Mobil versiya
DÜNYALAŞAN ŞAİR – Yaxud “Göylər adamı” Nəriman Həsənzadənin öz və söz dünyası
Tarix: 14-01-2022 | Saat: 14:00
Bölmə:Cəmiyyət | çapa göndər

DÜNYALAŞAN ŞAİR – Yaxud “Göylər adamı” Nəriman Həsənzadənin öz və söz dünyası

Azərbaycan poeziyasının şah damarlarından, sütunlarından biri də böyük şairimiz Nəriman Həsənzadədir. Nəriman müəllimin şeirlərində bir saflıq, təmizlik, duruluq var. Qəlbinin saflığı, təmizliyi yazdığı şeirlərində də açıq-aydın nəzərə çarpır.

Ədəbiyyata, böyük poeziya aləminə daxil olandan çətinliklərlə qarşılaşdı. Amma yenə də nikbinliyini qorudu. Yuxusuz gecələrin, əziyyətli günlərin bahasına poeziyada öz adını, Nəriman Həsənzadə imzasını təsdiqləyə bildi. Yazdığı əsərlərlə özünü sözün zirvəsinə yüksəltdi.

N.Həsənzadənin şeirlərindən Vətənə, anaya, ataya, həyat yoldaşına, övladlarına diqqət və qayğı görə bilərik. Həyat yoldaşı Sara xanımı çox sevir. Övladlarını qol-qanadı bilir. Çünki özü evin tək uşağı kimi böyümüşdü. Uşaqikən atasını itirən Nəriman müəllimi anası əziyyətlə boya-başa çatdırıb, ali təhsil verib. Amma nə yazıq ki, o vaxtlar Nəriman müəllimin üzünə tale gülməmişdi. 23 yaşında da anasını itirmişdi.

Nəriman Həsənzadənin həyatı həqiqətən də biz cavanlara örnək, nümunədi. O illəri kövrələrək xatırlayan Nəriman müəllim deyir: “Oğul, həyat yaxşılardan hali deyil. Allah nə yaxşı o vaxtı böyük yazıçımız, sözün əsl mənasında humanist insan Mir Cəlal müəllimi mənim qarşıma çıxartdı. Mir Cəlal müəllim mənə mənəvi atalıq elədi. İndinin özündə də o yaxşılığı oğlu, Aviasiya akademiyasının rektoru Arif müəllim Paşayevdən, Arif müəllimin qızı Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevadan görürəm. Şairə nə lazımdı bundan savayı?! Prezidentimiz İlham Əliyevdən, Birinci vitse-prezidentimiz Mehriban xanımdan diqqət, qayğı, sevgi, sayqı görürəm. Oxucu sevgisi də öz yerində. Gənclərimiz haçan məni görürlər, yeni şeirlər istəyirlər. Allaha çox şükürlər olsun ki, yazıb-yaratmağı məndən əskik etməyib”.



Bəli, Nəriman Həsənzadəni məhz bu sevgi, diqqət, qayğı 91 yaşa gətirib çıxarıb. Həm də ona görə ömrü uzundur ki, qəlbində kin, paxıllıq hissi yoxdur. Nəriman müəllim sanki “göylərin adamı”dır. Fikri, zikri, xəyalı, gözləri daim göylərdədir. Saatlarla gözlərini göylərə zilləyir, sanki göylərlə danışır. Elə bil ki, mənəvi rahatlığını dincliyini o zaman tapır.

N.Həsənzadə yaşının ahıl çağında da daim axtarışdadır. Ürəyi yazıb-yaratmaq eşqiylə döyünür. Bircə gün də qələmdən ayrıla bilmir. Sanki onun orqanizmi şeirlə, sözlə qidalanır. Necəki şeirlərinin birində deyir:

Çöllərəmi tapşırdın məni



Gözlədə-gözlədə qocaltdın məni,

Mən ki, yuxudaydım, ayıltdın məni.

Nə tutdun əlində, nə atdın məni,

Özgə əllərəmi tapşırdın məni?



Ətrimi gül aldı, çiçək apardı,

Üzümün rəngini bir rəng apardı.

Çağırdım, səsimi külək apardı,

Əsən yellərəmi tapşırdın məni?



Bu günü gözlədim, sabaha qaldı,

Sevincin axırı bir aha qaldı.

