Mobil versiya
Azərbaycanın nailiyyətləri beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir
Tarix: 30-11-2021 | Saat: 14:52
Bölmə:Siyasət | çapa göndər

Azərbaycanın nailiyyətləri beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir



Noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci Zirvə Toplantısı üzv dövlətlərin və bütövlükdə bölgənin davamlı iqtisadi inkişafına töhfə verməsi baxımından əhəmiyyətli siyasi hadisədir. Azərbaycan İƏT-in fəal üzvüdür. İƏT-ə üzv dövlətlərlə münasibətlərimiz dostluq və qarşılıqlı hörmətə əsaslanır. Azərbaycan beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İƏT-ə üzv dövlətlərlə səmərəli əməkdaşlıq edir.

Genişmiqyaslı islahatlar nəticəsində Azərbaycanda münbit sərmayə iqlimi yaradılmışdır. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerdə qərarlaşıb. Azərbaycan iqtisadiyyatına 280 milyard ABŞ dolları həcmində sərmayə yatırılıb ki, bunun da yarısı xarici sərmayədir.

Azərbaycanın xarici borcu ölkənin ümumi daxili məhsulunun 17,3 faizini təşkil edir. 2030-cu ilin sonuna qədər bu rəqəmin 10 faizə enməsi planlaşdırılır. Ötən 18 il ərzində Azərbaycanda yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib. Ölkədə işsizlik təqribən 6 faiz səviyyəsindədir.

Davos Dünya İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan hökumətin uzunmüddətli strategiyası üzrə dünyada 10-cu yerdə, ölkə rəhbərliyinin islahatlara sadiqliyi sahəsində isə 5-ci yerdə qərarlaşıb. Davos hesabatına əsasən, Azərbaycan əhalinin elektrik enerjisinə əlçatanlıq əmsalına görə dünyada 2-ci, dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava nəqliyyatı xidmətlərinin səmərəliliyinə görə 12-ci, dəniz limanları xidmətlərinin səmərəliliyinə görə 25-ci və yol infrastrukturunun keyfiyyəti baxımından 27-ci yerdədir.

Azərbaycan cari ilin yanvar ayının ortalarından peyvəndlənmə kampaniyasına başlamışdır. Ölkədə yetkin əhalinin 60 faizdən çoxuna iki doza peyvənd vurulmuşdur. Bu günə qədər ölkədə COVID-dən əziyyət çəkmiş insanlara və biznes subyektlərinə təqribən 3 milyard ABŞ dolları həcmində sosial-iqtisadi dəstək paketi təqdim edilmişdir. 2022-ci ildə həmin məqsədlərə dövlət büdcəsindən 1,6 milyard ABŞ dolları həcmində maliyyə dəstəyi paketi ayrılacaqdır.

44 günlük Vətən müharibəsi Ermənistanın məğlubiyyəti və 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamasına məcbur edilməsi ilə nəticələndi. Azərbaycan özü öz ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin icrasını təmin etdi.

Qeyd edək ki, İƏT çərçivəsində qəbul edilən hesabatlarda “dəhliz” anlayışı “Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı sənədlər” kontekstində öz əksini tapıb. Bu, belə bir əminlik yaradır ki, yaxın gələcəkdə Avrasiya regionunda “Zəngəzur dəhlizi” termininin qəbuluna nail olmaq və əsas regional oyunçuların diqqətini bu nəqliyyat arteriyasına cəlb etmək mümkün olacaqdır.

Pənah İmanov
Politoloq
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2025