AZ RU Mobil versiya
Aqiyə Naxçıvanlı: “Prezident İlham Əliyevin hər bir təşəbbüsü dövlətimizin gücünü və qüdrətini nümayiş etdirir”
Tarix: 19-11-2021 | Saat: 21:04
Bölmə:Manşet / Siyasət / Seçilənlər-3 | çapa göndər

Aqiyə Naxçıvanlı: “Prezident İlham Əliyevin hər bir təşəbbüsü dövlətimizin gücünü və qüdrətini nümayiş etdirir”

“Son 30 ilin təcrübəsindən irəli gələrək bizim deməyə haqqımız var ki, bu gün beynəlxalq hüquq normaları öz funksionallığını itirmək üzrədir. Böyük dövlətlər yalnız onlara sərf edən qərarları icra edirlər, sərf etməyən qərarlar isə icra olunmamış qalır. Məhz bu səbəbdən BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş və erməni silahlı qüvvələrinin torpaqlarımızdan dərhal çıxarılmasını tələb edən dörd qətnamənin icrası bütün bu illər ərzində təmin olunmadı. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə ilə özü illərlə kağız üzərində qalan BMT Qətnamələrinin icrasını təmin etdi. 1993-cü ildə Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul etmişdi. Həmin Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin rəsmi İrəvan həmin Qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar isə onun icrasını tələb etmədilər. Beləliklə bu tarixi missiyanı da Azərbaycan həyata keçirməli oldu.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı, professor Aqiyə Naxçıvanlı deyib.

Millət vəkili Azərbaycanın erməni işğalı nəticəsində qarşılaşmalı olduğu fəlakətlərdən bəhs edərək bunları qeyd edib: “Biz otuz il öz torpaqlarımızın həsrətilə yaşadıq. Birinci Qarabağ müharibəsi ölkəmiz üçün böyük faciə olmaqla yanaşı, həm də böyük humanitar fəlakətə gətirib çıxardı. Bir milyon soydaşımız qaçqın və məcburi köçkün həyatı yaşamalı oldu. Ölkənin iqtisadiyyatı demək olar ki, tamamilə dağıdılmış, sənaye potensialı məhv edilmiş vəziyyətə düşdü. O cümlədən işğala qədər 88 300 nəfər əhalisi olmuş Kəlbəcər rayonu ermənilər tərəfindən böyük dağıntılara, talana məruz qoyuldu. 1993-cü ilin 2 aprel tarixində Ermənistanın silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğalı nəticəsində 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb, həmçinin Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olub. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, 100-lərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılmışdır. Sözsüz ki, bütün bu sadalananlar hərbi cinayət əməlləridir. Eynilə Ermənistan İkinci Qarabağ Savaşında da bu cinayətlərinə davam edirdi. Vətən müharibəsinin gedişi zamanı beynəlxalq ictimaiyyət dəfələrlə erməni barbarlığının şahidi oldu. Azərbaycan Ordusunun zəfər yürüşü qarşısında tab gətirə bilməyən düşmən təxribatlara əl ataraq dinc mülki şəxsləri hədəfə almaqla müharibə cinayətləri törətmişdir. Azərbaycanın şəhərləri ballistik raketlərlə, fosforlu və kasetli bombalarla atəşə tutulmuşdur. Müharibə dövründə namərd atəşlər nəticəsində 100-ə yaxın mülki şəxs, onların arasında uşaqlar, qadınlar həlak olmuşlar. 400-dən çox mülki şəxs yaralanmış, 5 mindən çox ev dağıdılmış, ziyan çəkmişdir. Şəhər və kəndlərin raket atəşinə tutulması müharibə cinayətidir və Ermənistan bunlara görə cavab verməli olacaq.”

