Mobil versiya
Fəxrəddin Eyvazov: “Prezident İlham Əliyevin siyasət kursu Azərbaycanı bundan sonra daha böyük qələbələrə çatdıracaq”
Tarix: 23-12-2021 | Saat: 16:22
Bölmə:Seçki 2024 | çapa göndər

Fəxrəddin Eyvazov: “Prezident İlham Əliyevin siyasət kursu Azərbaycanı bundan sonra daha böyük qələbələrə çatdıracaq”


2003-cü ildən bəri keçən dövr Azərbaycanda bütün istiqamətlərdə dinamik inkişaf, ölkəmizin bölgədə və dünyada mövqelərinin güclənməsi ilə xarakterizə oluna bilər. Bütün bu illər ərzində Ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırıb, ölkəmiz dünyada nüfuzunu artıraraq beynəlxalq müstəvidə layiqli yerini möhkəmləndirib. Ən əsası da Azərbaycan Ali Baş Komandanın rəhbərliyi ilə özünün ərazi bütövlüyünü təmin etməklə möhtəşəm tarixi Qələbəyə imza atıb.


İlk növbədə qeyd olunmalıdır ki, 2003-2021-ci illər ərzində Azərbaycanın Regionlarının İqtisadi İnkişafına dair qəbul olunmuş Dövlət Proqramları çərçivəsində hәyata keçirilәn fəaliyyət sayəsində uğurlu nәticәlәr əldə olunub. Regionlarda quruculuq-abadlıq işləri geniş vüsət alıb, müasir texnologiyalara əsaslanan yeni istehsal və xidmət müəssisələri, sosial infrastruktur obyektləri açılıb, əhalinin məşğulluq səviyyəsi artıb. Regionlarda aqrar sahəyə dövlət tərəfindən göstərilən dəstək tədbirləri gücləndirilib, rəqabətqabiliyyətli məhsul istehsalının artırılmasına xüsusi əhəmiyyət verilib. Ölkədə biznes mühitinin daha da yaxşılaşdırılmasının bir istiqaməti kimi sahibkarlığın inkişafına mühüm önəm verilib, sahibkarlara göstərilən elektron xidmətlərin əhatə dairəsi genişləndirilib. Güzəştli kreditlər hesabına investisiya layihələri maliyyələşdirilib və kiçik sahibkarlığın daha da inkişafı üçün müvafiq tədbirlər görülüb. Bütün bu və digər tədbirlər nəticəsində Azərbaycan güclü iqtisadiyyata malik olan bir ölkəyə çevrilib.


Ölkə Prezidenti cənab İlham Əliyevin apardığı xarici siyasət kursu Azərbaycanın milli maraqlarına xidmət etməklə, müstəqil fəaliyyəti və müstəqil xətti özündə əks etdirir. Bu gün dünyanın bütün ölkələrinin təsnifatını versək, onların heç də hamısının bu və ya digər məsələlərin həllində müstəqil olmadığını görə bilərik. Elə ölkələr var ki, ücüncü bir ölkənin və yaxud güc mərkəzinin təsiri altındadır və həmin güc mərkəzlərinin verdikləri tapşırıqları sözsüz yerinə yetirməkdədir. Bu ölkələrdən tamamilə fərqli olaraq dövlətimiz bütün sahələr üzrə, o cümlədən beynəlxalq sahədə müstəqil siyasət həyata keçirir. Əlbəttə ki, bu müstəqillik Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsində ən vacib amillərdən biri oldu. Eyni zamanda da ölkənin iqtisadi qüdrəti güclü ordu quruculuğu üçün zəruri əlverişli şərait yaratdı.


