Mobil versiya
Məmməd Musayev: “Novruzun 70-ci illərdə bayram kimi qeyd edilməsi yalnız ulu öndər Heydər Əliyevin səyləri nəticəsində mümkün olub”
Tarix: 17-03-2022 | Saat: 13:47
Bölmə:Manşet / Gündəm | çapa göndər

Məmməd Musayev: “Novruzun 70-ci illərdə bayram kimi qeyd edilməsi yalnız ulu öndər Heydər Əliyevin səyləri nəticəsində mümkün olub”


Məlum olduğu kimi, Novruz sözünün mənası yeni gün deməkdir. Hələ lap qədim dövrlərdən insanlar canlı aləmin yaşamına böyük çətinliklər yaradan qarlı-şaxtalı qış fəslinin başa çatmasını, yazın gəlişini müxtəlif adlar, mərasim və rituallarla qarşılayıblar. Bəşər sivilizasiyasının ilk etnoslarından olan türkdilli xalqların, o cümlədən azərbaycanlıların Novruz adı ilə qeyd etdiyi bu bayramın tarixi də qədim dövrlərə – Azərbaycanda İslamın meydana gəlməsindən xeyli əvvəllərə təsadüf edir. Azərbaycanlılar Novruzdan əvvəl 4 çərşənbənin – su, od, yel və torpaq çərşənbəsini də bayram kimi qeyd edirlər. Bunun səbəbi isə bir sıra qədim inanclara görə kainatın 4 ünsürdən – su, od, torpaq və küləkdən yaranması və təbiətin həmin bu ünsürlər üzrə oyanışının qeyd olunmasıdır.

Bu sözləri Novruz bayramı münasibətilə mətbuata verdiyi açıqlamasında Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti, iqtisadi elmlər doktoru Məmməd Musayev deyib.

M.Musayev Novruzun fəlsəfi əsaslarından danışaraq bildirib ki, bu bayram həyatın və yeniliyin ən mükəmməl rəmzidir: “Su çərşənbəsi qışda donmuş çayların baharın ilk nəfəsi ilə əriyib tədricən torpağı nəmləndirməyə başlamasına, od çərşənbəsi – günəşin torpağı isidərək, onu canlandırmasına, yel çərşənbəsi – artıq oyanmış torpağı, tumurcuqlanmağa başlayan gülləri, ağacları yaz ətirli mehlə hərəkətə gətirməsinə, torpaq çərşənbəsi – torpağın əkilib-becərilməyə hazırlığına işarə olaraq qeyd edilir” – deyə ASK prezidenti qeyd edib.

Daha sonra Məmməd Musayev Novruzun ötən əsrin 70-ci illərində yalnız ulu öndər Heydər Əliyevin səyləri nəticəsində xalqımız tərəfindən bayram kimi qeyd edilməsinin mümkün olduğunu vurğulayaraq bunları deyib: “Sovet imperiyası dövründə üzərinə “dini bayram” damğası vurulub qeyd olunmasına sərt qadağa qoyulduğu Novruzun - bu əsrarəngiz bahar bayramının uzun illərin fasiləsindən sonra 1969-cu ildən respublikamızda təntənə ilə qeyd olunmasına başlanması o vaxt ölkəmizin rəhbəri seçilən ümummilli lider Heydər Əliyevin öz xalqına, onun qədim, zəngin tarixinə, mədəniyyətinə, milli adət və ənənələrinə tükənməz sevgisinin əyani nümayişi idi. Azərbaycanın müstəqillik dövründə ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra Novruz bayramı yenidən milli dövlət bayramı kimi təntənə ilə qeyd olunmağa başladı. 1994-cü ildə Novruz şənliklərində iştirak edən ümummilli lider xalqa müraciət edərək belə demişdi: “Siz ağır zəhmət bahasına qazandığımız müstəqilliyimizi və milli dövlətçiliyimizi qorumağa, ölkədə yaranmış siyasi, sosial və iqtisadi böhrandan çıxış yolları axtarıb tapmağa qadirsiniz. Novruz bayramına gəldikdə o, xalqın milli birlik, sarsılmaz dostluq və qardaşlıq bayramıdır. Ürəklərdən kin-küdurəti silib yerində sevgi, məhəbbət və sədaqət kimi saf duyğular cücərdən, bölümləri bütövlüklə, kədəri sevinclə əvəz edən, cəmiyyətdə xoş münasibətlərin meydanını genişləndirən bir bayramdır. Novruz uzaq minilliklərin o tayından çağdaş dövrümüzə qədər ağır təzyiqlərə sinə gərə-gərə, keçilməz maneələri yara-yara müstəqillik qazanıb. Bizim də qələbə yolumuz xalqın birliyindən keçir. Biz hakimiyyəti zor gücünə ələ keçirmək naminə ölkəmizin ərazi bütövlüyünü parçalayıb torpaqlarımızı hərraca qoyan düşmən qüvvələrə qarşı vahid fikir mərkəzində birləşməklə, ürəklərimizin, beyinlərimizin, əllərimizin birliyinə nail olmaqla mübarizə aparıb bugünkü böhrandan xilas ola bilərik”. Ulu Öndərin titanik səyləri, gərgin fəaliyyəti nəticəsində Azərbaycan tezliklə dinc quruculuq, demokratik cəmiyyət və hüquqi dövlət yaradılması yoluna qədəm qoydu. Azərbaycanı dünyanın çiçəklənən sivilizasiyalı dövlətlərindən birinə çevirmək arzusu ilə yaşayan Heydər Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbriklərdə ölkədə gedən bütün ictimai-siyasi prosesləri təhlil edir, böyük quruculuq işlərini, xalqın həyat səviyyəsinin yüksəlişini önə çəkirdi.”

