Mobil versiya
YAP-ın VII qurultayında qəbul olunmuş qərarlar partiyanın fəaliyyətində əhəmiyyətli keyfiyyət dəyişikliklərinə səbəb oldu
Tarix: 04-03-2022 | Saat: 16:12
Bölmə:Ölkə | çapa göndər

YAP-ın VII qurultayında qəbul olunmuş qərarlar partiyanın fəaliyyətində əhəmiyyətli keyfiyyət dəyişikliklərinə səbəb oldu

Ölkənin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının 05 mart 2021-ci il tarixində keçirilmiş VII qurultayı ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımında müstəna əhəmiyyət kəsb edən bir siyasi hadisə oldu. Birmənalı olaraq demək lazımdır ki, partiyanın bu ali forumunda etdiyi çıxışında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin ölkədə siyasi dialoqun daha da möhkəmləndirilməsi, iqtisadi sahədə antiinhisar siyasətinin gücləndirilməsi və xarici siyasət sahəsində ölkəmizin maraqlarına cavab verən əməkdaşlıq kursunun davam etdirilməsi kimi prioritetlər barədə söylədiyi fikirlər bizim gələcək inkişaf proqramlarımız üçün baza platformaları olacaq. Həmçinin dövlətimizin başçısı öz tarixi çıxışında ölkənin iqtidar partiyasının inkişaf tarixinin ən mühüm mərhələlərini qeyd etmiş və Partiyanın perspektiv xarakterli strateji hədəflərini vurğulamışdır. Bu mənada YAP-ın VII qurultayı partiyanın tarixində yeni inkişaf mərhələsinin başlanğıcı kimi dəyərləndirilməlidir.

Birmənalı olaraq qeyd olunmalıdır ki, Ulu Öndər Heydər Əliyevin siyasi irsi dövlətimizin inkişafının təməlində duran əsas ideoloji amildir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyasının ölkəmizin müstəqilliyinin əldə olunmasında və qorunub saxlanmasında oynadığı tarixi rolun önəmi ölçüyəgəlməzdir. Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin siyasi təcrübəsi, bilikləri, müdrikliyi, xalq qarşısında göstərdiyi xidmətlər, bütün dövrlərdə nümayiş etdirdiyi əsl sarsılmaz vətənpərvərlik ruhu və öz xalqına, Azərbaycan dövlətçiliyinə olan sadiqliyi səbəbilə ölkəmizin mütərəqqi insanlarını onun ətrafında birləşməsi nəticəsində yaradılıb. Dövlət başçısının da Partiyanın VII qurultayında etdiyi çıxışında dediyi kimi, faktiki olaraq məhz 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra heç bir il keçməmiş – 1993-cü ilin oktyabr ayında Ulu Öndər Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkəmizin böhrandan çıxma prosesi də məhz həmin tarixdən başladı. Etiraf olunmalıdır ki, əgər Heydər Əliyev ölkəmiz üçün, xalqımız və dövlətimiz üçün sözün əsl mənasında ölüm-qalım məsələsinin həll edildiyi həmin dövrdə hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan ya bir dövlət kimi artıq mövcud deyildi, ya da ən yaxşı halda böyük dövlətlərin əlinin altında marionet bir dövlət kimi yarımmüstəmləkə həyatını yaşayırdı. Lakin Ulu Öndər Heydər Əliyevin səyləri ilə 1993-2003-cü illər Azərbaycanın tam müstəqil dövlət kimi formalaşması üçün həlledici illər oldu. Həmin dövrdə dövlətçiliyin əsasları qoyuldu, Konstitusiya qəbul edildi. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yaradıldı, ordu quruculuğuna start verildi. Bütün bu başlanğıclar isə son 19 il ərzində Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildi və nəticədə Azərbaycan bu gün siyasi və iqtisadi baxımdan tam müstəqil, öz ərazi bütövlüyün öz gücünə bərpa etmiş, regionda şəriksiz lider mövqelərini inamla özündə saxlayan, yüksək beynəlxalq nüfuza sahib olan güclü və suveren bir dövlət kimi beynəlxalq aləmdə özünü təsdiq etmişdir.

2018-ci il prezident və 2020-ci il parlament seçkilərindən, xüsusən də 2020-ci ildə İkinci Qarabağ müharibəsində əldə olunmuş Qələbədən sonra yaranmış yeni reallıq siyasi islahatların dərinləşməsi üçün zəmin yaratmşdır. Yaranmış yeni reallıqlar hakim partiya olan YAP-da islahatların aparılması və yeni fəaliyyət prioritetlərinin müəyyən olunmasının zəruriliyini müəyyən etmişdir.

