Mobil versiya
Muxtar Nağıyev: “Rusiya ilə imzalanmış müttəfiqlik Bəyannaməsi tarixi əhəmiyyətli sənəddir ”
Tarix: 23-02-2022 | Saat: 14:56
Bölmə:Siyasət | çapa göndər

Muxtar Nağıyev: “Rusiya ilə imzalanmış müttəfiqlik Bəyannaməsi tarixi əhəmiyyətli sənəddir ”

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz milli maraqlarını əsas götürməklə balanslaşdırılmış ikitərəfli və çoxtərəfli müstəqil xarici siyasət yürüdür. Bu gün ölkəmiz BMT-dən sonra ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatına sədrlik edir. Ümumiyyətlə, Azərbaycan bütün qonşu dövlətlərlə və beynəlxalq təşkilatlarla normal və bərabər münasibətlər qurur. Dövlət başçısı İlham Əliyevin düşünülmüş və balanslı siyasəti nəticəsində ölkəmizin Avropanın enerji təchizatında, enerji təhlükəsizliyinin təmin edilməsində çəkisi artmaqdadır. Azərbaycanın Türk Dövlətləri Təşkilatı, Avropa İttifaqı, NATO, BMT və digər nüfuzlu qurumlarla sıx əməkdaşlıq münasibətləri mövcuddur.

Məlum olduğu kimi, Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbədən sonra Cənubi Qafqazda yeni reallıq yaranmışdır. Bu yeni konfiqurasiyanın əsas iştirakçıları Azərbaycan, Türkiyə və Rusiyadır. Bu mənada hər iki ölkə ilə müttəfiqlik bəyannamələri imzalanması mövcud reallığın yaratdığı vəziyyətə cavab verir. 2021-ci ilin iyununda Azərbaycanla Türkiyə arasında “Şuşa Bəyannaməsi” imzalanmışdı. Sənəd hər iki ölkənin parlamenti tərəfindən təsdiqlənmişdir. Bu Bəyannamə Azərbaycan və Türkiyənin iki qardaş dövlətin münasibətlərini daha da gücləndirdi. Azərbaycan ilə Türkiyənin əməkdaşlıq əlaqələri unikal müttəfiqlik nümunəsidir.

Həmçinin qeyd etmək lazımdır ki, fevralın 22-də Moskvada “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə”nin imzalanması tarixi əhəmiyyətli sənəddir. Nəzərə almaq lazımdır ki, qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsi sahəsində işlərə çoxdan başlanılmışdı. Prezident İlham Əliyev hələ Yeni il münasibətilə xalqa müraciətində Rusiya-Azərbaycan əlaqələrinin keyfiyyətcə yeni səviyyəyə qalxacağını anons etmişdi. Bu baxımdan da qeyd etmək olar ki, belə bir sənədə daxil edilən məsələlərlə bağlı müəyyən işlər görülmüşdü. Bəyannamə olduqca genişdir və iki ölkənin qarşılıqlı əlaqələrinin ən vacib sahələrini əhatə edir. Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ərəfəsində imzalanan bu sənədin ölkələrimiz üçün, qarşılıqlı əlaqələrimiz üçün, həm də regional təhlükəsizlik üçün müsbət əhəmiyyət verəcəkdir. Bəyannaməyə görə hər iki ölkə müttəfiqlik fəaliyyətini bir-birinin müstəqilliyinə, ərazi bütövlüyünə, dövlət suverenliyinə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, qarşılıqlı fayda, bir-birinin daxili işinə qarışmamaq, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurur. Digər vacib məqam keçmiş münaqişəyə son qoyan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın, eləcə də 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarının müddəalarının həyata keçirilməsinin vacibliyi vurğulanır. İki dövlət arasındakı münasibətlər qonşuluq əlaqələrindən strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlib. Bu gün strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Rusiya ikitərəfli dostluq və qonşuluq münasibətləri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Bizim çox sıx iqtisadi, ticari münasibətlərimiz var. Ticarət, nəqliyyat, energetika, humanitar sahə, turizm, innovasiyalar və gənclər siyasətini əhatə edən yol xəritəsi çərçivəsində proqram həyata keçirilir. Həcmi milyard dollarlarla ölçülən qarşılıqlı investisiyalar həyata keçirilir. Eyni zamanda, Rusiya şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərir. İldən-ilə ticarət dövriyyəsi artırılır, qarşılıqlı sərmayə qoyuluşu məsələləri hər zaman gündəmdədir. Ticarət və iqtisadi əlaqələr daha da genişlənir, 2021-ci il üçün qarşılıqlı dövriyyənin həcmi 16 faizdir, 3 milyard dollara çatmışdır.

Həm Rusiya, həm də Türkiyə Azərbaycanın qonşuları və dost ölkələr olmaqla regionda sülh və təhlükəsizliyin təmin edilməsində xüsusi rol oynayırlar. Azərbaycan öz dövlət müstəqilliyini qorumaqla, həm də balanslı siyasət həyata keçirir. Bütün dövlətlərlə və beynəlxalq təşkilatlarla normal və bərabər münasibətlər qurulur. Onun digər ölkələrlə münasibətləri heç vaxt üçüncü tərəfə qarşı yönəlməyib. Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsi kimi, Rusiya ilə imzalanmış Moskva Bəyannaməsi də Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir.

Muxtar Nağıyev,
YAP Səbail rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024