Yeganə ümidim Allaha qaldı,

Gələn illərəmi tapşırdın məni?



Dağlara çən düşdü, xəbər tutmadın,

Saçıma dən düşdü, xəbər tutmadın.

Ayrıldıq, gen düşdük, xəbər tutmadın,

Yaman dillərəmi tapşırdın məni?



Könlümü alanda, könlüm deyərdin,

Məni iyləyərdin, gülüm deyərdin,

Adımı deməzdin, Leylim deyərdin,

Məcnun, çöllərəmi tapşırdın məni?



Nəriman Həsənzadənin sevgi şeirləri cavanların dillərindən düşmür. Gənclər yarlarına sevgilərini izhar edəndə, bildirəndə, Nəriman müəllimin gözəl, sevgi şeirləriylə öz duyğularını bildirirlər. Elə, şairin ən böyük xoşbəxtliyi də elə budur ki, gənclər hələ də onun yaradıcılığını izləyirlər.

Nəriman müəllimin qələmindən çıxan şeirlər həmişə orijinallığını qoruyub saxlayır və saxlayacaqdır. Çünki şair şeirdə özüdüe, təbiidir. Özü necə, sakit insandısa, televiziyalarda verilişlər vasitəsiylə oxucuları, tamaşaçıları, sevənləri üçün şeirlərini də o cür sakit söyləyir, qiraət edir.



N.Həsənzadə həyat yoldaşı Sara xanımı vaxtsız itirib. O, ömür-gün yoldaşına da çox sayda şeirlər yazıb. Hətta "Kimin sualı var" poemasını da Sara xanıma həsr edib. Elə indinin özündə də həyat yoldaşına şeirlər yazır. Tez-tez övladları Xatirə xanımla, Nazim müəllimlə məzarını ziyarət edir. Xanımı haqqında yazdığı şeirlərin birində bu cür deyir:



Tək çəkə bilmirəm can əzabını,

Sənsiz ürəyimi əzir ayrılıq.

Mən zəngi basanda sən aç qapını,

Bəxtimə çıxıbsan, qarşıma sən çıx.



Sara xanımsız yaşamaq şairə çox əzab verir. Onsuz ürəyini ayrılıqlar əzir. Deyir ki, hardasan ay Sara xanım, bir vaxtlar bəxtimə sən çıxmışdın, evlənmişdik, indi işdən gəlib evin qapısının zəngin basanda nə yazıq ki, qapını sən üzümə açmırsan.

Şair həyat yoldaşı Sara xanım haqqında yazdığı başqa bir şeirində deyir:



Yetim bir uşaqdı kişi qadınsız,

Mən bir uşaq dedim... tək uşaq olmur.

Zaman qorxuludu, ömür vəfasız,

Dünyada tək qalıb yaşamaq olmur.



Göründüyü kimi, ailəyə, ömür-gün yoldaşına, övladlara, nəvələrə hədsiz bağlı insan olan Xalq şairi Nəriman Həsənzadə qadınsız kişini yetim uşağa bənzədir. Ömrü, həyatı vəfasız sanır. Tənha, yalqız dünyada tək qalıb yaşamağın heç də asan olmadığını dilə gətirir.

N.Həsənzadə övladlarını, nəvələrini, nəticələrini çox istəyir. Şahidi olmuşam ki, qızı Xatirə xanıma “anam”, oğlu Nazim bəyə “atam” deyə müraciət edir. Nəriman müəllimin qızına yazdığı bu şeirini oxuyanda kövrəlməmək mümkün deyil.



ÜRƏYİM ANANI İSTƏYİR, QIZIM



Ürəyim ananı istəyir, qızım,

sən yaşa dünyada qəmsiz, kədərsiz.

Bir səs qulağıma döz deyir, qızım,

Mən dözdüm,

yaş ötdü məndən xəbərsiz.



Qaşlarım qaradı, saçlarım ağdı,

təbiət şəklimi çəkir yenidən.

Hamı bu dünyada qocalacaqdı

amma tək qocalmaq dərd verir hərdən.



“Dağlar” deyə-deyə mən dağlaşmışam,

Hanı tale dostum,

ürəkdən gülən?!

