Mobil versiya
Abşeron Rayon Mərkəzi Xəstəxanası – sağlamlığınız etibarlı əllərdədir
Tarix: 29-03-2022 | Saat: 17:36
Bölmə:Karusel / Qərbi Azərbaycan | çapa göndər

Abşeron Rayon Mərkəzi Xəstəxanası – sağlamlığınız etibarlı əllərdədir

Bir məktubun izi ilə...

Bu günlərdə redaksiyamızın elektron poçtuna Abşeron rayon sakini Cəlal Qasımov (vətəndaşın adını açıqlamamaq xahişi nəzərə alınaraq mətndə şərti addan istifadə edilib – red.) tərəfindən imzalanmış məktub daxil olub. Məktubda Cəlal müəllim bir müddət əvvəl Abşeron Rayon Mərkəzi Xəstəxanasında stasionar müalicə aldığını qeyd edərək, bu səhiyyə ocağında xəstələrə göstərilən münasibətdən yazır: “Məni xəstəxanaya gətirəndə vəziyyətim çox ağır idi. Əslində günah da özümdə olub, çünki bir müddət evdə özünümüalicə ilə məşğul olmuşdum. Fikrim köhnə zamanlarda qalmışdı. Həm həkimlərə etibar etmirdim, həm də xərclər gözümə dururdu. Amma bir gün vəziyyətim ağırlaşdı və yaxınlarım məni Abşeron Rayon Mərkəzi Xəstəxanasına gətirdilər. Elə ilk müayinədən başa düşdüm ki, özümü gecikdirməklə necə səhv etmişəm. Nə deyim, cəmi bir neçə günə məndə tam əminlik yarandı ki, buranın bütün həkim və tibb bacıları, bütün texniki personalı öz işlərinin əsl peşakarlarıdır. Xəstəni əhatə edən hər kəs öz işinə, öz vəzifəsinə sadəcə məsuliyyətlə yox, həm də sevgi ilə yanaşır. Ən əsası da sadəcə bir insan kimi, bura gələnlərə göstərdikləri doğma münasibətlə, ətrafa saçdıqları şəfqət və mərhəmət hisslərilə hər kəsin həyata bağlantısını daha da gücləndirirlər, xəstələrin sağalmasını stimullaşdırırlar. Bir də əlbəttə ki, baş həkim Mehriban Qaralovanı qeyd etməliyəm. Çünki rəhbər öz işinin öhdəsindən yaxşı gələ bilməsə nə bir səhiyyə müəssisəsi, nə də ümumiyyətlə başqa heç bir qurum səmərəli işləyə bilməz. Abşeron xəstəxanasında isə qayda-qanun, nizam-intizam bütün işlərin başındadır. Yeri gəlmişkən, bu da məlum oldu ki, maliyyə xərcləri məsələsində də özümü aldatmışam. Çünki tibbi sığorta bu xəstəxanada mənim bütün məsrəflərimi tamamilə ödədi. Bir sözlə, Abşeron Rayon Mərkəzi Xəstəxanasından çıxanda təkcə sağlamlığımı bərpa etməmişdim, həm də ruhumu, həyata baxışımı təzələmişdim. Bütün bunlara görə də bir neçə həftə ərzində mənim qayğımı çəkən, qulluğumda duran hər kəsə ürəkdən sağ olun, var olun deyirəm!”

Gəlin razılaşaq ki, bir pasiyentin belə səmimiyyətlə deyilmiş ürək sözləri istənilən bir səhiyyə müəssisəsinin fəaliyyətinə verilən yüksək dəyərdən xəbər verir. Təbii ki, bu məktubu oxuduqdan sonra biz də Abşeron Rayon Mərkəzi Xəstəxanasının fəaliyyətilə daha yaxından tanış olmaq qərarına gəldik.