Həmçinin Məmməd Musayev qeyd edib ki, Novruz bayramının 2009-cu ildən UNESCO-nun qeyri-maddi irs siyahısına salınmasını bütün Türk dünyası üçün mühüm əhəmiyyət kəsb edən bir hadisə kimi qiymətləndirilməlidir: “Məlumdur ki, ölkəmiz 1992-ci ilin iyunundan UNESCO-ya üzv qəbul olunub. 1996-cı ildə isə UNESCO ilə Azərbaycan arasında əməkdaşlıq sahəsində memorandum imzalanıb. Həmin vaxtdan etibarən BMT-nin elm, təhsil və mədəniyyət üzrə bu nüfuzlu təşkilatı ilə əlaqələrimiz genişlənməkdədir. 2004-cü il avqustun 13-də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanması və inkişaf etdirilməsi sahəsində yorulmaz səylərinə görə Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb. Məhz bundan sonra bu təşkilatla Azərbaycan arasında əlaqələr daha da inkişaf etməyə başlayıb. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın mədəniyyət, elm və təhsil, idman, yaradıcılıq istiqamətləri üzrə beynəlxalq təşkilatlarla əməkdaşlıq sahəsində xidmətləri misilsizdir. 2004-cü ildən başlayaraq Azərbaycanın mədəni irs nümunələrinin UNESCO-nun Ümumdünya İrs, Qeyri-maddi mədəni irsin reprezentativ siyahısına daxil edilməsi, qoruma altına alınması Mehriban xanım Əliyevanın bu işə həssas münasibətinin parlaq ifadəsidir. O cümlədən 28 sentyabr - 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan və başqa ölkələrin xalqlarının xüsusi təntənə ilə qeyd etdikləri Novruz çoxmillətli nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin reprezentativ siyahısına salınıb. 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub. 28 noyabr - 2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulub. Bu, bir daha sübut etdi ki, Azərbaycanın beynəlxalq təşəbbüslərini dəstəkləyən ölkələrin sayı daim artır”, - deyə müsahibimiz bildirib.


Məmməd Musayev öz açıqlamasında Prezident İlham Əliyevin yüksək mənəvi dəyərlərimizi, adət və ənənələrimizi yaşadan bu ümumxalq bayramını yüksək dəyərləndirdiyini xüsusi qeyd edib: “Artıq ikinci ildir ki, Azərbaycan xalqı Novruz bayramını xüsusiş ruh yüksəkliyi ilə qeyd edir. İki il bundan öncə rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsini tarixi Qələbə ilə başa vuraraq mənfur erməni qəsbkarlarının torpaqlarımızdan qovdu, 30 il işğal altında olan torpaqlarımızı azad etdi. Ulu Öndər Heydər Əliyev hələ uzaq 1998-ci ildə demişdi: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.” Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Ümummilli Liderin bu vəsiyyətini də yerinə yetirdi və Azərbaycan xalqının arzularını reallaşdırdı” – deyə Məmməd Musayev öz fikirlərini tamamlayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə