AZ RU Mobil versiya
Azərbaycan Texniki Universiteti – 2021-2030-cu illər üçün inkişaf strategiyası hazırlanıb
Tarix: 25-11-2021 | Saat: 13:23
Bölmə:Gündəm | çapa göndər

Azərbaycan Texniki Universiteti –  2021-2030-cu illər üçün inkişaf strategiyası hazırlanıb

Vilayət Vəliyev: “Yeni nəsil texniki universitetlər sahibkarlıq ekosistemini və yüksək texnologiyalar bazarını formalaşdırmalı, ölkə iqtisadiyyatının qlobal rəqabət qabiliyyətini təmin etməlidir”

Azərbaycan Respublikasının texniki təhsil sahəsində aparıcı universitetlərindən biri olan Azərbaycan Texniki Universiteti (AzTU) 1950-ci ildə ölkəmizin paytaxtı Bakı şəhərində tərkibində 4 fakültə olmaqla Azərbaycan Politexnik İnstitutu adı altında yaradılıb.

1991-ci ildən universitet indiki Azərbaycan Texniki Universiteti adını daşıyır. Hal-hazırda universitetdə maşınqayırma, metallurgiya, informatika və kompüter texnologiyaları, elektrotexnika, telekommunikasiya, nəqliyyat, mühəndis biznesi və digər sahələri əhatə edən 38 ixtisas üzrə bakalavr və 100-dən çox ixtisaslaşma üzrə magistr hazırlanır.

Universitetdə Nəqliyyat və logistika, Energetika və avtomatika, Metallurgiya və materialşünaslıq, Maşınqayırma və robototexnika, İnformasiya və telekommunikasiya texnologiyaları, İqtisadiyyat və idarəetmə, Xüsusi texnika və texnologiya fakültələri fəaliyyət göstərir.

Universitetin elmi nailiyyətləri Elmi əsərlər və Maşınşünaslıq adlı elmi-texniki jurnallarda çap olunur. 500 mindən artıq kitab fondu olan universitet kitabxanası və oxu zalları, eləcə də 400-dən artıq fərdi kompüteri olan 20-dək tədris və multimedia zalları, ixtisaslaşdırılmış laboratoriyalar tələbələrə və əməkdaşlara xidmət edir.

Universitet BMT, YUNESKO, TRASEKA və digər Beynəlxalq təşkilatların müvafiq strukturları, bir çox xarici ölkələrin tanınmış universitetləri ilə sıx əməkdaşlıq edir. Universitetin müasir avadanlıqlarla təchiz edilmiş auditoriya və laboratoriyalarında Boloniya prosesi ilə təsbit edilən kredit sisteminə uyğun tədris planları əsasında müasir elmin və texnikanın problemlərini həll edə biləcək 9000-dən çox tələbə bakalavriat, 600-dən çox tələbə magistratura səviyyələrində təhsil alır. Universitet ölkəmizin iqtisadi məsələlərinin həllində və ictimai həyatında da fəal iştirak edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 31 iyul 2019-cu il tarixindən Azərbaycan Texniki Universitetinin rektoru vəzifəsinə iqtisad elmləri doktoru, əməkdar elm xadimi, professor Vilayət Məmməd oğlu Vəliyev təyin edilib.

Beynəlxalq əməkdaşlıq təhsilin inkişafını şərtləndirən əsas amillərdəndir

Qeyd etmək lazımdır ki, beynəlxalq əlaqələrin genişləndirilməsi AzTU rəhbərliyinin hər zaman xüsusi diqqət mərkəzində saxlanılan məsələlərdən olub. Universitet bu gün də öz ənənələrinə sadiq qalaraq bu istiqamətdə işləri uğurla davam etdirir. Belə ki, Türkiyənin İstanbul Universitetinin rektoru Mahmud Ak Azərbaycan Texniki Universitetində keçirilən Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan doktorantların və gənc tədqiqatçıların XXIV respublika elmi konfransında iştirak etmək üçün noyabr ayının 23-24-də ölkəmizdə səfərdə olub. Səfər çərçivəsində AzTU ilə İstanbul Universiteti arasında əməkdaşlıq haqqında protokolun imzalanması mərasimi keçirilib. Görüşdə AzTU-nun rektoru Vilayət Vəliyev, İstanbul Universitetinin rektoru Mahmut Ak və hər iki ali təhsil müəssisəsinin nümayəndələri iştirak edib. Görüş zamanı iki universitet arasında əməkdaşlığın perspektivləri və imzalanacaq protokolun nəticələri barədə fikir mübadiləsi aparılıb. Daha sonra hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq protokolu imzalanıb. Protokola əsasən, tərəflər tələbə və müəllim mübadiləsi, ikili diplom proqramları və birgə tədqiqat işlərinin həyata keçirilməsi, akademik və elmi sahələrdə tədrisdənkənar fəaliyyətlərin təşkili istiqamətində əməkdaşlıq edəcək.

