AZ RU Mobil versiya
Deputat: Azərbaycan Cənubi Qafqazda sülh dövrünün başladığına dair aydın mesajlar verir
Tarix: 14-01-2022 | Saat: 14:38
Bölmə:Manşet / Siyasət | çapa göndər

Deputat: Azərbaycan Cənubi Qafqazda sülh dövrünün başladığına dair aydın mesajlar verir

Azərbaycan müharibədən sonra yaranan yeni reallıqlar kontekstində, eyni zamanda, dünyada gedən mürəkkəb proseslər fonunda Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunması üçün üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir. Lakin sülh istəyi birtərəfli ola bilməz və bu baxımdan, Ermənistanın da yeni reallıqlarda məsuliyyətli ölkə kimi davranması vacibdir.

Bunu açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

O qeyd edib ki, Azərbaycan Prezidentinin yerli televiziya kanallarına verdiyi müsahibədə vurğuladığı kimi, müharibənin nəticələrini artıq dünyanın aparıcı ölkələri reallıq kimi qəbul edir. Ermənistan hökuməti də bu reallıqlarla barışmağa məcburdur.

Deputat bildirib ki, sərhədlərin delimitasiyası və demarkasiyası, kommunikasiyaların açılması, yekun sülh sazişinin imzalanması bu gün Azərbaycanın müəyyən etdiyi gündəliyin əsas müddəalarıdır. Ermənistanın müharibədən sonrakı iqtisadi durumu, xarici siyasətdə üzləşdiyi uğursuzluqlar, o cümlədən ənənəvi müttəfiqləri ilə münasibətləri bu ölkənin gələcəyi haqqında optimist proqnozlar verməyə əsas yaratmır. Soltan Məmmədov deyib: “Revanşist bəyanatlar, müxtəlif qütblər arasında böyük siyasi oyunlar oynamaq cəhdləri Ermənistanın indiki vəziyyəti ilə çox ciddi paradoks təşkil edir. Dünyada yeni bir dövr başlayıb. Lakin proseslərin ümumi gedişi və müşahidələr göstərir ki, Ermənistanda bu yeni dövrün mahiyyətini hələ də aydın dərk etmək iqtidarına malik siyasi elita yoxdur. Həm demoqrafik şərtlər, həm də geosiyasi reallıqlar, formalaşmaqda olan yeni dünya nizamı sabitliyin, sülhün və təhlükəsizliyin Ermənistan üçün həyati əhəmiyyət daşıdığını diktə edir. Məhz bu amillər pəncərəsindən baxdıqda bu gün Ermənistanın ən təhlükəli düşmənləri revanşist ideyalarla çıxış edənlərdir. Lakin təəssüf ki, hələ də bu ölkədə düşməni kənarda axtarmaq meyilləri daha güclüdür”.

Milli Məclisin deputatı hesab edir ki, Azərbaycan Prezidentinin müsahibəsində yalnız Ermənistana deyil, həm də regiondakı proseslərə müəyyən təsir imkanlarına malik ölkələrə də ciddi mesajlar var. Azərbaycan Cənubi Qafqazda sülh dövrünün başladığına dair aydın mesajlar verir: “ATƏT-in Minsk qrupunun perspektivi, sülhməramlıların fəaliyyəti barədə Prezidentin söylədiyi fikirlər, eyni zamanda, ərazi bütövlüyünün tanınması, sülh sazişinin imzalanması barədə vurğuladığı məqamlar Azərbaycanın beynəlxalq hüquqa və müasir dövrün çağırışlarına uyğun ardıcıl siyasət yürütdüyünü bir daha nümayiş etdirir. Azərbaycan regionda sülhün təmin olunmasına, bütün ölkələrlə qarşılıqlı etibara əsaslanan münasibətlərə tərəfdar olduğunu bəyan edir və digər dövlətlərdən də eyni münasibəti gözləyir”.

S.Məmmədov ölkəmizin iqtisadi və hərbi gücünü sürətlə artırdığını, işğaldan azad olunmuş ərazilərdə sürətlə bərpa-quruculuq işləri apardığını, beynəlxalq münasibətlər sistemində mövqelərini daha da möhkəmləndirdiyini vurğulayaraq qeyd edib ki, bütün bunlar milli təhlükəsizliyi gücləndirməyə və gələcək inkişafı təmin etməyə yönəlib. Bildirib ki, bu gün nəinki Azərbaycan-Ermənistan münasibətlərində, eləcə də Cənubi Qafqazla bağlı proseslərdə gündəliyi məhz bizim ölkəmiz müəyyən edir.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

11105 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-01-2022