AZ RU Mobil versiya
Deputat: “Şuşa İli” Azərbaycanın tarixinə möhtəşəm uğurlarla yazılacaq
Tarix: 13-01-2022 | Saat: 18:04
Bölmə:Siyasət | çapa göndər

Deputat: “Şuşa İli” Azərbaycanın tarixinə möhtəşəm uğurlarla yazılacaq

Prezident İlham Əliyevin Sərəncamı ilə 2022-ci ilin “Şuşa İli” elan edilməsi barədə qərar tarixi torpaqlarımıza qovuşmaqdan doğan qürurumuzun təntənəsi, eyni zamanda, Qarabağın tacı olan Şuşanın Azərbaycan xalqına məxsus olmasının göstəricisidir. Şuşanın işğaldan azad edildiyi günün - 8 noyabrın Zəfər Günü kimi təsis edilməsi də özündə bir çox məqamları ehtiva edir.

Bunu açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə söyləyib.

Deputatın sözlərinə görə, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəfələrlə Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə Şuşaya səfər etməsi dövlətimizin, xalqımızın bu müqəddəs şəhərə olan dərin sevgisinin təzahürüdür. Qarabağın tacı olan Şuşamız bizim üçün çox müqəddəsdir. Şuşa uğrunda gedən döyüşlər Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılıb, digər ölkələrin mütəxəssisləri tərəfindən tədqiq edilir, öyrənilir. Əsgər və zabitlərimiz sıldırım qayalarla dırmaşaraq bu müqəddəs torpağı azad edərək qəhrəmanlıq dastanı yazdılar. Bir sözlə, dünyaya səs salan Şuşa əməliyyatı bütün məqamları ilə öyrəniləcək, beynəlxalq ictimaiyyətə təqdim ediləcək. Qarabağı, Şuşanı işğaldan azad edən Azərbaycan Ordusuna, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarıq”.

C.Paşazadə qeyd edib ki, dövlətimizin başçısının yürütdüyü düşünülmüş siyasəti və qətiyyəti sayəsində xalqımızın torpaq həsrətinə son qoyuldu, işğaldan azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımızı dalğalandırmaqla bütün dünya azərbaycanlılarını qürurlandırdı. İşğaldan azad edildiyi gündən bu ərazilərimizə yeni nəfəs verildi, erməni vəhşiliklərinin, dağıntıların quruculuqla əvəzlənməsi üçün səylər göstərildi. Müasir idarəçilik sistemi ilk olaraq Şuşada yaradıldı. Qarabağın tacında Prezidentin xüsusi nümayəndəliyi fəaliyyət göstərir. Atılan hər bir addımda ümumi məqsəd Şuşanı əvvəlki simasına qaytarmaq, mədəniyyət paytaxtımız, musiqi beşiyimizdə illərin ənənələrini bərpa etməkdir.

Deputat diqqətə çatdırıb ki, Müzəffər Ali Baş Komandan Şuşanın işğaldan azad edilməsi müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırarkən “Əziz Şuşa, biz səni dirçəldəcəyik!” vədini verərək son bir ildən artıq dövr ərzində bunu əməli fəaliyyəti ilə təsdiqlədi. Sərəncamda da qeyd olunduğu kimi, Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Qısa müddət ərzində Şuşanın Baş planının hazırlanması, görkəmli şairimiz Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir. Şuşa sürətlə dirçələrək əvvəlki dolğun mədəni həyatına qovuşmaq yolundadır.

Onun sözlərinə görə, Şuşanın bərpası, tarixi simasının qaytarılması Qarabağın döyünən ürəyinin, regionun mədəniyyət mərkəzinin yenidən dirçəldilməsi demək olacaq. Bu, həm də milli qürurumuzun, mənliyimizin, mədəniyyətimizin, tariximizin bərpa edilməsi, yenidən yüksəliş mərhələsinə daxil olmasıdır.

İşğaldan azad edilmiş ərazilərə səfərlərin təşkil olunmasının əhəmiyyətindən bəhs edən C.Paşazadə diqqətə çatdırıb ki, ermənilərin törətdikləri dağıntıları öz gözləri ilə görən əcnəbi qonaqlar, o cümlədən xarici ölkələrin səfirləri və diplomatik korpusun nümayəndələri bu barədə öz ölkələrinin ictimaiyyətini məlumatlandırır, bu da haqq səsimizin dünyaya çatdırılması baxımından çox önəmlidir.

Vətən müharibəsindən sonra Azərbaycanın regionda yaratdığı reallıqlardan bəhs edən deputat deyib: “Yeni reallıqlar fonunda Zəngəzur dəhlizindən danışmamaq mümkün deyil. Zəngəzur dəhlizinin açılması ilə bölgə ölkələri arasında iqtisadi-ticari əlaqələr inkişaf edəcək. Azərbaycanın Naxçıvanla birbaşa əlaqəsi təmin olunacaq və Türkiyə bu dəhlizdən istifadə edərək əsas iqtisadi tərəfdaşlarından biri olan ölkəmizin əsas hissəsi ilə birbaşa quru yolu bağlanacaq. Şübhəsiz ki, bu da öz növbəsində ikitərəfli iqtisadi və turizm əlaqələrinin daha sürətli inkişafına şərait yaradacaq. Digər tərəfdən, Zəngəzur dəhlizi həm də Türkiyə üçün Orta Asiyaya ticarət qapısı rolunu oynayacaq və bu ölkənin türk dünyası ilə iqtisadi əlaqələrini gücləndirməsinə imkan verəcək. Bu isə bütün türk dünyasının birləşməsinə gətirib çıxaracaq. Düşünürəm ki, bu əlaqələr “Şuşa İli”ndə daha böyük önəm kəsb edəcək.

“Xalqımız əmindir ki, torpaqlarımızı işğaldan azad etdiyimiz kimi, qısa zamanda ərazilərimizin bərpasını da uğurla başa çatdıracağıq. “Şuşa İli” Azərbaycanın tarixinə möhtəşəm uğurlarla yazılacaq. Biz Şuşanı daha da inkişaf etdirəcəyik, Şuşamız daha da gözəl olacaq, dünyanın diqqətini cəlb edəcək. İnsanlar tezliklə öz yurd-yuvalarına qayıdacaq və firavan yaşayacaqlar”, - deyə deputat bildirib.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

977 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-01-2022