Mobil versiya
Asudə Cəfərova: “Prezident İlham Əliyevin xarici siyasəti Azərbaycanın beynəlxalq nüfuzunu yüksəklərə qaldırıb”
Tarix: 23-12-2021 | Saat: 11:00
Bölmə:Seçki 2024 | çapa göndər

Asudə Cəfərova: “Prezident İlham Əliyevin xarici siyasəti Azərbaycanın beynəlxalq nüfuzunu yüksəklərə qaldırıb”

Azərbaycan xalqının 1993-cü ildə olduğu kimi, 2003-cü ildə də ən doğru seçim etdiyini tarix özü bu günkü qələbələrimizlə isbatlayıb. Prezident İlham Əliyev 2003-cü il oktyabrın 31-də dövlət başçısı kimi ilk dəfə and içdi və həmin gündən başlayaraq ölkədə mükəmməl bir sosial-iqtisadi inkişafa start verildi. “Mən hər bir azərbaycanlının Prezidenti olacağam”, - deyən möhtərəm dövlət başçımız ən qısa zamanda həmin tezisin reallaşmasına nail oldu. Tezliklə ölkənin yeni rəhbəri ümumxalq etimadı qazandı. Əfv fərmanları və amnistiya aktları, insan hüquqlarının daha geniş şəkildə qorunması, seçki təcrübəsinin təkmilləşdirilməsi və digər addımlar Prezident İlham Əliyevin siyasi fəaliyyətinin əsas qayəsini təşkil edirdi. Azərbaycan Prezidenti İlham Əliyev imzaladığı bir sıra fərman və sərəncamlarla sübut etdi ki, bu istiqamətdə aydın, geniş və ölçülüb-biçilmiş fəaliyyət proqramına malikdir. Bu proqrama uyğun olaraq ilk növbədə əhalinin sosial durumu diqqət mərkəzində saxlanıldı, minimum əmək haqqı və pensiyalar artırıldı, ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun yüksəldilməsi, mövqelərinin möhkəmləndirilməsi, əlaqələrinin daha da genişləndirilməsi istiqamətində qətiyyətli addımlar atıldı. Azərbaycanın sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin əsası məhz 2003-cü ildən qoyuldu. İqtisadi strategiyanın yeni prioritetləri və inkişaf perspektivləri müəyyən edildi. Ölkədə sosial-iqtisadi tərəqqinin davamlı dinamikasını təmin etmək üçün qeyri-neft sektorunun sürətlə inkişaf etdirilməsi, infrastruktur obyektlərinin beynəlxalq standartlara uyğun şəkildə yenidən qurulması əsas vəzifə kimi qarşıya qoyuldu.

Bu gün artıq hər kəs bilir ki, Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəmiz 2003-2020-ci illər ərzində Prezident İlham Əliyev tərəfindən həyata keçirilmiş çoxşaxəli hazırlıq işləri sayəsində təmin edildi. Azərbaycanın güclü bir dövlətə çevrilməsinə və nəticə etibarı ilə öz ərazi bütövlüyünü bərpa etməsinə zəmin yaratmış ən önəmli faktor məhz ölkəmizdə xüsusilə müharibəyə qədər keçmiş 17 ildə müşahidə olunan dinamik iqtisadi inkişaf amilidir. Ölkə Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, bu illər ölkəmiz üçün zəruri və vacib bir hazırlıq dövrü idi. Bütün bu dövr ərzində Azərbaycan Prezidenti cənab İlham Əliyev daima deyirdi ki, sülh yolu ilə torpaqlarımız geri qayıtmasa, müharibə yolu ilə biz bu məsələni həll edəcəyik. Bütün xarici təzyiqlərə, ittihamlara baxmayaraq Azərbaycanın dövlət başçısı bu haqlı mövqeyindən heç zaman bir addım belə olsun geri çəkilmədi. Az qala bütün dünya deyirdi ki, münaqişənin hərbi həlli yoxdur. Hətta beynəlxalq təşkilatlar çalışırdılar ki, Ermənistan ilə hər hansı bir formada bir protokol imzalansın ki, ancaq məsələ sülh yolu ilə həll olunsun. Yəni, hərbi yol istisna edilsin. Yalnız Prezident İlham Əliyevin siyasi iradəsi buna yol vermədi. 17 il ərzində dövlətimizin başçısı bütün çıxışlarında, beynəlxalq müstəvidə keçirilən bütün tədbirlərdə bu məsələni dilə gətirdi, mövcud münaqişəni diqqət mərkəzinə çəkdi. Görülən tədbirlər sayəsində ilk növbədə daxili sabitlik təmin edildi, xalq-iqtidar birliyinə nail olundu. Daha sonra ölkənin iqtisadi inkişafı təmin edildi. Eyni zamanda həyata keçirilən düzgün xarici siyasət hesabına beynəlxalq vəziyyət bizim xeyrimizə çevrildi. Bütün bunlarla yanaşı isə münaqişənin həlli üçün ən mühüm olan sahədə, ordu quruculuğunda möhtəşəm hazırlıq işləri həyata keçirildi. Sonda bütün bu hazırlıqlar sayəsində bizim qürur mənbəyimiz, Vətən müharibəsində tarixi Qələbəmiz əldə olundu. Bu, həqiqətən də əsl tarixi nailiyyətdir. Xalqımızın çoxəsrlik tarixində buna bənzər parlaq Qələbə hələ əldə olunmamışdı. Azərbaycan xalqı, Azərbaycan Ordusu öz Prezidentinin və Ali Baş Komandanının ətrafında bir Dəmir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirdi, düşməni məğlub etdi, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Noyabr ayının 10-da imzalanmış üçtərəfli Bəyannamə ilə təkcə Qarabağ münaqişəsinə deyil, ümumiyyətlə Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılması ilə bağlı bütün arzu və planlara birdəfəlik son qoyuldu. Bir vaxtlar mövcud olmuş Dağlıq Qarabağ üçün ermənilər və onların havadarları tərəfindən ölkəmizə qarşı tələb kimi irəli sürülən status iddiaları tarixin zibilliyinə atıldı.

Bu gün işğaldan azad edilmiş ərazilərində möhtəşəm quruculuq işləri aparan Azərbaycan Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə durmadan inkişaf edir, getdikcə daha da güclənir. O cümlədən bu gün ölkəmizdə dinamik inkişafın müşahidə olunduğu istiqamətlərdən biri də təhsil sahəsidir. Son 18 ildə Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, respublikanın hər yerində məktəb tikintisinin geniş vüsət alması bu günümüzün reallıqlarıdır. Məhz bu illər ərzində dövlət başçısının Azərbaycanın müasirləşdirilməsi siyasətinin tərkib hissəsi olaraq təhsil sahəsində də ciddi islahatlar həyata keçirilib. Respublikanın dövlət büdcəsində təhsil sahəsinə ayrılan xərclər ilbəil artır. Təkcə onu vurğulamaq kifayətdir ki, bu dövrdə Prezident İlham Əliyevin təşəbbüsü ilə məktəb tikintisinə dair bir neçə ayrıca Dövlət Proqramı qəbul edilib. Bundan başqa, digər sahələri əhatə edən Dövlət proqramlarında da məktəb tikintisinə böyük diqqət yetirilir. Bir sözlə, bu gün Azərbaycanda təhsil sisteminin daha da inkişafı üçün məqsədyönlü, irimiqyaslı işlər görülür.

Asudə Cəfərova,
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı
Neftçala rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024