Mobil versiya
Şərəfli misiyya
Tarix: 10-03-2022 | Saat: 09:51
Bölmə:Manşet / Siyasət | çapa göndər

Şərəfli misiyya

Martın 10-da Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) yaradılmasının 102-ci ili tamam olur. 1920-ci ildə cəmiyyətin yaradılması, ilk növbədə Azərbaycan Xalq Cümhuriyyətinin bəşəri dəyərə verdiyi böyük önəmin təcəssümü idi. Cümhuriyyətin qurucularından olan Fətəli Xan Xoyskinin və görkəmli hərbi xadim, general Əliağa Şıxlinskinin təşəbbüsü ilə təsis edilən cəmiyyət ilk gündən bəşəri və humanizm ideyalarını rəhbər tutmuş, dövlətin sosial qayğılarının bir hissəsini öz üzərinə götürərək humanitar problemlərin həllində fəal iştirak etmişdir. Prezident İlham Əliyevin 7 aprel 2008-ci il tarixli sərəncamı ilə cəmiyyətin yarandığı gün - martın 10-u Azərbaycan Respublikasında Qızıl Aypara Günü kimi qeyd olunur.

1920-ci ilin aprelində Azərbaycanın sovet imperiyasına daxil edilməsindən sonra AzQAC-ın da fəaliyyəti məhdudlaşdırılıb. 1922-ci ilədək Azərbaycanda formal olaraq Rusiya Qızıl Xaç Cəmiyyətinin nümayəndəliyi fəaliyyət göstərib. 1922-ci ilin oktyabr ayında Azərbaycan Xalq Komissarları Şurasının qərarı ilə yenidən AzQAC yaradılıb. Cəmiyyət 1991-ci ilədək Ümumittifaq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Birliyinin üzvü kimi humanitar fəaliyyətini davam etdirmişdir. AzQAC sovet hakimiyyəti illərində də bir sıra uğurlar qazanmışdı. Belə ki, cəmiyyət vaxtilə geniş yayılmış vərəm, vəba, difteriya və digər yoluxucu xəstəliklərin qarşısının alınmasında nəzərəçarpan rol oynamışdır. O cümlədən AzQAC-ın şəfqət bacılarının II Dünya müharibəsi illərində yaralı əsgərlərimizə göstərdikləri fədakar və qayğıkeş xidmət ordunun döyüş qabiliyyətinin yüksəlməsinə və faşizm üzərində qələbənin əldə olunmasına mühüm töhfə vermişdir. Təsadüfi deyil ki, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının ən yüksək mükafatı - “Florens Nayntingel” medalı ilə təltif olunanlar sırasında AzQAC-ın üzvü olan şəfqət bacıları da var.

1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən bir neçə gün sonra AzQAC da müstəqil fəaliyyət göstərəcəyini elan edib. Yenidən təşkilatlanan cəmiyyət ilk gündən etibarən Azərbaycanın qarşılaşdığı ciddi problemlərin həlli istiqamətində fəal iş aparıb. Dövlət müstəqilliyimizin ilk illərində ölkədə mövcud olan çətinliklər, xüsusilə Ermənistanın hərbi təcavüzü nəticəsində yaranmış problemlərin aradan qaldırılmasında əsas rol oynayan qeyri-hökumət təşkilatlarından biri AzQAC idi.

Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycana rəhbərliyə başlamasından sonra respublikamızda baş verən dəyişikliklər, vətəndaş cəmiyyətinin inkişafı AzQAC-ın fəaliyyətinin yeni mərhələyə yüksəlməsinə səbəb olmuşdur. Müstəqilliyimizin ilk illərində AzQAC öz missiyasını davam etdirsə də, cəmiyyətin heç bir hüquqi bazasının olmaması, beynəlxalq aləmdə tanınmaması, bütövlükdə ölkədəki gərgin vəziyyət onun inkişafı üçün böyük problemlər yaradırdı. Hətta bəziləri cəmiyyəti nüfuzdan salmağa çalışırdılar. Yalnız Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bütün bunlar başa çatdı. Ulu Öndərin təşəbbüsü hələ 1994-cü ildə AzQAC milli qurum kimi dövlət tərəfindən tanındı. Sonrakı dövrlərdə də Ulu Öndər AzQAC-ın Azərbaycan cəmiyyətinin ayrılmaz tərkib hissəsinə çevrilməsi, onun fəaliyyətinin təkmilləşdirilməsi, maddi-texniki bazasının gücləndirilməsi üçün diqqət və qayğısını əsirgəməyib. Heydər Əliyevin 12 mart 2003-cü il tarixində AzQAC-ın XX Qurultayına təbrik məktubu Ulu Öndərin cəmiyyətimizin fəaliyyətinə verdiyi əvəzsiz qiymətdir. Təbrikdə deyilir: “Qızıl Aypara Cəmiyyəti bu gün öz qüvvələrini səfərbər edərək, müstəqil Azərbaycan Respublikası qarşısında duran vəzifələrin yerinə yetirilməsində yaxından iştirak edir. Ermənistanın respublikamıza qarşı yeritdiyi işğalçılıq siyasəti nəticəsində öz doğma yurdlarından didərgin düşmüş bir milyondan artıq qaçqın və məcburi köçkünlərin sosial-məişət problemlərinin həllində, əsir və girovların azad edilməsi və reabilitasiyasında Qızıl Aypara Cəmiyyətinin fəaliyyəti təqdirəlayiqdir”.