Dünyada yaşayıb dünyalaşmışam,

dünyayla düz gəlmir daha mən deyən.



Daddım acısını şirin həyatın,

Hələ bu acıdan doyan olmayıb.

Qızım, qardaşınla sən olmasaydın,-

deyərdim, dünyada ana olmayıb.



Mən işdən çıxanda eybi yox,-dedim,-

dəyirman dünyadı, çarxa düşmüşəm.

Özümünkü bilib fəxr elədiyim,

arxadan vuranda arxa düşmüşəm.



Mən qisas almadım yaşadı düşmən,

ilhamda, sənətdə axırdaydılar.

Qisası aldım mən yalnız özümdən,-

böyüklər də gördüm, çox xırdaydılar,

ilhamda, sənətdə axırdaydılar.



Daha yaş artdıqca, səbrim azalır,

yaş yaşdı…

neyləsən yaş əyir, qızım.

Qadınsız-ata da anasız qalır,

ürəyim ananı istəyir, qızım.



Sonda Nəriman müəllimə söz ömrü, saz ömrü qədər uzun ömür arzu edirəm. Ömür-gün dostu Sara anamızın ruhu şad olsun! Oğlu, qızı, kürəkəni, gəlini, nəvələri, nəticələri həmişə sözünün işığına toplaşsınlar. Öz adını daşıyan balaca Nərimanın şad günlərini görsün. Amin!



Qələmə aldı: Fuad BİLƏSUVARLI

AYB və AJB üzvü, Prezident mükafatçısı

P.S. Mən də böyük şairimizin “Ehtiyacı var” adlı şeirinə ürək edərək bir nəzirə yazmışdım. Çox sevinirəm ki, Nəriman müəllim bu şeirimi bəyənmişdi. Ustadın mənə həmişə bir sözü var: "Şairi şair başa düşər"...

Nə yaxşı ki, Nəriman Həsənzadə kimi bizi gəncləri başa düşən müdrik şairimiz var. Daima var olun, Allahın nəzəri üzərinizdən əskik olmasın, ustad!



EHTİYACI VAR

Nəriman HƏSƏNZADƏ

İnsan cavanlıqda şərəf-şan gəzir,

Hər kəsin bir ada ehtiyacı var.

Elə ki, ağardı saçı-saqqalı,

Atanın övlada ehtiyacı var.



Tələsmə bir məqam düşsə əlinə,

İnanma dünyanın gəlhagəlinə.

Arvadın – uşağa, qıza, gəlinə,

Kişinin – arvada ehtiyacı var.



Yaş gəlib yetişir əlliyə, yüzə,

Ürək həssas olur əyriyə, düzə.

Qulağın bir səsə, gözün bir üzə,

Ağızın bir dada ehtiyacı var.



Zəmanə hikmətdi, mənası dərin,

Arxayın olma ki, istidi yerin.

Əlində bir qoşun, ortada Şirin,

Xosrovun Fərhada ehtiyacı var.



Böyüklər iş görüb, uşağam deyib,

Basılıb о kəs ki, qoçağam deyib.

Nəriman, çox qızma, ocağam deyib,

Ocağın bir oda ehtiyacı var...



***

Vətənin şeirə ehtiyacı var

Fuad BİLƏSUVARLI

Sən Nəriman baba dost, sirdaş kimi,

Daim yanımızda bir qardaş kimi.

Qapını döyürəm vətəndaş kimi,

Şairin şairə ehtiyacı var.



Elə 100 yaşda da əldə qələm yaz,

Hikmətli sözlərdən yenə kəlam yaz.

Bu gün səni sevir bütün aləm, yaz,

Vətənin şeirə ehtiyacı var.



Fikir dumanını dağıtmaq üçün,

Həsrətin anasın ağlatmaq üçün.

Canının ağrısın azaltmaq üçün,

Xəstənin də pirə ehtiyacı var.



Dərd olmasa şeir yazılmaz axı,

Eh, bizi hər naşı anlamaz axı.

Ay ustad, tək əldən səs çıxmaz axı,

Kamanın da tara ehtiyacı var.



Gözlərim yollarda, qaldım nigaran,

Çoxalıb içimdə sağalmaz yaram.

Qəlbimin evidi xərabə, viran,

Ürəyimin yara ehtiyacı var...



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024