Mobil versiya
Azərbaycan mətbuatı üçün yeni üfüqlər açan mütərəqqi sənəd
Tarix: 14-12-2021 | Saat: 15:08
Bölmə:Seçki 2024 | çapa göndər

Azərbaycan mətbuatı üçün yeni üfüqlər açan mütərəqqi sənəd

Azərbaycan cəmiyyətinin inkişafına öz töhfəsini verən milli mətbuat tarix boyu maariflənmədə, milli düşüncənin formalaşmasında mühüm rol oynayıb. Ötən əsrin sonlarında Azərbaycanı müstəqilliyə aparan yolda da mətbuat fəal iştirak edib, dövlət müstəqilliyini bərpa etdikdən sonra isə demokratik cəmiyyətin tərkib hissəsi kimi inkişaf yolu keçib. Ümummilli lider Heydər Əliyevin Fərmanı əsasında 1998-ci il avqustun 6-da senzuranın ləğvi isə milli mətbuatın inkişafında yeni mərhələnin əsasını qoyub.

Mətbuat sahəsində yaradılmış ənənələri daha da möhkəmləndirən Prezident İlham Əliyevin xüsusi diqqəti və qayğısı nəticəsində isə kütləvi informasiya vasitələrinin fəaliyyətində dövrün çağırışlarından irəli gələn yeni keyfiyyət mərhələsi başladı. Bu dövr ərzində Azərbaycan mediası özünəməxsus inkişaf yolu keçib, ölkəmizdə və dünyada baş verən hadisələrlə bağlı cəmiyyətin məlumatlandırılması, xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərib.

Vətən müharibəsindən sonra ölkəmizdə dövlət-cəmiyyət, dövlət-media, media-cəmiyyət münasibətlərində yaranmış yeni reallıqlar bu sahənin qanunvericilik bazasının yenilənməsinə də böyük təlabat yaratmışdı. Azərbaycanda 1999-cu ildə qəbul olunmuş və hazırda qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında” qanun bu günə kimi 79 dəfə dəyişdirilib və müasir çağırışlarla uzlaşmır.

Ölkə başçısı cənab İlham Əliyevin 2021-ci ilin əvvəlində “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” imzaladığı fərmanla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun bazasında media sahəsində əsaslı inkişafa nail olunmasına dəstək olacaq, media subyektlərinin bütün sahələrini əhatə edəcək yeni qurum - Medianın İnkişafı Agentliyi yaradıldı. Agentlik fəaliyyətə başladıqdan sonra isə Azərbaycan Prezidentinin müvafiq fərmanı ilə verilmiş tapşırığa əsasən “Media haqqında” yeni qanun layihəsi üzərində hazırlıq işləri aparılıb. Hərtərəfli əsaslandırma nəticəsində hazırlanan yeni qanun layihəsi artıq geniş müzakirələr üçün təqdim olunub.

“Media haqqında” yeni qanun layihəsi çox vacib sənəddir. Bu qanun Azərbaycanda təkcə çap mətbuatı deyil, elektron medianın, eyni zamanda, internet televiziyaların tənzimlənməsində mühüm rol oynayacaq. Qanun layihəsi jurnalistlərin statusu, ümumiyyətlə, redaksiyaların statusu və bir çox digər məsələləri özündə əks etdirir. Bu, vahid jurnalist kartlarının təqdim olunması, ciddi mətbuatla qeyri-ciddi mətbuatın ayırd edilməsi, ümumiyyətlə, jurnalistika fəaliyyətinin dislokasiyasını özündə müəyyən edən sənəddir.

“Media haqqında” qanun layihəsi Azərbaycanda indiyədək tətbiq edilməmiş yeniliklərlə zəngindir. Layihə ilk növbədə onlayn medianın hüquqi statusunun tanınması, strukturlaşması barədə təsəvvür yaratması baxımından önəmlidir. Onlayn media 20 ilə yaxındır ki, Azərbaycanda yaranıb, inkişaf edir və bu gün ölkəmizin media məkanında çox böyük paya malikdir. Amma onun hüquqi tənzimlənməsi tamamlanmamışdı. Belə natamamlıq, boşluq həm onlayn media sferasında fəaliyyət göstərənlərin özləri üçün, həm də cəmiyyət üçün problemlər yaradırdı. Yeni qanunun qəbul edilməsi bu boşluğu aradan qaldıracaqdır.

Yeni qanun layihəsi vahid reyestrin tətbiq edilməsini nəzərdə tutur ki, bu da ölkədə nə qədər KİV qurumu, nə qədər jurnalistin fəaliyyət göstərməsini və s. bu kimi suallara aydınlıq gətiriləcək. Vahid reyestrin olması ölkədə KİV-lər üçün strateji inkişaf proqramlarının hazırlanmasını da asanlaşdıracaqdır.

Qanunda jurnalistlər üçün vahid formalı vəsiqələrin tətbiq edilməsinin öz əksini tapması da müsbət amildir. Vahid formalı kartı əldə edən jurnalistlər qanunla nəzərdə tutulan bir sıra imtiyazlardan faydalanacaqlar. Yeni qanun layihəsi həm də KİV-lərin peşəkarlaşmasını stimullaşdıracaq. Qanun layihəsində həmçinin hərbi və fövqəladə vəziyyət hallarında davranış standartları, insanların şəxsi həyatına müdaxilənin yolverilməzliyi, təhqir və böhtanın qarşısının alınması, müəllif hüquqlarının qorunması və bu cür hallarda jurnalistlərin digər hansı mənbələrə istinad edəcəkləri də göstərilib.

Layihədə nəzərdə tutulan ən önəmli məqamlardan biri də sərbəst çalışan jurnalistlərin hüquqlarının tanınmasıdır. Onlayn medianın inkişafı sərbəst çalışan jurnalistlərin kəmiyyətini artırıb, amma indiyədək onların hüquqları tanınmırdı. Yeni qanun bu problemi də aradan qaldırır. Bütün bunlar onu deməyə əsas verir ki, “Media haqqında” yeni qanun məhz məsuliyyətli medianın inkişafına təkan verəcək mütərəqqi sənəddir.

Ramiz Muradov,
Salyan rayon Qarabağlı kənd 2 saylı tam orta məktəbin direktor əvəzi




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024