Mobil versiya
Pərviz Xaspoladl: “Novruz milli-mədəni irsimizin zənginliyinin daha bir göstəricisidir”
Tarix: 19-03-2022 | Saat: 14:13
Bölmə:Ölkə | çapa göndər

Pərviz Xaspoladl: “Novruz milli-mədəni irsimizin zənginliyinin daha bir göstəricisidir”

Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. Novruz dostluq, həmrəylik və yüksək mənəviyyat bayramıdır. Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar. İnsanlar baharın gəlişi ilə torpağın əkib-becərilməsinə başlayır, bağlarda meyvə ağaclarını budayırlar.

Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının qədim adət-ənənələrinə, tariximizə, milli-mədəni irsimizə hər zaman böyük dəyər verib. Təsadüfi deyil ki, sovet hakimiyyəti illərində qeyd olunmasına sərt qadağa qoyulduğu Novruz bayramının uzun illərin fasiləsindən sonra 1969-cu ildən respublikamızda təntənə ilə qeyd olunmasına başlanması da məhz həmin ildə ümummilli lider Heydər Əliyevin respublika rəhbərliyinə gəlişi sayəsində mümkün olmuşdu. Müstəqillik dövründə Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra Novruz bayramı yenidən milli dövlət bayramı kimi təntənə ilə qeyd olunmağa başladı.

Ulu Öndər Heydər Əliyev hələ 1998-ci ildə demişdi: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.” Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Ümummilli Liderin bu vəsiyyətini də yerinə yetirdi. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və xalqımız bundan sonra həmin ərazilərdə Novruz bayramını min illiklər boyunca qeyd edəcək.

Novruz bayramının UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilməsi çox böyük əhəmiyyət kəsb edir. Əlbəttə ki, ölkəmizin mədəniyyət tarixində mühüm əhəmiyyət kəsb edən bu hadisə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü və ciddi səyləri, bu istiqamətdə apardığı gərgin fəaliyyəti nəticəsində baş verib. Qeyd etmək lazımdır ki, Mehriban xanım Əliyevanın mədəniyyət, elm və təhsil, idman, yaradıcılıq istiqamətləri üzrə beynəlxalq təşkilatlarla əməkdaşlıq sahəsində böyük xidmətləri təqdirəlayiqdir. Ölkənin birinci xanımının 2004-cü ildən başlayan UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyəti müddətində görülən işlər, Ümumdünya İrs, Qeyri-maddi mədəni irsin reprezentativ siyahısına daxil edilən, qoruma altına alınan mədəni irs nümunələrimiz, onun bu işə həssas münasibətinin parlaq ifadəsidir. 28 sentyabr - 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan və başqa ölkələrin xalqlarının xüsusi təntənə ilə qeyd etdikləri Novruz çoxmillətli nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb. Təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilən, İslamdan əvvəlki tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i "Beynəlxalq Novruz Günü” elan olunub. 28 noyabr - 2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulub.

Novruz bayramı həm də qədim ənənələrlə, oyunlarla zəngindir. Bu ənənələrdən “Xıdır İlyas”, “Kos-kosa” meydan oyunu və falabaxmanı qeyd etmək olar. Həmçinin su və odla bağlı maraqlı ənənələr var. Azərbaycan bir odlar ölkəsi kimi odla bağlı zəngin ənənələrə malikdir və bu saflaşma, təmizlənmə əlamətidir. Tonqallar qalanır və Novruzdan əvvəl ilaxır çərşənbədə yaşından və cinsindən asılı olmayaraq hamı yeddi dəfə tonqalın üstündən tullanmalıdır. Tullanarkən bu sözlər deyilir: “Sarılığım sənə, qırmızılığın mənə”. Tonqal heç vaxt su ilə söndürülmür. Tonqal özü sönəndən sonra cavan oğlan və qızlar həmin tonqalın külünü yığıb, evdən kənar bir yerə, çölə atırlar. Bu o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtçiliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır.

Pərviz Xaspoladlı,
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqının Laçın rayon komitəsinin sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024