Mobil versiya
Yeni tərkibdə formalaşmış Milli Məclis ölkəmizin uğurlu inkişafı istiqamətində böyük rol oynayır
Tarix: 09-03-2022 | Saat: 15:38
Bölmə:Siyasət | çapa göndər

Yeni tərkibdə formalaşmış Milli Məclis ölkəmizin uğurlu inkişafı istiqamətində böyük rol oynayır

Son illərdə Azərbaycanda aparılan genişmiqyaslı islahatların fonunda 2020-ci ilin fevralında ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi və Milli Məclisin yenidən formalaşdırılması da mühüm əhəmiyyətə malik olub.

Belə ki, seçkilərin rəsmi nəticələri elan ounduqdan sonra, 2020-ci il martın 10-da VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib. həmin iclada iştirak edən Prezident İlham Əliyev çıxışında altıncı çağırış Milli Məclisin uğurla fəaliyyət göstərəcəyinə, ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib. Bütün siyasi qüvvələri təmsil edən 1300-dən çox namizədin mübarizə apardığı seçkilərin uğurla keçdiyini deyən Prezident İlham Əliyev bütövlükdə seçkilərin xalqımızın iradəsini tam ifadə etdiyini, son nəticədə altıncı çağırış Milli Məclis çoxpartiyalı məclis kimi formalaşdığını söyləyib. Seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) yerlərin əksəriyyətini əldə etdiyini deyən dövlət başçısı vurğulayıb ki, siyasi sistemin möhkəmləndirilməsi, siyasi münasibətlərin sağlam zəmində inkişaf etdirilməsi üçün bütün partiyaların nümayəndələri Milli Məclisin və komitələrinin rəhbərliyində təmsil olunmalıdırlar.

Qeyd edək ki, Prezident İlham Əliyevin VI çağırış Milli Məclisin ilk iclasında proqram xarakterli çıxışı yeni tərkibdə fəaliyyətə başlayan qanunverici orqan üçün “Yol xəritəsi” olub, Milli Məclisin gələcək fəaliyyətinin hədəf və prioritetlərini müəyyənləşdirib. Prezident İlham Əliyev həmin çıxışında onu da bildirib ki, seçkilər Azərbaycanda aparılan siyasi kursun alternativi olmadığını bir daha sübut edib.

Təsadüfi deyil ki, həmin seçkilərdən sonra ölkəmizdə və dünyada baş verən mühüm hadisələr də hmin reallığı bir daha təsdiq edib. Pandemiya dövründə dövlətin vətəndaşlara qayğısı, eyni zamanda 2020-ci ilin payızında 44 günlük müharibədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qələbə qazanması ölkəmizdə indiki hakimiyyətin alternativi olmadığını bir daha ortaya qoyub.

Lakin Azərbaycanda əldə edilən uğurlar, insanların sabitlik və təhlükəsizlik şəraitində yaşaması bəzi xarici və daxili düşmənləri narahat edir. Son illər ölkədə özünü “müxalifət” adlandıran və tamamilə biabırçı şəkildə fəaliyyətini davam etdirən qruplaşmadan əlini üzən qüvvələr hazırda başqa istiqamətdə hərəkətə keçib və yeni "beşinci kolon”un yaradılmasına çalışırlar. Belə ki, Azərbaycanda xalqın dəstəyini qazanmayan, çevriliş və "inqilab” edə bilməyən, əvəzində pulları mənimsəyən, beləliklə, öz havadarlarına naxələf çıxanların yerinə yeni "beşinci kolon” axtarışı davam edir. Bu məsələ ilə bağlı Azərbaycan Prezidenti bütün siyasi qüvvələrə çox ciddi xəbərdar etdi: "Bu yol xəyanət yoludur, bu yola gedən, xalq, dövlət qarşısında xəyanət edəcək. Ona görə bizim bütün daxili problemlərimiz Azərbaycanın daxilində həll olunmalıdır. Biz, öz daxili problemlərimizi, siyasi çəkişmələri xaricə ixrac etməməliyik”. Dövlət başçısının vurğuladığı kimi, bu gün dünyada elə bir siyasi qüvvə yoxdur ki, Azərbaycana məcburi nəyisə diktə, yaxud hansısa qərarı qəbul etdirsin. Nə qədər ki, Azərbaycan Ulu Öndər Heydər Əliyevin siyasi kursu ilə idarə olunur, bütün sahələrdə inkişafını davam etdirəcək, belə xam xəyallara düşənlər uduzacaqlar.

Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sistemli və kompleks islahatların həyata keçirilməsində hüquqi bazanın möhkəmləndirilməsi və təkmilləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Məlumdur ki, 2018-ci il prezident seçkilərindən sonra Prezident İlham Əliyev tərəfindən ölkəmizdə genişmiqyaslı islahatlar həyata keçirilməyə başlandı. İslahatlar kursuna uyğun olaraq 2020-ci ildə qanunverici orqanda da islahatlar həyata keçirildi və xalqımızın azad, demokratik seçimi əsasında Milli Məclisin yeni tərkibi formalaşdı. Dövlət başçısının bəyan etdiyi kimi, Milli Məclis ölkəmizin uğurlu inkişafı istiqamətində böyük rol oynayır. Azərbaycan yeni dövrün çağırışlarına uyğun qətiyyətli islahatlar həyata keçirir, idarəetmə təkmilləşdirilir, əsaslı institusional dəyişikliklər baş verir və bu kompleks keyfiyyət dəyişiklikləri Milli Məclis qarşısında mühüm vəzifələr qoyur. Məhz bu çağırışlara əsasən öz fəliyyətini quran yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcək.

Zəhra Zeynalova,
YAP Göygöl rayon təşkilatı üzrə Göygöl rayon Texniki, təbiət fənləri təmayüllü lisey ərazi ilk partiya təşkilatının sədri
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-05-2024