Gənclərin elmi yaradıcılığa yönəldilməsi işi prioritet istiqamətlərdəndir

Gənclərin elmi yaradıcılığa yönəldilməsi məqsədilə bu gün AzTU-da əhatəli və səmərəli iş aparılır. O cümlədən mütəmadi olaraq universitetdə respublika və beynəlxalq elmi seminarlar keçirilir. Dünən öz işini başa vurmuş, Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan doktorantların və gənc tədqiqatçıların XXIV respublika elmi konfransı da məhz bu qəbildən olan tədbirlərdən idi. Noyabrın 26-də öz işinə başlamış və iki gün davam edən elmi konfransın açılış mərasimində təhsil nazirinin müavini Firudin Qurbanov, İstanbul Universitetinin rektoru, prof.dr Mahmud Ak, AMEA-nın akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun baş direktoru, akademik Vaqif Fərzəliyev və Azərbaycanın müxtəlif ali təhsil müəssisələrinin rektorları iştirak etmişlər.Qeyd edək ki, tədbir torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Konfrans iştirakçılarını salamlayan AzTU-nun rektoru Vilayət Vəliyev bu tədbirin tarixə qızıl hərflərlə yazılan Zəfərimizin 1 illiyinə təsadüf etdiyini bildirib. Rektor deyib ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı azad edib. Torpaqlarımızın azad olunmasında iştirak edən qəhrəman oğulların yetişdirilməsində Azərbaycanın ali təhsil müəssisələrin xüsusi rolu var. Vətən müharibəsində AzTU-nun 300-ə yaxın məzun və tələbəsi iştirak edib. Onlardan 32 nəfəri şəhidlik zirvəsinə ucalıb. Öz çıxışında Vilayət Vəliyev vurğulayıb ki, qazanılan Şanlı Qələbə ali təhsil müəssisələrinin qarşısında yeni vəzifələr qoyub. İşğaldan azad olunan torpaqlarımızda aparılan quruculuq işlərinə öz töhfəsini vermək üçün doktorantlar və gənc tədqiqatçılar səylə çalışmalıdırlar. Rektor qeyd edib ki, yeni nəsil texniki universitetlər sahibkarlıq ekosistemini və yüksək texnologiyalar bazarını formalaşdırmalı, ölkə iqtisadiyyatının qlobal rəqabət qabiliyyətini təmin etməlidir. Bu missiyaları həyata keçirmək üçün AzTU-nun 2021-2030-cu illər üçün inkişaf strategiyası hazırlanıb və universitetin Elmi şurası tərəfindən təsdiqlənib.

Daha sonra çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, hazırda Azərbaycan təhsilinin, elminin qarşısında duran əsas məsələ yüksəkixtisaslı kadrların hazırlanmasıdır. Nazir müavini qeyd edib ki, qloballaşan dünyanın yeni tələblərinə cavab vermək, ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq ölkəmizdə yeni nəsil mütəxəssislər yetişdirmək məqsədilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 5 beynəlxalq ikili diplom proqramının icrası nəzərdə tutulub. Artıq 4 beynəlxalq ikili diplom proqramının icrasına başlanılıb. Hədəf Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir.

Qeyd edək ki, gəncləri elmi yaradıcılığa yönəltmək və onların elmi-tədqiqatlarının nəticələrinin müzakirəsini aparmaq məqsədilə təşkil olunan konfransa 246 məqalə qəbul olunub.

Azərbaycanlı mütəxəssislər dünyanın bir çox ölkələrində sənayenin müxtəlif sahələrini inkişaf etdirirlər

Bu gün AzTU-nun fakültələrinin 35 kafedrasında 600-dən çox professor-müəllim heyəti, o cümlədən 70-dən çox professor, elmlər doktoru, 300-dən çox dosent, elmlər namizədi (PHD) çalışır.150-dək yerli və xarici ölkə mütəxəssisləri fəlsəfə və elmlər doktoru elmi dərəcəsi almaq üçün araşdırmalar aparır. Universitetdə elmi kadrların hazırlanması məqsədilə texniki elmlərin müxtəlif istiqamətlərində alimlik dərəcəsi verən iki İxtisaslaşdırılmış Elmi Şura fəaliyyət göstərir. Universitetin elmi nailiyyətləri “Elmi əsərlər” və “Maşınşünaslıq” adlı elmi-texniki jurnallarda çap olunur. 500 mindən artıq kitab fondu olan universitet kitabxanası və oxu zalları, eləcə də 400-dən artıq fərdi kompüteri olan 20-dək tədris və multimedia zalları, ixtisaslaşdırılmış laboratoriyalar tələbələrə və əməkdaşlara xidmət edir. Azərbaycan Texniki Universitetinin məzunları dünyanın bir çox ölkələrində sənayenin müxtəlif sahələrinin inkişaf etdirilməsində böyük xidmətlər göstərirlər. Onlar zavodlara, nazirliklərə, nəhəng Sənaye komplekslərinə, Dövlət Komitələrinə, iri müəssisələrə uğurla rəhbərlik edirlər.

Bütün bu deyilənlərdən belə nəticə çıxarmaq olur ki, professor Vilayət Vəliyevin rəhbərliyi ilə Azərbaycan Texniki Universitetinin fəaliyyəti pandemiya dövründə də tam dolğunluğu və səmərəliliyi ilə davam etməkdədir. Universitetin professor-müəllim heyəti istər tələbələrin keyfiyyətli təhsil almaları və gələcək həyata tam hazırlıqlı olmaları, istərsə də AzTU-da aparılan elmi araşdırmaların səmərəliliyinin yüksəldilməsi üçün bütün imkanları düzgün şəkildə səfərbər ediblər. Lakin təəssüflər olsun ki, bütün bu görülən işlərə rəğmən bu gün yenə də bəzi saytlarda Azərbaycan Texniki Universitetində gedən proseslərə dair mövcud reallıqlara qətiyyən uyğun olmayan yazılara rast gəlinir. Bununla bağlı həmkarlarımızdan bir daha xahiş edərdik ki, həqiqəti əks etdirməyən və milli birliyimizə yaraşmayan belə materialları öz saytlarında dərc etməkdən çəkinsinlər.

Elburus Bağirov
Abbas Abbasov

aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi

14143 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-01-2022