Mobil versiya
Türk dünyasının Ali Ordeninin ən layiqli sahibi
Tarix: 15-11-2021 | Saat: 14:26
Bölmə:Seçki 2024 | çapa göndər

Türk dünyasının Ali Ordeninin ən layiqli sahibi

İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü uzun müddət xalqımızın yaddaşından silinməyəcək. Bu tədbir Türk dünyasının daha da güclənməsinin növbəti nümunəsidir. Tədbir bir sıra məqamları ilə beynəlxalq ictimaiyyətin də diqqət mərkəzində oldu. İlk növbədə, təşkilatın adının dəyişdirilməsi barədə qəbul edilən qərar maraqla qarşılandı. Məlum olduğu kimi, Türk Şurası Dövlət Başçılarının VIII Zirvə Görüşündə bu barədə qərar qəbul edildi. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adı Türk Dövlətləri Təşkilatı olaraq dəyişdirilib. Bu, eyni zamanda, Türk birliyinin daha da möhkəmləndirilməsi barədə dünyaya bir mesaj idi.

Bu fikirləri açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Hüquq müdafiəçisi deyib ki, Türkiyə mətbuatında dərc olunan məqalələrdə də təşkilatın adının dəyişdirilməsinə böyük önəm verilir. Bir sıra mətbu orqanlarında “Günəş yenə Şərqdən doğacaq” sərlövhəli məqalədə Türk Şurasının VIII Zirvə Görüşündə müzakirə olunan məsələlər və qərarlar geniş şəkildə oxuculara çatdırılıb. Digər diqqətçəkən məqamlardan biri də Azərbaycan Prezidenti İlham Əliyevin türk dünyasının Ali Ordeni ilə təltif olunmasıdır. Xəbər verildiyi kimi Türkdilli ölkələrin Dövlət Başçıları Şurası bu barədə qərar qəbul edib. Qərarda deyilir: “Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Zati-aliləri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi Qələbəyə görə Dövlət Başçıları Şurası Türkiyə Respublikasının Prezidenti Zati-aliləri Rəcəb Tayyib Ərdoğanın təklifi ilə Zati-aliləri İlham Əliyevin böyük şərəflə “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi haqqında qərar qəbul etmişdir”.

Ç.Qənizadə dövlətimizin başçısının türk dünyasının ali mükafatına layiq görülməsini xalqımız üçün qürurverici hadisə adlandırıb və bu xəbərin hamımızı sevindirdiyini bildirib. Vurğulayıb ki, bu ali mükafatın sahibi heç də təsadüfən seçilməyib. “Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunub”, - deyə o qeyd edib.

Ç.Qənizadə dövlətimizin başçısının tarixi Qələbədən bir həftə sonra işğaldan azad edilmiş ərazilərə səfərlərə başladığını və həmin torpaqlarda Azərbaycan bayrağını ucaltdığını xatırladıb. Bildirib ki, həmin gündən Qarabağda yenidənqurma, tikinti və bərpa işləri geniş vüsət alıb. Bütün bunlar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, hər igidin işi deyil. Bunları yalnız İlham Əliyev kimi Lider həyata keçirə bilər. Elə buna görə də bir neçə gün əvvəl Türkdilli Ölkələrin Dövlət Başçıları Şurasının qəbul etdiyi qərar alqışalayiqdir.

Hüquq müdafiəçisi diqqətə çatdırıb ki, Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) təsis ediləndən bəri təşkilatda fəal təşəbbüskar tərəf olub. Təşkilatın təsisçi üzvlərindən olması sayəsində Azərbaycan qurumun təməl prinsiplərinə və həyata keçirilən proseslərə hakimdir. Azərbaycan ötən iki ildə Türk Şurasına sədrlik edib. Bu illər ərzində həm COVID-19-la mübarizə aparıb, həm də İkinci Qarabağ savaşında böyük Zəfər qazanmaqla böyük fədakarlıq göstərərək, qarşısına qoyduğu məqsədə nail olub. Azərbaycan Prezidenti İlham Əliyevin “Türk Dünyasının Ali Ordeni” ilə təltif olunması bütün bu işlərə, qazanılan tarixi Zəfərə verilən yüksək qiymətdir.

Hüquq müdafiəçisi, həmçinin qeyd edib ki, Qarabağ Zəfərindən sonra türk dövlətlərinin liderləri yaranmış yeni əməkdaşlıq şansını yüksək dəyərləndirirlər. Bununla yanaşı, Azərbaycan Türk Şurasına sədrliyi dövründə böyük uğurlar qazanıb. Xüsusi qeyd olunmalıdır ki, məhz bu dövrdə təşkilatın sıraları genişlənib, dünyadakı nüfuzu artıb, böyük bir coğrafiyada kompleks inkişaf reallığı yaranıb. Bu dövrdə qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Prezident İlham Əliyevin təməlini birgə qoyduqları Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün deyil, həm Türkiyə, həm də Orta Asiya bölgəsi üçün xüsusi əhəmiyyət daşıyır. Bu dəhliz türk dünyasının bütün sahələr üzrə əlaqələrinin genişlənməsi və inteqrasiya baxımından böyük gücə malik olacaq.

Türk Şurasının Türk Dövlətləri Təşkilatı adlandırılması qurumun gələcək fəaliyyətində cəlbediciliyi artıracaq.

aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024