Həmçinin Aqiyə Naxçıvanlı xüsusi olaraq vurğulayıb ki, bu gün işğaldan azad olunmuş ərazilərimizdə, o cümlədən Kəlbəcərdə həyata keçirilən vüsətli bərpa-quruculuq işləri Azərbaycanın iqtisadi qüdrətinin daha bir göstəricisidir: “Azərbaycan cəmi 44 gün davam edən Vətən müharibəsində əldə etdiyi möhtəşəm Qələbə nəticəsində tarixi ədaləti bərpa etdi. Ölkəmizin ərazi bütövlüyü təmin olundu. O cümlədən Ermənistanın məcbur qalaraq imzaladığı 10 noyabr Üçtərəfli Bəyanatına əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis olundu. Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9424 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib. Bu gün isə Kəlbəcərdə işğaldan azad olunmuş digər ərazilərimizdə də olduğu kimi vüsətli quruculuq işləri həyata keçirilməkdədir. Məlum olduğu kimi, Prezident İlham Əliyev mütəmadi olaraq işğaldan azad olunmuş ərazilərə səfərlər edir. Bu səfərlər zamanı həmin ərazilərdə gedən quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin əsasının birbaşa dövlətimizin başçısı tərəfindən qoyulması həm siyasi, həm iqtisadi, həm də mənəvi cəhətdən müstəsna əhəmiyyət kəsb edir. İlk növbədə dövlətimizin başçısı hər belə səfəri zamanı həmin bölgələrə artıq bu torpaqların əsil sahiblərinin qayıtdığı və bu qayıdışın əbədi olduğu barədə bütün dünyaya yeni mesajlar vermiş olur. Həmçinin işğaldan azad edilmiş ərazilərdə intensiv şəkildə həyata keçirilən bərpa-quruculuq işləri çərçivəsində inşasına başlanılan mühüm strateji obyektlərin, müəssisələrin təməlinin şəxsən Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən qoyulması görülən işlərin xüsusi diqqət mərkəzində saxlandığından xəbər verir. O cümlədən 2021-ci il avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Kəlbəcər rayonuna etdikləri tarixi səfər də mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev həmin vaxt Kəlbəcərdə Azərbaycan bayrağını qaldırdı. Kəlbəcər rayonunda bərpa-quruculuq işlərinə artıq rəsmi start verildi. Kəlbəcər rayonuna səfər çərçivəsində baş tutan açılışlar və təməlqoyma mərasimləri işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin həqiqətən də yüksək sürətlə həyata keçirildiyinin daha bir göstəricisidir. Bu tarixi səfər çərçivəsində Ölkə Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11.6 kilometrlik tunelin təməlinin qoyulması mərasimində iştirak etdilər. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun layihə uzunluğu 81 kilometr təşkil edir. Ərazinin çətin relyefi və təhlükəsizlik məsələləri nəzərə alınaraq Murovdağ silsiləsinin altından 11.6 kilometrlik tunelin tikintisi məqsədəuyğun hesab edilib. Daha sonra dövlətimizin başçısı və birinci xanım 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyasının açılışında iştirak etdilər. Dövlətimizin başçısı işğaldan azad edilmiş ərazilərin ən qısa vaxtda Azərbaycanın ümumi enerji sisteminə qoşulması, bu ərazilərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məsələsinə xüsusi diqqətlə yanaşır. Bunun nəticəsidir ki, bu istiqamətdə işğaldan azad edilmiş bütün yaşayış məntəqələrində, o cümlədən Kəlbəcər rayonunda genişmiqyaslı işlər həyata keçirilib. Dövlətimizin başçısı yarımstansiyanı şəxsən özü işə salıb. Həmçinin səfər çərçivəsində Prezident İlham Əliyev Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin də təməlini qoyub. Məlumdur ki, dövlətimizin başçısı öz çıxışlarında azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevriləcəyini dəfələrlə bildirib. İşğaldan azad olunmuş ərazilərin dövlətimizin başçısının birbaşa təşəbbüsü və tapşırıqları ilə bərpa edilməsi və yenidən qurulması, xüsusən də bu ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması həmin rayon və bölgələrimizi ən yüksək standartlara cavab verən müasir yaşayış məkanlarına çevirəcək. Bu gün pandemiya şəraitində bütün dünya iqtisadiyyatında böyük problemlərin yarandığı bir dövrdə Azərbaycan Prezidentinin bu təşəbbüsü bir daha dövlətimizin gücünü və qüdrətini nümayiş etdirir.”

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

11261 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-01-2022