Azərbaycanı böyük inkişaf yoluna çıxaran Prezident İlham Əliyev də AzQAC-ın fəaliyyətinə yüksək diqqət və qayğı ilə yanaşır. Məhz cənab İlham Əliyevin qayğısı sayəsində AzQAC regionda ən yaxşı təchiz olunmuş cəmiyyətlərdən birinə çevrilib. Xatırladım ki, İlham Əliyevin prezident kimi fəaliyyətə başladığı ilk aylarda verdiyi qərarlardan biri “Azərbaycan Qızıl Aypara Cəmiyyətinə dövlət qayğısının artırılması haqqında” 31 yanvar 2004-cü il tarixli sərəncam olmuşdur.

2007-ci ildə “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” Qanunun qəbulu da Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü nəticəsində mümkün olmuşdur. Bütün bunlar, o cümlədən cəmiyyətimizin yaranmasının yubileylərində AzQAC üzvlərinin “Tərəqqi” medalı ilə təltif olunması fəaliyyətimizə verilən ali dəyərdir. 2013-cü ilin mart ayında Prezident İlham Əliyevin AzQAC-ın XXIV Baş Məclisinə göndərdiyi məktubda cəmiyyətimizlə bağlı söylədiyi fikirlər əməyimizə verilən qiymətin göstəricisidir. “Respublikamızın müasir ictimai və sosial həyatında Qızıl Aypara Cəmiyyəti özünəməxsus yer tutur, humanizm və könüllülük prinsiplərinə əsaslanaraq qayğıya ehtiyac duyan insanlara lazımi yardım göstərir”, - deyə Prezident İlham Əliyev təbrikində bildirib.

Respublikamızda hər zaman xeyirxahlıq və mərhəmət kimi nəcib keyfiyyətlərə əsaslanan fəaliyyətə böyük önəm verilib. Bu sahədə Heydər Əliyev Fondunun gördüyü işlər bütün dünya üçün böyük nümunələrdir. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə fondun həyata keçirdiyi layihə və proqramlar, əsasən, əhalinin aztəminatlı və qayğıya ehtiyacı olan təbəqəsinə yönəlib. Bütün bunlar AzQAC-ın da fəaliyyətinə işıq salır. Hazırda AzQAC 300 minədək üzvü, 20 minədək könüllüsü olan təşkilatdır. Cəmiyyətimizin 83 rayon bölməsi və 7 regional mərkəzi uğurla fəaliyyət göstərir. Beynəlxalq hərəkatı respublikamızda təmsil edən cəmiyyətin fəaliyyəti əhalinin aztəminatlı təbəqəsinə, münaqişə, təbii və texnogen fəlakətlər zamanı zərərçəkmişlərə təmənnasız ilkin tibbi-sosial, humanitar yardım və digər zəruri xidmətlərin göstərilməsindən ibarətdir. Bu mənada cəmiyyətin fəaliyyəti çoxsahəlidir.

Cəmiyyətimizdə xeyriyyəçilik institutunun inkişafı, humanizm dəyərlərinin geniş şəkildə bərqərar olması, dövlət qayğısı və Prezident İlham Əliyevin diqqəti AzQAC-ın öz missiyasını daha inamla həyata keçirməsinə stimul verib. Bu diqqət və qayğı həm də bizim üçün böyük məsuliyyət deməkdir. AzQAC bundan sonra da öz missiyasını uğurla və layiqincə həyata keçirərək dövlətimizə və xalqımıza layiqincə xidmət göstərəcək, cəmiyyətimizdə humanizm dəyərlərinin daha da inkişafına böyük töhfələr verəcək.

Novruzəli ASLANOV,
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti,
Milli Məclisin deputatı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-05-2024