Mobil versiya
Novruz birlik,qardaşlıq bayramı,xalq şənliyidir
Tarix: 18-03-2022 | Saat: 10:38
Bölmə:Gündəm | çapa göndər

Novruz birlik,qardaşlıq bayramı,xalq şənliyidir

Azərbaycan xalqının Ümummilli Lideri Ulu Öndər Heydər Əliyev 21 mart 2000-ci il tarixində çıxışında demişdir: “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır. Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm”.
Novruz bayramı Azərbaycanda mənşəyi ən qədim bayramlardan biridir. Çox uzun müddətlər daim din xadimləri və müxtəlif təriqət nümayəndələri Novruz bayramına dini libas geyindirməyə çalışmış və onu öz gözlərində ayırmaq üçün bu kimi bir sıra işlər görmüşlər. Dini məsələlərin Novruz Bayramına təsiri isə Ərəb xilafətinin Azərbaycana gəlişi ilə başlamışdır. Təbiətin, həyatın oyanması Novruzdan başlanır. Azərbaycan xalqı bunu çox təntənəli və həm də Yeni ilin, yeni günün – Novruzun gəlişinə ən azı dörd həftə əvvəldən qeyd etməyə başlayır. Belə ki, hər həftənin ikinci günləri Su çərşənbəsi, Od çərşənbəsi, Yel çərşənbəsi və Torpaq çərşənbəsi qeyd olunur. Xalq mövhumatına əsasən birinci çərşənbə günü su və su mənbələri təzələnir və hərəkətə gəlir, ikinci çərşənbədə od, üçüncü çərşənbədə yel və nəhayət dördüncü Torpaq çərşənbəsində təbiət oyanır və bu baharın gəlməsindən xəbər verir.
Novruz əsrlərin dərinliyindən gəlib bizim günlərə çıxmış ən şən və gözəl bayramlardan biridir. Qədim İran şəmsi təqvimi ilə fərvərdin ayının birinci gününə, Qriqori təqvimi ilə mart ayının 21-22-nə və ya nadir hallarda 23-nə düşür. Ölkəmizdə Novruz bayramı bir çox türk və müsəlman ölkələrində, o cümlədən Orta Asiya respublikalarında və Azərbaycanda qeyd edilir. Bir çox tədqiqatçılar Novruzun yaranma tarixini, onun zərdüştlük və ya müsəlman mədəniyyəti ilə əlaqələrini araşdırmış, əski mənbələrdə bir-birini təkzib və ya təsdiq edən müxtəlif faktlar aşkar etmişlər. Lakin ümumi belədir ki, Novruzu konkret bir dinlə, etiqadla bağlamaq düzgün deyil. Qədim dövrlərdən bəri xalqımız Novruzu yeni ilin başlanğıcı hesab etmiş, onu bolluq, bərəkət və firavanlığın əzəli kimi rəmziləşdirmişdir.
Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. 28 sentyabr — 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli (Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb. Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir.

Kənan İslamov,
YAP Saatlı rayon təşkilatının məsul işçisi




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə