Mobil versiya
Rüstəm Nağıyev: “Zəngəzur dəhlizi beynəlxalq nəqliyyat infrastrukturu şəbəkəsinin önəmli hissəsinə çevriləcək”
Tarix: 19-01-2022 | Saat: 16:14
Bölmə:Siyasət | çapa göndər

Rüstəm Nağıyev: “Zəngəzur dəhlizi beynəlxalq nəqliyyat infrastrukturu şəbəkəsinin önəmli hissəsinə çevriləcək”

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına verdiyi müsahibəsində qeyd etdi ki, bu gün Azərbaycan Ermənistanda həm öz qüvvələri, həm də onların tərəfdaşlarının köməyi ilə bütün hərbi quruculuq cəhdlərini çox diqqətlə izləyir. Bu, əlbəttə ki, ölkəmizə qarşı, Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə, təhlükəsizliyinə qarşı yönələ biləcək hər hansı təhdidin vaxtında aşkarlanması və aradan qaldırılması baxımından vacibdir. Azərbaycan bu gün artıq öz ərazi bütövlüyünü tam bərpa etmişdir. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində tarixi Qələbəyə imza atan Azərbaycan artıq Cənubi Qafqazda yeni reallıqlar yaradıb. Bütün bu proseslərin fonunda Ermənistanın hələ də öz təxribatlarından əl çəkə bilməməsi əlbəttə ki, təəssüf və heyrət doğurur.

Bu sözləri mətbuata verdiyi açıqlamasında YAP Gədəbəy rayon təşkilatının sədri vəzifəsini icra edən Rüstəm Nağıyev deyib.

Hakim partiya təmsilçisi qeyd edib ki, son günlər ərzində Azərbaycan-Ermənistan sərhədi ərazisində Ermənistan ordusu tərəfindən törədilmiş təxribat da təbii ki, cavabsız qalmamalı idi və qalmadı. Buna görə də Azərbaycanda ordu quruculuğu bundan sonra da bütün tələb olunan istiqamətlərdə davam etdiriləcək.

“Dövlətimizin başçısı dəfələrlə çox aydın və net şəkildə bəyan edib: “Əgər biz görsək ki, xalqımızın, dövlətimizin təhlükəsizliyinə zərrə qədər təhlükə var, dərhal düşməni yerindəcə məhv edəcəyik.” Buna heç kim artıq nə şübhə edə, nə də əngəl ola bilməz. Silahlı Qüvvələrimiz İkinci Qarabağ müharibəsi dövründə nümayiş etdirildiyindən daha güclü olacaq və bu güc Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsi işinə xidmət edəcək. Bunu zəruri tələb kimi ortaya çıxaran bir çox amillər vardır. İlk növbədə əlbəttə ki, hazırda erməni cəmiyyətində müşahidə olunan güclü revanşist əhval-ruhiyyəsidir. Təəssaflər olsun ki, bu əhval-ruhiyyə təkcə emosional səviyyədə özünü büruzə vermir. Ermənistan hələ də Azərbaycanla sərhəddə ara-sıra təxribatlara yol verir. Öz növbəsində Azərbaycan bu təxribatlara layiqincə cavab verir və Ermənistanda hər kəs bilməlidir ki, heç bir Azərbaycan hərbçisinin, heç bir Azərbaycan vətəndaşının qanı yerdə qalmayacaq. İkinci bir tərəfdən müharibə dövründə Azərbaycan çoxlu sayda döyüş sursatından istifadə edib və indi onları bərpa etmək lazımdır. Prezident İlham Əliyev də öz müsahibəsində bildirdi ki, bağlanmış yeni kontraktlar ölkəmiz üçün bunu təmin edir. Artıq silah və sursat tədarükü gedir. Daha bir məqam müxtəlif xarakterli müasir silah sistemlərinin alınması ilə bağlıdır. Hərbi texnologiyalar durmadan inkişaf edir və Azərbaycanın hər zaman ən müasir texnologiyalara sahib olması çox vacib amildir. Buna görə də ölkə rəhbərliyi bu məsələyə həmişə böyük əhəmiyyət verib”, - deyə R.Nağıyev bildirib.

Həmçinin Rüstəm Nağıyev xüsusi olaraq vurğulayıb ki, Azərbaycanın təşəbbüskarı olduğu yeni transmilli logistik layihələr artıq bütün beynəlxalq ictimaiyyət üçün də son dərəcə maraqlı və əhəmiyyətli olduğu üçün Ermənistanın Zəngəzur dəhlizinin açılmasını əngəlləmək imkanları da sürətlə məhdudlaşır.

