı verib. Güclü Azərbaycan dövləti indidən sonra da tarixi torpaqlarına göz dikən, xalqımıza qarşı yönələn bütün təhdidlərə cavabını verəcəkdir.

İnanırıq ki, cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində uzun illər xalqımıza və dövlətimizə qarşı ikili standartlarla yanaşan dövlətlər də xalqımızın başına gətirilən bu faciələri soyqırım aktı kimi qəbul edəcəkdir.

Sonra 31 Mart - azərbaycanlıların soyqırımına həsr olunmuş videoçarx nümayiş olundu.

Konfransda Tarix və coğrafiya fakültəsinin dekanı, professor Adil Baxşəliyev “31 mart 1918-ci il – Azərbaycanlıların Soyqırımı Günüdür”, Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının nəzdində Folklorşünaslıq elmi-tədqiqat laboratoriyasının rəhbəri , professor Astan Bayramov “Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyası”, Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müəllimi Aysel Şamilova “1918-ci ildə ermənilər tərəfindən Azərbaycanın bölgələrində törədilən qırğınlar”,Tarix və onun tədrisi metodikası kafedrasının baş müəllimi Nofəl Abdullayev “Ulu Öndər H.Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərmanının tarixi əhəmiyyəti haqqında”, Tarix və coğrafiya fakültəsinin II kurs magistrantı Nuranə Rzayeva “Soyqırımlara son – 44 günlük Zəfər tariximiz” mövzularında məruzə edərək 31 Mart-Azərbaycanlıların soyqırımının yaranma səbəblərindən danışdılar.

Bolşevik-erməni silahlı qruplaşmalarının Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi etnik təmizləmə və deportasiya siyasəti nəticəsində bir çox bölgələrdə minlərlə günahsız soydaşımızın qətlə yetirildiyini bildirdilər.Çıxışçılar bu tarixi faciələrin gələcək nəslə çatdırılması məqsədi ilə keçirilən konfransı gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsindəki rolunu qeyd etdilər. Bu hadisələrin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün hər bir azərbaycanlının öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə borclu olduğunu vurğuladılar.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024