Mobil versiya
Təranə Rəcəbli: “Ermənistan ordusu tərəfindən törədilən heç bir təxribat cavabsız qalmayacaq”
Tarix: 13-01-2022 | Saat: 17:52
Bölmə:Siyasət | çapa göndər

Təranə Rəcəbli: “Ermənistan ordusu tərəfindən törədilən heç bir təxribat cavabsız qalmayacaq”

“Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına verdiyi müsahibəsində qeyd etdi ki, bu gün Azərbaycan Ermənistanda həm öz qüvvələri, həm də onların tərəfdaşlarının köməyi ilə bütün hərbi quruculuq cəhdlərini çox diqqətlə izləyir. Bu, əlbəttə ki, ölkəmizə qarşı, Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə, təhlükəsizliyinə qarşı yönələ biləcək hər hansı təhdidin vaxtında aşkarlanması və aradan qaldırılması baxımından vacibdir.”

Bu sözləri mətbuata açıqlamasında Sumqayıt Perinatal Mərkəzin baş həkimi, YAP Sumqayıt şəhər təşkilatının İdarə Heyətinin üzvü, əməkdar həkim Təranə Rəcəbli deyib.

Hakim partiya təmsilçisi qeyd edib ki, Ermənistanın hələ də Azərbaycana qarşı revanşist planlardan əl çəkməməsi təəssüf doğuran hal olmaqla yanaşı, eyni zamanda da ölkəmizdə ordu quruculuğu işinin davam etdirilməsinin vacibliyini təsdiqləyən əsas faktorlardan biri kimi çıxış edir: “Azərbaycan bu gün artıq öz ərazi bütövlüyünü tam bərpa etmişdir. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində tarixi Qələbəyə imza atan Azərbaycan artıq Cənubi Qafqazda yeni reallıqlar yaradıb. Bütün bu proseslərin fonunda Ermənistanın hələ də öz təxribatlarından əl çəkə bilməməsi əlbəttə ki, təəssüf və heyrət doğurur. Dövlətimizin başçısı dəfələrlə çox aydın və net şəkildə bəyan edib: “Əgər biz görsək ki, xalqımızın, dövlətimizin təhlükəsizliyinə zərrə qədər təhlükə var, dərhal düşməni yerindəcə məhv edəcəyik.” Buna heç kim artıq nə şübhə edə, nə də əngəl ola bilməz. O cümlədən, son günlər ərzində Azərbaycan-Ermənistan sərhədi ərazisində Ermənistan ordusu tərəfindən törədilmiş təxribat da təbii ki, cavabsız qalmamalı idi və qalmadı. Buna görə də Azərbaycanda ordu quruculuğu bundan sonra da bütün tələb olunan istiqamətlərdə davam etdiriləcək, Silahlı Qüvvələrimiz İkinci Qarabağ müharibəsi dövründə nümayiş etdirildiyindən daha güclü olacaq və bu güc Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsi işinə xidmət edəcək. Bunu zəruri tələb kimi ortaya çıxaran bir çox amillər vardır. İlk növbədə əlbəttə ki, hazırda erməni cəmiyyətində müşahidə olunan güclü revanşist əhval-ruhiyyəsidir. Təəssaflər olsun ki, bu əhval-ruhiyyə təkcə emosional səviyyədə özünü büruzə vermir. Ermənistan hələ də Azərbaycanla sərhəddə ara-sıra təxribatlara yol verir. Öz növbəsində Azərbaycan bu təxribatlara layiqincə cavab verir və Ermənistanda hər kəs bilməlidir ki, heç bir Azərbaycan hərbçisinin, heç bir Azərbaycan vətəndaşının qanı yerdə qalmayacaq. İkinci bir tərəfdən müharibə dövründə Azərbaycan çoxlu sayda döyüş sursatından istifadə edib və indi onları bərpa etmək lazımdır. Prezident İlham Əliyev də öz müsahibəsində bildirdi ki, bağlanmış yeni kontraktlar ölkəmiz üçün bunu təmin edir. Artıq silah və sursat tədarükü gedir. Daha bir məqam müxtəlif xarakterli müasir silah sistemlərinin alınması ilə bağlıdır. Hərbi texnologiyalar durmadan inkişaf edir və Azərbaycanın hər zaman ən müasir texnologiyalara sahib olması çox vacib amildir. Buna görə də ölkə rəhbərliyi bu məsələyə həmişə böyük əhəmiyyət verib.”