“Bir müddət əvvəl Azərbaycanın Zəngəzur hava dəhlizindən istifadə etməsi də prosesin məhz ölkəmizin maraqlarına uyğun istiqamətdə getdiyini sübut edir. Azərbaycan Prezidenti bu müsahibəsində də bir daha vurğuladı ki, hansı yolla olursa-olsun Zəngəzur dəhliz açılacaq. Diqqətəlayiq haldır ki, ötən ildən “Zəngəzur dəhlizi” ifadəsi artıq siyasi-diplomatik müstəvidə aparılan ritorikaya daxil edildi. Həmçinin ötən il biz mülki aviasiya sahəsində Zəngəzur hava dəhlizinin açıldığını gördük. Həm də Azərbaycan bu dəhlizdən Ermənistandan icazə almadan istifadə etdi. Məlumdur ki, Ermənistan tərəfi Zəngəzur dəhlizi ifadəsinə çox böyük qısqanclıqla yanaşır. Bəlkə də ona görə ki, bu terminin müəllifi məhz Azərbaycan Prezidenti cənab İlham Əliyevdir. Öz müsahibəsində dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan bu dəhlizə, sadəcə olaraq, dəmir yolu kimi baxmır. Çünki bu dəhlizdən həm dəmir yolu keçəcək, həm avtomobil yolu keçəcək. Həmçinin bu dəhliz vasitəsilə iki qaz xəttinin çəkilişi də mümkündür. Bir xətt Qafandan, bir xətt Mehridən keçə bilər. Beləliklə Azərbaycanın planlarına uyğun olaraq Zəngəzur dəhlizi bütün Zəngəzur bölgəsini əhatə etməlidir. Ermənistan tərəfi ilkin mərhələdə həm bu söz ifadəsinə etiraz edirdi, həm də ki, bütövlükdə dəhlizin açılmasına etiraz edirdi. Hətta bu gün də belə Ermənistan siyasi məkanında bu dəhlizin Ermənistan üçün əlverişsiz olması ilə bağlı fikirlər var. Lakin Azərbaycan ardıcıl olaraq bu məsələnin həlli ilə bağlı çalışmalar həyata keçirib. Hazırda bu istiqamətdə Rusiya, Azərbaycan, Ermənistan Baş nazirlərinin müavinləri səviyyəsində işçi qrup fəaliyyət göstərir. Bu işçi qrup Ermənistan ərazisində olub və avtomobil yolunun mümkün olan marşrutlarını da incələyib. Çünki Ermənistan tərəfi ilkin mərhələdə israr edirdi ki, orada avtomobil yolu çəkmək mümkün deyil. Məxsusi olaraq bu məsələyə toxunan Prezident İlham Əliyev bunu da bildirdi ki, hələ sovet vaxtında belə bir layihə var idi. Həmin dövrdə də Ermənistan bu layihəyə etiraz edirdi və onun mümkünsüz olduğunu isbatlamağa çalışırdı. Lakin o vaxt Moskvada Siyasi Büronun üzvü və sovet hökumətinin Nazirlər Soveti sədrinin birinci müavini olan Ulu Öndər Heydər Əliyevin göstərişi və təkidi ilə Ermənistanın ovaxtkı rəhbərliyi məcbur olub bu layihəyə icazə verdilər. O zaman hətta avtomobil yolunun tikintisinə də artıq başlanmışdı. Lakin ermənilər hələ o vaxtdan istəmirdilər ki, Azərbaycan ilə Naxçıvan Muxtar Respublikası arasında avtomobil yolu olsun və buna müxtəlif bəhanələrlə etiraz edirdilər. Lakin bu gün Rusiya, Azərbaycan, Ermənistan Baş nazirlərinin müavinləri səviyyəsində yaradılmış işçi qrup da bunu təsbit edib. Ermənistan isə ilkin mərhələdə dəmir yolunun çəkilişinə razılığını verdi. Ondan sonra avtomobil yolunun çəkilişinə razılığını verdi. Artıq bu, məsələ də təsdiqləndi və hazırda avtomobil yolunun marşrutu məsələsi müzakirə olunur. Sözsüz ki, bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək”, - deyə Rüstəm Nağıyev öz fikirlərini tamamlayıb.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024