Mobil versiya
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə son dərəcə əhəmiyyətli işlər görülüb
Tarix: 13-01-2022 | Saat: 17:33
Bölmə:Karusel / Siyasət | çapa göndər

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə son dərəcə əhəmiyyətli işlər görülüb

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi dərin məzmunlu müsahibəsi ictimaiyyət tərəfindən maraqla qarşılandı. Dövlətimizin başçısının jurnalistlərin keçən il ərzində ölkənin siyasi, hərbi, sosial-iqtisadi sahələrində görülən işlər barədə suallara hesabat xarakterli cavablarında qarşıdakı yeni mərhələdə nəzərdə tutulan vəzifələr aydın, dərin təhlil edilir, reallaşdırılacaq layihələrin dəqiq konturları nəzərə çatdırılır.

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.

Deputat bildirib ki, dövlətimizin başçısı keçən il əldə edilən iqtisadi nailiyyətlər haqqında danışarkən, qeyd etdiyi müsbət göstəricilər müharibədən çıxmış bir dövlətin olduqca qüdrətli olmasından xəbər verir. Eyni zamanda, bu uğuru uzaqgörənliklə düşünülən iqtisadi strategiya, islahatların ardıcıl xarakter daşıması şərtləndirir.

Elə bunun məntiqi nəticəsidir ki, dünyanı ən ciddi narahatlığı sayılan pandemiyanın yaratdığı qlobal problemlərin, maliyyə-iqtisadi çətinliklərin fonunda Azərbaycan qarşıya qoyulan bütün planlarını gerçəkləşdirir, sosial-iqtisadi layihələri reallaşdırır, həmçinin real iqtisadi və sənaye artımına nail olur.

Erməni faşizminin yerlə-yeksan etdiyi Qarabağda Azərbaycan dövləti öz hesabına sürətli, genişmiqyaslı bərpa-quruculuq tədbirləri həyata keçirir.

Burada onu da qeyd edim ki, əslində, bu yüksək iqtisadi-maliyyə imkanları hesabına Azərbaycan hazırda dünyada, həm də nüfuzlu sosial dövlət kimi tanınır. Əhalinin sosial rifah halının, maddi güzəranının daha da yaxşılaşdırılması, gücləndirilməsi ilə bağlı dövlətimizin başçısı tərəfindən davamlı sosial paketlər reallaşdırılır. Bununla bərabər, müharibədən tarixi Zəfərlə çıxan ölkəmizdə şəhid ailələrinə, müharibə əlillərinə böyük qayğı və diqqət göstərilir. Prezident İlham Əliyevin müsahibədə vurğuladığı kimi, Azərbaycan dünya miqyasında öz modelini ortaya qoyur: “Çünki dünyada bir çox ölkələr müharibə şəraitində olublar. O ölkələrin təcrübəsini biz bilirik, öyrənirik. Görürük ki, Azərbaycanda şəhid ailələrinə, qazilərə və müharibədən əziyyət çəkmiş insanlara göstərilən diqqət doğrudan da nümunəvi sayıla bilər. Çünki elə təşəbbüslər irəli sürülür ki, başqa ölkələrdə biz buna rast gəlmirik. Misal üçün, şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən mənzillərin verilməsi. Bu, bizim təşəbbüsümüz idi. Bu günə qədər bu kateqoriyadan olan 10 minə yaxın insan mənzillərlə təmin edilib. Minik avtomobilləri verilir, 7400 avtomobil verilib...”.

Azərbaycan bu genişmiqyaslı layihələri reallaşdırmaqla bərabər, işğaldan azad olunan ərazilərdə bərpa-quruculuq tədbirlərini də uğurla həyata keçirir. Dövlətimizin başçısı müsahibədə bu önəmli məsələyə diqqət yönəldərək, keçən il çox böyük proqram icra edilməyə başlandığını, bu proqramın heç kimdən yardım istəmədən və almadan daxili vəsaitimiz hesabına həyata keçirildiyini bildirib. Ölkə rəhbəri, həmçinin bərpa prosesində minalardan təmizləmə işlərinə xüsusi diqqət yetirildiyini xatırladıb. Əlbəttə, bu, təsadüfi deyil. Çünki düşməndən təmizlənən torpaqları minalardan təmizləmədən infrastrukturun qurulması qeyri-mümkündür. Ona görə də minatəmizləmə sürətlə aparılmaqla paralel elektrik xətlərinin çəkilməsi, yolların salınması həyata keçirilib. Artıq Bərdə-Ağdam, həmçinin Horadiz-Ağbənd-Zəngəzur dəhlizinin bir parçası olan dəmir yolunun inşasına başlanılıb. Şuşa, Ağdam, Füzuli, Zəngilan və digər ərazilərdə genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb.

