Mobil versiya
Zəngəzur dəhlizinin tikintisi sürətlə davam etdirilir
Tarix: 08-12-2021 | Saat: 18:24
Bölmə:Seçki 2024 | çapa göndər

Zəngəzur dəhlizinin tikintisi sürətlə davam etdirilir

Oktyabr ayının 26-da Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi sürətlə davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə yeni inşa edilən yol boyunca layihə çərçivəsində zəruri yerlərdə ortalama ümumi uzunluğu 6 km təşkil edən 3 avtomobil tunelinin inşası nəzərdə tutulub ki, bu istiqamətdə artıq tikinti işlərinə start verilib.

Tunellər şərti olaraq T1, T2 və T3 adlandırılıb.

Uzunluğu 1019 metr təşkil edən T1 tuneli üzrə 250 metr, uzunluğu 1810 metr təşkil edən T2 tuneli üzrə isə 50 metr qazma işləri aparılıb. Qazma işləri partlatma və qırıcı üsulları ilə davam etdirilir. Eyni zamanda qaya qruntlardan ibarət hissələrin kənarlaşdırılması da həyata keçirilir. İnşasına yenicə başlanılan və uzunluğu 3171 metr təşkil edən T3 tunelinin giriş hissəsində tikinti işləri tamamlanaraq qazma işlərinə start verilib.

Uzunluğu 123.8 kilometr olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu (Zəngəzur dəhlizi) boyunca 2 viaduk və 23 avtomobil körpüsü, 8 yol ötürücüsü, 50 yeraltı keçid, 5 yerüstü keçid, suların ötürülməsini təmin etmək məqsədilə 400 dairəvi boru və düzbucaqlı su keçidi, həmçinin kommunikasiya xətləri üçün 60 ehtiyat keçidinin inşası nəzərdə tutulub ki, bu işlərin icrası da sürətlə davam edir. Belə ki, görülən işlər çərçivəsində ehtiyat keçid tikintisi 30%-i yerinə yetirilib, 38 dairəvi, 2 düzbucaqlı süni qurğu tikilib, 10 körpünün təməl və svay işləri görülüb.

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu (Zəngəzur dəhlizi) Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısının tapşırığı ilə icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biridir. Çünki sözügedən yol Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024