Mobil versiya
Əliabbas Salahzadə: Ölkə Prezidentinin qardaş Türkiyəyə işgüzar səfəri müttəfiqlik münasibətlərimizin inkişafında yeni mərhələdir
Tarix: 11-03-2022 | Saat: 14:19
Bölmə:Siyasət | çapa göndər

Əliabbas Salahzadə: Ölkə Prezidentinin qardaş Türkiyəyə işgüzar səfəri müttəfiqlik münasibətlərimizin inkişafında yeni mərhələdir

Milli Məclisin deputatı Əliabbas Salahzadə Azərbaycan-Türkiyə dostluğundan, qardaşlığından geniş bəhs edərək diqqəti 44 günlük İkinci Qarabağ və postmünaqişə dövrünün reallıqlarına yönəldib: “Vətən müharibəsi başlandığı andan Azərbaycanın yanında olduğunu həm dünyaya ünvanlandığı mesajları, həm də əməli fəaliyyəti ilə təsdiqləyən qardaş ölkə tarixi Zəfərimizi eyni sevinclə yaşadı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bütün məqamları özündə ehtiva edən “Azərbaycan tək deyil” bəyanatı iki qardaş ölkənin münasibətlərinin yalnız bu gününə deyil, gələcəyinə də işıq saldı. Şanlı Qələbəmizdən ötən bir ildən artıq dövrə nəzər salsaq ən mühüm hadisələrin yaşandığı zamanlarda Türkiyə Prezidentinin dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yanında olmasından qürur hissi keçiririk. Atılan addımların, möhkəmlənən qardaşlığın zirvə nöqtəsi kimi tarixə yazılan Şuşa Bəyannaməsi dünyaya səs saldı, iki dost, qardaş ölkənin münasibətlərinin nümunə olduğunu təsdiqlədi.”

Millət vəkili bildirib ki, bu müddət ərzində qarşılıqlı səfərlər çərçivəsində imzalanan sənədlər əlaqələrin inkişafında stimulverici amil oldu: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 10 dekabr 2020-ci il tarixində keçirilən Zəfər Paradında ölkə Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin yanında olmaq, sevincimizi birgə paylaşmaq üçün Azərbaycana səfəri çərçivəsində imzalanan sənədlərin fonunda “Atılacaq daha çox imzalar var. Bu imzalarla birlikdə inşallah, Azərbaycan Qarabağın tamamilə fərqli şəkildə yüksəlişinə davam edəcəkdir” bəyan edərək bu qardaşlığı işğaldan azad edilmiş ərazilərimizə, Qarabağın tacı Şuşaya ilk səfər edən, Füzuli Beynəlxalq Hava Limanına ilk xarici uçuşu həyata keçirən dövlət başçısı olmağı ilə də təsdiqlədi. Azərbaycanın döyünən ürəyi, mədəniyyət paytaxtımız Şuşa Azərbaycan və Türkiyə müttəfiqliyinin təsdiqi olan sənədin imzalanmasına şahidlik etdi. Dünya miqyasında Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan ikinci ölkələr yoxdur.”

Əliabbas Salahzadə bu reallığa da diqqəti yönəldib ki, iki dövlətin siyasi iradəsi, qətiyyəti sayəsində reallığa çevrilən enerji layihələri regionda sabitliyi, təhlükəsizliyi möhkəmləndirməklə yanaşı, dünyanın enerji təhlükəsizliyinin təminatına böyük töhfələr verir: “Bu layihələr ölkələri, xalqları birləşdirir. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz layihələrinin ardınca Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildi, əməkdaşlığın regional çərçivədən çıxaraq coğrafiyasını genişləndirməsi fonunda Cənub Qaz Dəhlizi layihəsinin icrası uğurla başa çatdı. Gerçəkləşən hər bir layihə region və tərəfdaş ölkələrin həyatına yeni nəfəs gətirir.”

Millət vəkili ölkə Prezidenti İlham Əliyevin martın 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə qardaş ölkəyə işgüzar səfərinə, səfər çərçivəsində prezidentlərin 4 saatdan artıq davam edən görüşlərində müzakirə olunan məsələlərə yönəldərək bildirib ki, hər səfər münasibətlərdə yeni mərhələnin başlanğıcı, eyni zamanda, dünyaya bir mesajdır: “Görüşdə Şuşa Bəyannaməsinin imzalanması və bu sənədin hər iki ölkənin parlamentində təsdiqlənməsi ilə Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərinin müttəfiqlik əsasında daha da inkişaf etdiyi vurğulanıb. Postmünaqişə dövründə Azərbaycan ilə Ermənistan arasında əlaqələrin normallaşdırılmasının perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin Zəngəzur dəhlizinin açılmasının, onun region üçün yaratdığı perspektivlərin, bu fonda Qars-Naxçıvan dəmir yolu xəttinin çəkilməsinin əhəmiyyəti qeyd olunub. Reallıq budur ki, Müttəfiqlik haqqında Bəyannamə Azərbaycan-Türkiyə əlaqələrini ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı özündə bütün məqamları ehtiva edir. Sənəddə əksini tapan bütün müddəalar iki qardaş ölkənin gələcək iş birliyinin təminatçısıdır. Türkiyə və Azərbaycan arasındakı tarixi, mənəvi, ortaq etnik köklərə bağlılıq, oxşar dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı, həmrəyliyi, dünya miqyasında nadir əməkdaşlıq, iş birliyi müttəfiqlik nümunəsidir. Atılan bütün addımlar, imzalanan sənədlər böyük öndərlərin - «Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir» söyləyən Mustafa Kamal Atatürkün, "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” aforizminin müəllifi Heydər Əliyevin vəsiyyətlərinə sadiqliyin təsdiqidir.”

Əliabbas Salahzadə hazırda ölkəmizin həyatında yeni mərhələ kimi dəyərləndirilən işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq işlərində Türkiyə şirkətlərinin fəal iştirakını da bu qardaşlığın nümunəsi kimi qeyd edib: “Dövlət başçısı İlham Əliyevin qardaş ölkəyə işgüzar səfəri çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşdə iki ölkə arasında bütün sahələrdə əlaqələrin hazırkı səviyyəsi geniş müzakirə olunaraq Azərbaycan-Türkiyə müttəfiqlik əlaqələrinin inkişafından bir daha məmnunluq ifadə olunub. Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycana səfərə dəvət etməsi hər iki Liderin, eyni zamanda, ölkələrimizin münasibətlərinə bir daha işıq salır. Azərbaycan-Türkiyə qardaşlığı əbədidir və sarsılmazdır.”

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-05-2024