Mobil versiya
Bakıda 2500 manata ağac satılır
Tarix: 07-05-2016 | Saat: 19:50
Bölmə:Media | çapa göndər

Bakıda 2500 manata ağac satılır






Binəqədi rayonuna gedən avtobusun pəncərəsindən həmişə yol kənarında cürbəcür ağaclar satılan kiçik yaşıllıq görünür. Hər fəsildə burada mütləq yaşıllıq gözə dəyir. Yaz-yay fəsillərində mənzərə bir az da qəşəngləşir və hər rəngdə çiçək gözə dəyir.

Satıcı Zaur Rəhmətov deyir ki, elə alıcılar da bu fəsildə daha çox olur:

“Alıcılar güllərin, demək olar ki, hamısını alırlar. Dəqiq deyə bilmərəm ki, sırf bu gül daha çox alınır. Həm də yaz fəsli gəldiyindən maraq çoxdur”.

Güllərin yetişməyinə gəlincə isə, satıcıdan öyrənirik ki, hazır aldıqları da var, özlərinin yetişdiridiyi də:

“Ən çox Türkiyə, İtaliya, Hollandiyadan güllər gətirilir. Orada gül toxumu və gül yetişdirən şirkətlər var, gedib mal alıb gəlirik. Bəzilərini toxum kimi alıb burada yetişdiririk, bəzilərini isə yetişmiş alırıq. Toxumların qiyməti 2 manatdır. Yetişdiridiyimiz gülləri 1-5 manat arası qiymətə satırıq. Amma hazır alınan dekorativ ağacların qiyməti bir az bahadır və hər biri üçün fərqlidir”.



Satışda təkcə gül və dekorativ ağac yox, həm də gül dibçəklərini qoymaq üçün konstruksiyalar da var ki, qiyməti 100-120 manat arasıdır. Satıcı deyir ki, hazırlandığı material və formasına görə qiyməti dəyişir:

“Məsələn, dəmir bir az bahalıdır. Yaxud da sifariş verilən formada əyrilər çoxdursa, bu da işi çətinləşdirdiyinə görə qiyməti baha olur”.

Burada alıcılar istədikləri məsləhəti də ala bilərlər: “Gül almağa gələnlərə hər birinin qulluğu barədə məlumat veririk, nə vaxt, necə sulamaq lazımdır, hansı şəraitdə yetişməlidir və s. Məsələn, bu orxideyadır, onu indi palıd qabığının içərisində qoymuşuq, orada yetişir. İtaliyadan gətirilib”.

Ayrı-ayrı toxumlardan yetişdirilən xırda dibçək gülləri 1-2 manata satılır. Bəziləri isə 4-5 manatdır. Bunların əksəriyyətinin toxumu Türkiyədən gətirilir və burada yetişdirilib satılır. Bir çoxu isə çöl şəraitində, həyətdə əkmək üçündür.

Həm reportaj, həm ticarət deyib, mən də xırda dibçəkdə “Verbena” alıram. Bu vaxt isə satıcı bizi “Geran” gülü ilə tanış edir. Bunun da toxumu Türkiyədən gətirilib. Satıcının sözlərinə görə, bu güllər Görədildə onlara məxsus sahədə yetişdirilir və burada satılır.




Elə bu vaxt müştəri yaxınlaşıb həmin gülün ətirşah olub-olmadığı ilə maraqlanır. Hətta ətirşah olduğu barədə israr edir. Satıcı isə onların fərqini izah edib, “Kazanya” barədə danışır:

“Bunlar gündüzlər açır, axşam yenə yığılıb qönçə olur”.

Satışda təkcə dibçək gülləri satılmır. Bağ evləri üçün kifayət qədər dekorativ ağaclar da var. Dekorativ ağacların hamısı xaricdən yetişmiş halda gətirilir və qiymətləri də ölçülərinə görə dəyişir. Bir sözlə, burada 60 manata da ağac tapmaq olar, 2 min 500 manata da.

“İliks” 2500 manata satılır. Ağacın təxminən 10 yaşı var və ildə 3 santimetr böyüyür. Buradakı dəfnə ağacı isə İtaliyadan gətirilib və calaq olanın qiyməti 180 manatdır. Calaq olmayan isə 250 manata satılır. İtaliyadan gətirilən kokos ağacı isə 260 manata satılır. Drasena nisbətən ucuz – 60 manatadır”, – deyə satıcı məlumat verir.

Fatimə Kərimli



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024