Dövlət qayğısı hər bir inkişafın əsasında durur

İlk növbədə birmənalı olaraq qeyd etmək lazımdır ki, bu gün Azərbaycanın sürətli iqtisadi inkişafı bütün sosial sahələrin, o cümlədən səhiyyəmizin inkişafı üçün misilsiz imkanlar yaradıb. Ölkə rəhbərliyinin diqqət və qayğısı nəticəsində səhiyyə sahəsində uğurla aparılan islahatlar, tibb müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi, təchizat və kadr hazırlığı istiqamətində görülən işlər yeni-yeni uğurlara yol açıb. Əlbəttə ki, bu uğurların əsas səbəbi də ilk növbədə Azərbaycanda səhiyyə xidmətlərinin yüksək səviyyədə təşkili məsələsinin dövlətimizin qarşısında duran əsas prioritet istiqamətlərdən biri olaraq müəyyənləşdirilməsidir. Ölkə rəhbərliyinin və birbaşa Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən ölkəmizdə yeni tibb müəssisələrinin inşası, eləcə də mövcud səhiyyə ocaqlarının əsaslı təmir edilərək tamamilə yeni bir formatda vətəndaşlarımızın xidmətinə verilməsi artıq çoxdan bir ənənə halını almışdır. Diqqətəlayiq haldır ki, bu istiqamətdə görülən işlər hətta pandemiya dövründə də eyni dinamika ilə davam etdirilmişdir. Bu gün artıq səhiyyəmizin aparıcı klinika və xəstəxanaları göstərilən tibbi xidmətlərn yüksək keyfiyyəti baxımından sadəcə bir-biriləri ilə deyil, həm də beynəlxalq səviyyədə üstün nüfuza malik xarici tibb müəssisələri ilə də rəqabət aparırlar. Ölkəmizin səhiyyə sahəsində həyata keçirilən islahatlar Azərbaycanda tibbi xidmətlərin artıq beynəlxalq standartlar səviyyəsində təşkilini təmin edib. Bu gün respublikamızın bütün bölgələrində səhiyyə müəssisələri müasir tələblər səviyyəsində təmir olunur, maddi-texniki bazaları ən son texnologiyalara əsaslanan avadanlıqlarla təchiz edilir. O cümlədən Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni binası da bir il bundan öncə inşa olunaraq vətəndaşların istifadəsinə verilib. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2021-ci il fevralın 1-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışında iştirak ediblər. Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə 4 hektar sahədə inşa olunan 150 çarpayılıq tibb müəssisəsi Yaponiya, Koreya Respublikası, İtaliya və Türkiyə istehsalı olan ən zəruri avadanlıqla təchiz edilib. Xəstəxanada cərrahiyyə, terapiya, pediatriya, reanimasiya, dializ və digər şöbələr, həmçinin laboratoriyalar fəaliyyət göstərir.



Hər bir müəssisənin fəaliyyətinin effektivliyi kollektivin peşəkarlığı və vicdanlı işi ilə əldə olunur

Təbii ki, dövlət tərəfindən göstərilən bu diqqət və qayğının qarşılığında Abşeron Rayon Mərkəzi Xəstəxanasının tibbi personalı da onlara göstərilən etimadı doğrultmaq üçün əllərindən gələni edirlər. Qeyd edə bilərik ki, redaksiyamıza daxil olmuş məktubda keçmiş xəstənin də barəsində ən səmimi sözlər yazdığı baş həkim Mehriban Qaralova artıq uzun müddətdir ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasına rəhbərlik edir. Əldə etdiyimiz məlumatlara əsaslanaraq deyə bilərik ki, məhz Mehriban xanımın rəhbərliyi dövründə RMX-nın fəaliyyəti ölkmizdə aparılan əsaslı islahatların tələblərinə uyğun şəkildə yenidən qurulub və bu gün bu səhiyyə müəssisəsində əhaliyə həqiqətən də yüksək səviyyədə tibbi xidmətlər göstərilir. Aradan keçən bu müddət ərzində sözügedən xəstəxanada müalicə almış bir çox pasiyentlərdən eşitdiklərimizə görə, hazırda klinikada ciddi nizam-intizam olmaqla yanaşı, burada öz peşəsini mükəmməl bilən bilikli və təcrübəli həkimlər çalışırlar. Bir məqamı da xüsusilə vurğulamaq lazımdır ki, hazırda xəstəxananın elmi potensialı da yüksək səviyyədədir. Bu gün Abşeron Rayon Mərkəzi Xəstəxanası təkcə bu rayonun sakinlərinə deyil, eyni zamanda bir çox digər rayon və bölgələrdə yaşayan vətəndaşlara da yüksək səviyyədə xidmət göstərir. Bütün bu uğurların təməlində də dövlət qayğısı ilə yanaşı xəstəxananın baş həkimi Mehriban Qaralovanın peşəkarlığı, öz işinə məsuliyyətlə yanaşma tərzi, dövlət tərəfindən qarşıya qoyulan vəzifələrin icrası üçün özünün və rəhbərlik etdiyi kollektivin bütün potensialını səfərbər etmək bacarığı durur. Bir məqamı da xüsusi olaraq vurğulamaq istərdik ki, Abşeron RMX-nın tibbi heyəti COVİD-19 pandemiyası ilə mübarizədə də hər zaman yüksək fədakarlıq nümayiş etdiriblər. Hətta pandemiyanın ən ağır və böhranlı günlərində belə müəssisənin fəaliyyətində heç bir pozuntuya yol verilməyib. RMX-nın nəzdində fəaliyyət göstərən ixtisaslaşdırılmış modul tipli xəstəxanada isə həkimlərimiz hər bir xəstənin həyatı uğrunda əsl peşəkarlıqla mübarizə aparmış, pasiyentlərinin yenidən normal həyata qayıtmaları üçün əllərindən gələni və bir çox hallarda hətta daha artığını belə etmişlər.



Beləliklə, apardığımız araşdırmalardan gəldiyimiz nəticə bu oldu ki, bu gün Abşeron Rayon Mərkəzi Xəstəxanası Azərbaycanda səhiyyə sahəsində ən böyük nailiyyətlərə imza atan tibb müəssisələrindən biridir. Artıq bir neçə ildir ki, bura müraciət edən xəstələrə şəfa tapmaqda yardımçı olan bu səhiyyə müəssisəsi xalqımızın sağlamlığının keşiyində ləyaqətlə durur. Odur ki, biz də tərəddüd etmədən deyirik: “Abşeron Rayon Mərkəzi Xəstəxanasında sağlamlığınız etibarlı əllərdə olacaq!”

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024