Məlumdur ki, 1993-cü ildə xalqın tələbi ilə Azərbaycanda yenidən hakimiyyətə gəlmiş Ulu Öndər Heydər Əliyev artıq o zamandan ordu quluculuğu işinə başlamışdı. Bu vacib işi son 18 il ərzində böyük uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev isə Silahlı Qüvvələrimizin artıq həm kəmiyyət, həm də keyfiyyətcə komplektləşməsini daha da gücləndirdi və bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer alıb. Bütün bu illər ərzində Ali Baş Komandanımız ordu quruculuğu məsələlərini daim diqqət mərkəzində saxladı. Möhtərəm Prezidentimiz hər zaman öz çıxışlarında ölkəmizin ərazi bütövlüynün bərpa edilməsində, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ordunun üzərinə mühüm vəzifələr düşdüyünü bildirirdi. Hətta ən mötəbər beynəlxalq təşkilatların, nüfuzlu dövlətlərin əks fikirlərinə rəğmən Ali Baş Komandan cənab İlham Əliyev hər zaman deyirdi ki, münaqişənin hərbi yolla da həll variantı var və lazım gələrsə Azərbaycan bu yoldan istifadə etmək hüququnu özündə saxlayır. Bu gün də Azərbaycan məhz bu hüququndan istifadə etdi.


İkinci bir tərəfdən isə nəzərə alınmalıdır ki, müasir dövrdə müharibələr yalnız hərb müstəvisində aparılmır. Müharibə eyni zamanda, iqtisadi, siyasi, ideoloji sahələri də əhatə edir. Az öncə də qeyd etdiyimiz kimi, Azərbaycanın iqtisadi gücünü durmadan artırmaqla ötən illər ərzində Ermənistanı beynəlxalq hüquq normalarına əsaslanan tənzimləmə variantına məcbur etməyə çalışdı. Müəyyən dövlətlər Ermənistanın iqtisadi blokadadan çıxarılması yönümündə addımlar atmağa çalışsalar da, Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurlu diplomatiyası nəticəsində bu cəhdlər bir nəticə vermədi. Həmçinin Vətən müharibəsinin gedişi zamanı bir çox xarici qüvvələr tərəfindən Azərbaycana təzyiqlərə cəhd göstərildi. Lakin Azərbaycan Prezidenti siyasi-diplomatik müstəvidə də son dərəcə uğurlu gedişlər edərək bütün bu cəhdlərin nəticəsini heçə endirdi.


Son 30 il ərzində münaqişənin sülh yolu ilə həlli üçün bütün imkanları sınayan Azərbaycan 2020-ci il sentyabr ayının 27-də nəhayət düşməni sülhə məcburetmə əməliyyatlarına başlamalı oldu. Cəmi 44 gün ərzində ermənilər 5 ilə işğal etdikləri və 30 il ərzində möhkəmləndikləri torpaqlardan qovulub çıxarıldılar. Artıq noyabr ayının 10-da Paşinyan faktiki olaraq Ermənistanın kapitulyasiya aktı olan üçtərəfli bəyanatı imzalamaq məcburiyyətində qaldı. Azərbaycan bütün Cənubi Qafqazda yeni reallıqlar yaratmaqla özünün yeni tarixinin ilk və ən şərəfli səhifəsini yazdı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev 18 il bundan əvvəl dövlətimizin idarəçilik sükanını öz əllərinə götürdüyü zaman xalqa verdiyi vədinə əməl etdi. Möhtərəm dövlət başçımız o zaman demişdi ki, Azərbaycan öz torpaqlarını azad edəcək və lazım gələrsə biz bunu müharibə yolu ilə edəcəyik! Bu tarixi Qələbə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətinin möhtəşəm təntənəsi oldu! Müzəffər Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə əsrlər boyu, harada yaşamasından asılı olmayaraq, bütün dünya azərbaycanlılarının qəlbində ən əzəmətli hadisə kimi əbədi yaşayacaqdır! Bu Qələbə xalqımızın milli qürurunda 30 il ərzində özünə yer etmiş qara ləkəni birdəfəlik silərək başımızı ucaltdı!

Bu gün bütün xalqımız əmindir ki, müstəqil Azərbaycanımızı bundan sonra daha böyük nailiyyətlər və möhtəşəm qələbələr gözləyir. Ölkə Prezidenti cənab İlham Əliyevin siyasi müdrikliyi, polad iradəsi, Vətənə, xalqa olan sonsuz məhəbbəti bütün bunların rəhnidir!

Fəxrəddin Eyvazov,
YAP Masallı rayon təşkilatının Aparat rəhbəri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024