Daha sonra Təranə Rəcəbli deyib ki, Prezident İlham Əliyevin Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinə dair verdiyi açıqlamalar da ölkəmizin getdikcə artan beynəlxalq nüfuzunu nümayiş etdirən amil kimi xüsusi önəm kəsb edir: “Məlum olduğu kimi, ötən ilin iyul ayında Avropa İttifaqının Prezidenti Azərbaycana gəlmişdi. Dekabr ayında isə Azərbaycan Prezidenti cənab İlham Əiyev Brüsseldə üçtərəfli görüşdə iştirak etdi. Əlbəttə ki, bu səfərlər Bakı-Brüssel əlaqələrinin perspektivini müəyyən edə biləcək hadisələr kimi qiymətləndirilə bilər. Öz müsahibəsində bu perspektivləri müsbət qiymətləndirdiyini vurğulayan dövlətimizin başçısı hər iki səfərin önəmini qeyd etdi. Ümumiyyətlə, birmənalı olaraq vurğulamaq lazımdır ki, Prezident İlham Əliyevin Avropa İttifaqı ilə münasibətlərin qurulması və inkişaf etdirilməsi istiqamətində siyasəti hər zaman realist mövqelərə istinad edib. Azərbaycana Avropa ilə daha yaxın əlaqələr, Avropaya isə onun sərhədlərində vəziyyətin sabitliyi maraqlıdır. Öz müsahibəsində Prezident İlham Əliyev bildirdi ki, Aİ prezidenti cənab Şarl Mişellə görüşlər əsnasında onlar bu gündəliyi formalaşdıra biliblər və tezliklə yeni sazişi də tamamilə razılaşdırılacaqdır. Çünki hazırda sazişin təqribən 90-92 faizi razılaşdırılıb. Diqqətəlayiq haldır ki, hazırda Azərbaycan artıq 9 Avropa ölkəsi ilə strateji tərəfdaşdır. Ölkələrimiz enerji təhlükəsizliyi baxımından fəal əməkdaşlıq edir. Xüsusilə bu gün Avropada qaz böhranının yaşandığı şəraitdə həmin ölkələrdə Azərbaycan qazına böyük ehtiyac var. İndi artıq bu, açıq mətbuata da çıxır. Azərbaycan isə etibarlı təchizatçıdır. Uzun illər ərzində neft təchizatçısı olaraq etibarlı tərəfdaş kimi rol oynayıb, o cümlədən Avropa üçün qaz təchizatçısı kimi. Həmçinin Avropa ölkələrinin Azərbaycanın nəqliyyat imkanlarına böyük marağı vardır. Azərbaycan hazlrda ən müasir nəqliyyat infrastrukturuna sahibdir. Bundan başqa, dövlət başçımızın dediyi kimi, indi Azərbaycanın Avropa tərəfdaşları ilə kosmik sahədə yeni əməkdaşlıq formatı yaradılır. Bu da çox müsbət haldır. Biz, əlbəttə ki, texnologiyaların Azərbaycana gətirilməsində maraqlıyıq. Biz bu texnologiyaları Avropadan alırıq, Avropa isə bizim enerji resurslarımızı alır. Yəni, burada qarşılıqlı maraqlar uzlaşır. Əminliklə demək olar ki, Avropa İttifaqı ilə əlaqələr bundan sonra da uğurla davam etdiriləcək.”

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024