Prezident İlham Əliyev müsahibədə bir sıra digər məsələlərlə yanaşı, koronavirusla mübarizədə Azərbaycanın fəaliyyəti barədə də fikirlərini diqqətə çatdırıb. Dövlətimizin başçısı bu sahədə görülən tədbirlərin səmərəliliyindən danışarkən, Azərbaycanın bu çətin sınaqdan şərəflə çıxan, MDB məkanında vaksinasiyaya birinci start verən, vaksinlərin gətirilməsini xüsusi diqqətdə saxlayan ölkələrdən olduğunu bildirib. Ölkə rəhbəri, eyni zamanda, respublikada COVID xəstələrinin müalicəsi üçün ilk günlərdən əlverişli şəraitin yaradılmasının diqqət mərkəzində saxlanıldığını, ölkəmizə modul tipli xəstəxanaların gətirildiyini və hazırda bu tipli 46 tibb müəssisəsinin fəaliyyət göstərdiyini vurğulayaraq, hazırda pandemiya ilə mübarizəni belə xarakterizə edib: “Vaksinasiya ilə bağlı son məlumata görə, 18 yaşdan yuxarı olan əhalinin haradasa 64 faizi artıq iki dozu alıb, ümumi əhali daha az. Eyni zamanda, “buster” dozasını 1 milyon 500 mindən çox adam alıb, o cümlədən də mən. Mən bunu ilk dəfə deyirəm. Mən üçüncü dəfə vaksin almışam və hər kəsə bunu məsləhət görürəm”.

Prezident İlham Əliyev müsahibədə Azərbaycan əhalisinin xəstəliklə mübarizədə də özünü çox məsuliyyətlə, nümunəvi apardığını, ölkədə hər hansı bir anti-COVID meyillərinin, anti-COVID kampaniyalarının nəzərə çarpmadığını, insanların könüllü şəkildə peyvənd almalarını da vurğulayıb. Çünki artıq əksəriyyət bu amilin xəstəlikdən qorunmada mühüm önəm daşıdığını yaxşı bilir: “Mənim tanıdığım bir çox insan var ki, onlar vaksinasiyadan keçiblər, sonra yoluxublar və əsasən çox yüngül keçib. Hətta mən “omikron”a yoluxmuş insanları tanıyıram ki, 5-6 günə heç bir ciddi simptom olmadan sağalırlar. Görünür ki, “omikron” daha zəif virusdur. Mən düzü, mütəxəssis deyiləm, bu haqda belə geniş fikir söyləmək istəmirəm. Amma müşahidələrim onu göstərir ki, bu, daha yoluxucudur, amma fəsadları daha azdır”.

Bütün bunlar ölkəmizdə səhiyyə sisteminin inkişafının, bu sahənin maddi-texniki bazasının, infrastrukturun yenilənməsinin prioritet məsələlərdən olduğunu və buna dövlətimizin başçısı tərəfindən mühüm önəm verildiyini göstərir. Cənab Prezidentin də müsahibədə vurğuladığı kimi, pandemiyanın ilk günlərindən qəbul edilən qərarlar hazırda da vəziyyətin tam nəzarətdə saxlanılmasına imkan verir. Ölkə rəhbərinin səyi və nüfuzu sayəsində bütün platformalarda hazırlanan vaksinlərin respublikaya gətirilməsi uğurla həllini tapır. Hazırda “buster” dozası ilə aktiv şəkildə peyvəndlənmə prosesi də bunun bariz ifadəsidir. Beləliklə, dövlətimizin vətəndaşının sağlamlığı istiqamətində atdığı mütərəqqi addımlar təqdirəlayiqdir.

Rəşad Mahmudov sonda bildirib ki, ölkə başçısının rəhbərliyi ilə ordumuzun qüdrətinin artırılması istiqamətində son dərəcə əhəmiyyətli işlər görülüb və görülməkdə davam edir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi sülh müqaviləsinin baş tutub, tutmamasından asılı olmayaraq Azərbaycan öz hərbi gücünü artırmaq niyyətindədir. Bu niyyət yalnız ölkəmizin ərazi bütövlüyünü qorumağa xidmət edir. Təhdid olduğu təqdirdə, düşmən qarşısında Müzəffər Ali Baş Komandanı və məğlubedilməz, dünyaya səs salan Azərbaycan Ordusunu görəcək!

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024