Mobil versiya
Nihad Pənahov: “Vətənpərvər Azərbaycan gəncliyi yeni zirvələrə doğru inamla irəliləyir”
Tarix: 25-03-2022 | Saat: 12:53
Bölmə:Siyasət | çapa göndər

Nihad Pənahov: “Vətənpərvər Azərbaycan gəncliyi yeni zirvələrə doğru inamla irəliləyir”

Bu gün istər ölkəmizin vətəndaşları, istərsə də planetimizin hansı guşəsində yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlıları qalib ölkəni təmsil etmələrindən sonsuz qürur duyurlar. 2020-ci ildə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsini tarixi Qələbə ilə başa vuraraq torpaqlarımızı işğaldan azad etdi və bu gün yaşadığımız bu qürur hissini bizlərə bəxş etdi. Əlbəttə ki, bu hiss hər kəsi doğma Azərbaycanımızın bundan sonra daha da güclənməsi, daha sürətli inkişafı naminə bir qədər də yüksək əzmlə çalışmağa, yeni nailiyyətlər əldə etməyə sövq edir. O cümlədən artıq iki ildir ki, Azərbaycan idmançıları da dünyanın ən mötəbər idman arenalarında qalib ölkənin təmsilçiləri kimi çıxış edirlər. Heç şübhəsiz bu amilin özü də qələbələrə aparan yolda ən böyük bir stimuldur. Bu yaxınlarda 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatında Azərbaycanın gənc güləşçilərinin 7-si qızıl olmaqla ümumilikdə 16 medal qazanaraq komanda hesabında birinci yerə layiq görülmələri də bunun əyani sübutudur. Əlbəttə ki, bu çox yüksək nailiyyətdir. Çempionatda 34 Avropa ölkəsini təmsil edən güclü idmançıların iştirak etdiyini nəzərə alsaq, güləşçilərimizin həqiqətən də böyük uğura imza atdıqlarını aydın görərik. Təsadüfi deyil ki, martın 17-də gənc güləşçiləri qəbul edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev idmançılarımızın bu uğurunu çox yüksək qiymətləndirmişdir. Qeyd etmək lazımdır ki, güləş Azərbaycanın milli idman növlərindən biridir. Bütün dövrlərdə Azərbaycanın güclü güləşçiləri olubdur. İstər sovet dönəmində, istərsə də müstəqillik dövründə güləşçilərimiz ölkəmizi müxtəlif beynəlxalq yarışlarda ləyaqətlə təmsil ediblər. Nəsillərdən-nəsillərə keçən bu təcrübə, bilik, səriştə Azərbaycanı bundan sonra da dünya miqyasında aparıcı güləş ölkələrindən birinə çevirəcək.

Məlumdur ki, ümummilli lider Heydər Əliyevin xalqın təkidilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra bütün digər sahələrdə olduğu kimi, idmanın inkişafı da dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Məhz həmin dövrdən başlayaraq, Azərbaycanın idman ölkəsinə çevrilməsi, beynəlxalq aləmdə tanınması və Olimpiya hərəkatına qoşulması prosesi geniş vüsət aldı. Qısa zamanda həyata keçirilən tədbirlər nəticəsində idmançılarımızın uğurları artmağa başladı və Azərbaycan tədricən güclü idman ölkələrinin sırasına daxil olmağı bacardı. 1997-ci ildə İlham Əliyev cənablarının Azərbaycanın Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsinə seçilməsindən sonra ölkəmizdə idmanın inkişafında əsaslı dönüş baş verdi. Məhz həmin ildən Azərbaycan idmanı tamamilə yeni, daha yüksək və dinamik inkişaf mərhələsinə qədəm qoydu. Azərbaycanın beynəlxalq Olimpiya hərəkatına fəal qoşulması sayəsində ölkəmiz böyük idman potensialına malik olduğunu nümayiş etdirdi.

Bu gün Azərbaycan idmanın inkişaf səviyyəsinə görə dünyada aparıcı ölkələrdən biri kimi tanınır. Ötən illər ərzində idmançılarımızın istər kütləvi, istərdə fərdi idman növlərinə görə əldə etdikləri uğurlar Azərbaycanın idman ölkəsi kimi qazandığı beynəlxalq statusu daha da möhkəmləndirmişdir. Dövlətin yürütdüyü idman siyasəti nəticəsində idman uğurlarımızın qarşıdakı illərdə də davam edəcəyi bu gün heç kimdə şübhə doğurmur. Ölkə Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi inkişaf strategiyasının məntiqi nəticəsi olaraq ölkəmiz bütün sahələrdə regionun lider dövlətinə çevrilmişdir. Dövlətimizin iqtisadi qüdrətinin ildən-ilə artması idmanın tərəqqisinə də müsbət təsir göstərmişdir. Hazırda nəinki paytaxtımızda, eləcə də regionlarda bir çox Olimpiya kompleksləri, müasir idman qurğuları istifadəyə verilmiş, maddi-texniki baza möhkəmləndirilmişdir. Bütün bu işlər, əlbəttə ki, idmançılarımızın yerli və beynəlxalq turnirlərdə uğur qazanmalarında müstəsna rol oynamışdır.

Hazırda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində irimiqyaslı, dinamik quruculuq işləri aparılır. Ölkə Prezidenti cənab İlham Əliyevin birbaşa nəzarəti altında 30 illik işğaldan sonra yenidən əsl sahiblərinə qayıtmış şəhər və rayonlarımız sürətlə dirçəlir, yenidən qurulur. Əlbəttə ki, həmin bölgələrdə idmanın inkişafı məsələsi də xüsusi diqqət mərkəzindədir. Möhtərəm dövlət başçımızın da qeyd etdiyi kimi, artıq indidən bu istiqamətdə böyük işlər görülür. Stadionlar, idman kompleksləri və digər idman qurğuları azad edilmiş bütün şəhərlərin Baş planlarında öz əksini tapır və bu da təsadüfi deyil. Məsələ bundadır ki, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsində, həm fiziki, həm də mənəvi baxımdan sağlam gəncliyin formaıaşmasında idman amili çox böyük rol oynayır. Gənclərdə vətənpərvərlik hissləri daim yüksək olmalıdır. Unutmaq olmaz ki, məhz vətənpərvərlik hissləri, Vətənə olan sevgi, bağlılıq 44 günlük Vətən müharibəsində əsas rol oynadı. Qələbəmizi şərtləndirən döyüşçülərin əzmkarlığı, Vətənə olan bağlılığı idi. Məlumdur ki, Azərbaycan əhalisinin mütləq əksəriyyəti gənclərdir. Buna görə də gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların fəal işə, həmçinin idmana cəlb edilməsi, vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində dövlətimiz tərəfindən mühüm addımlar atılır. Dövlət başçımızın dediyi kimi, Azərbaycan gəncləri milli ruhda tərbiyə almalıdırlar, xarici təsir altına düşməməlidirlər.

Nihad Pənahov,
YAP Tovuz rayon təşkilatının sədri

AİA.Az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-05-2025