VII qurultayda YAP-ın yeni Nizamnaməsi təsdiq olunmuşdur. Yeni Nizamnaməyə əsasən Qurultay, Partiyanın Sədri, İdarə Heyəti və Təftiş Komissiyası partiyanın orqanları qismində müəyyən edilmişdir. Partiya Sədrinin birinci müavini vəzifəsi təsis edilmiş, həmçinin Partiyanın strukturuna Veteranlar Şurasının, Gənclər Birliyinin, Mərkəzi Aparatın, yerli təşkilatların və onların aparatlarının daxil olduğu təsbit edilmişdir. Həmçinin VII qurultayda İdarə Heyəti, Təftiş Komissiyası və Veteranlar Şurasının say tərkibi müəyyən edilmiş, İdarə Heyəti və Təftiş Komissiyasının üzvləri, Veteranlar Şurasının üzvləri, sədri və sədr müavini seçilmişdir. Qurultayda Partiyanın yeni Proqramının hazırlanması və qəbulu barədə qərar qəbul olunmuşdur. Həmin tarixi gündən sonra keçmiş bir ərzində gedən proseslərin təhlili də göstərir ki, YAP-ın VII qurultayında qəbul olunmuş qərarlar Partiyamızın fəaliyyətinin effektivliyinin artmasına və bu fəaliyyətin xalqın və dövlətin maraqlarına daha səmərəli xidmət etməsinə ciddi zəmin yaratmışdır. Qurultaydan sonra Ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Partiya sədrinin birinci müavini, həmçinin digər müavini və Partiyanın Mərkəzi Aparatına rəhbərlik edəcək müavini təyin edilmişdir. Xüsusi olaraq vurğulamaq lazımdır ki, Mehriban xanım Əliyevanın partiyamızın Sədrinin birinci müavini kimi fəaliyyəti YAP-ın nüfuzunun və gücünün, Yeni Azərbaycan Partiyasına ictimai dəstəyin daha da artması baxımından olduqca mühüm əhəmiyyətə malikdir.

Məlum olduğu kimi, YAP-ın VII qurultayında partiyamızın Sədri cənab İlham Əliyev yeni proqramın hazırlanması barədə tapşırıq və tövsiyələrini vermişdi. Qurultaydan sonra yaradılmış müvafiq işçi qrup tərəfindən proqram üzərində işlərə başlanılmış və növbəti aylar ərzində sənədin layihəsi işçi qaydada dəfələrlə geniş tərkibdə müzakirə olunmuşdur, Partiya Sədri İlham Əliyevin irad və tapşırıqları nəzərə alınmaqla təkmilləşdirilmişdir. Qeyd etmək lazımdır ki, partiyamızın 1992-ci ildə təsis konfransında qəbul olunmuş və 1999-cu ildə keçirilmiş I qurultayda yenilənmiş proqramın müəllifi də YAP-ın yaradıcısı, Ulu Öndər Heydər Əliyev olub. Həmin proqramda ideoloji prinsiplər, o cümlədən sosial-iqtisadi tərəqqi, əhalinin rifah halının yüksəldilməsi, sosial ədalətin bərqərar olunması, vətəndaş həmrəyliyi, Azərbaycanın beynəlxalq müstəvidə mövqelərinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi əsas hədəflər sırasında olmuşdu. Ötən illər ərzində qarşıya qoyulmuş bu vəzifələr yüksək səviyyədə icra edildi. YAP İdarə Heyətinin 2021-ci il 29 dekabr tarixli iclasında təsdiq edilmiş partiyanın yeni Proqramı isə, əsasında Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi təməl prinsipləri dayanmaqla, Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyət istiqamətlərini müəyyən edir. Partiyanın yeni Proqramında “Partiyanın inkişafı və uğurları”, “Siyasi dəyərlər və prinsiplər”, “Partiyadaxili münasibətlərin və partiyanın fəaliyyətinin əsasları”, “Partiyanın əsas hədəfləri” və “Müzəffər liderlə Azərbaycanı yeni zirvələrə aparan güclü partiya” adlı 5 fəsil və Heydər Əliyev yolu, Müstəqillik, Azərbaycançılıq, Dövlətçilik, Qanunun aliliyi, Varislik və təkamül, Konstruktiv əməkdaşlıq və dialoq, Sosial ədalət və insan amili, Multikultural cəmiyyət, Demokratik ənənələrin inkişafı, Peşəkarlıq, İşgüzar münasibətlər, Şəxsi inkişaf, Sağlam rəqabət, Etik davranış və milli dəyərlər, İnnovativ inkişaf və kreativlik, Elmilik, Müasirlik, Heydər Əliyev irsinin təbliği və təşviqi, Güclü iqtisadiyyat və davamlı inkişaf, İnklüziv cəmiyyət, ədalətli sosial təminat və insan kapitalının inkişafı, Şəffaflığın artırılması, Vətəndaş cəmiyyətinin inkişafı, Azərbaycan dili və dünya azərbaycanlılarının həmrəyliyi, Mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması, Vətəndaş həmrəyliyinin təminatı, Milli maraqlar və xarici siyasət, Ordu quruculuğu, İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış kimi hissələr öz əksini tapmışdır. Yeni Proqram bütünlüklə demokratik dəyərlərə və milli maraqlara əsaslanaraq, özündə müasir yanaşma üsullarını ehtiva edərək siyasi münasibətlərin bütün strateji fəaliyyət istiqamətlərini əhatə edir.

Cavanşir Yusubov,
YAP Mingəçevir şəhər təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə