Mobil versiya
Meydanəli Yolçuyev : “Prezident İlham Əliyevin siyasəti bütün regionun inkişafına xidmət edir”
Tarix: 27-10-2021 | Saat: 12:49
Bölmə:Gündəm | çapa göndər

Meydanəli Yolçuyev : “Prezident İlham Əliyevin siyasəti bütün regionun inkişafına xidmət edir”

“Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə Cənubi Qafqazda yeni reallıqlar yaratdı. Öz növbəsində bu reallıqlar həm region ölkələri qarşısında, həm də ümumilkdə Avrasiya məkanında böyük iqtisadi inkişaf perspektivləri açmış oldu. Bu imkanları oktyabrın 26-da Azərbaycana növbəti dəfə rəsmi səfər etmiş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da çox yüksək qiymətləndirmişdir. Dövlət başçılarının verdikləri birgə bəyanatda bütün region ölkələrinin bu imkanlardan yararlana biləcəkləri bir daha vurğulandı. Qeyd olundu ki, Azərbaycanın tarixi əraziləri olan Zəngəzur mahalından keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək. Həmçinin bu layihələr bütün qonşu ölkələr üçün də yeni, böyük inkişaf imkanları yaradacaq.”

Bu sözləri saytımıza verdiyi müsahibəsində Yeni Azərbaycan Partiyası Daşkəsən rayon təşkilatının sədri səlahiyyətlərini icra edən Meydanəli Yolçuyev deyib.

Müsahibimiz ilk növbədə belə bir məqamı vurğulayıb ki, Füzuli Beynəlxalq Hava Limanının açılışında Türkiyə və Azərbaycan Prezidentlərinin birlikdə iştirakı bir daha onu göstərir ki, iki qardaş ölkə hər zaman bir-birinin yanındadır: “Füzuli Beynəlxalq Hava Limanının inşası cəmi səkkiz ay davam etdi. Səkkiz ay ərzində beynəlxalq hava limanı inşa edildi. Bu hava limanının inşasında Azərbaycan və Türkiyə şirkətləri iştirak etmişlər. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, bu, bizim birgə uğurumuzdur. Hava Limanının açılışında Türkiyə və Azərbaycan Prezidentlərinin birlikdə iştirakı da bir daha onu göstərir ki, iki qardaş ölkə hər zaman bir-birinin yanındadır. Eyni zamanda, dünən Zəngilan rayonunda birinci özəl sərmayə layihəsinin də təməlini dövlət başçıları birlikdə qoydular. Bu sərmayə layihəsi də Türkiyə və Azərbaycanın birgə layihəsidir. Yəni, bu, bir daha onu göstərir ki, bütün işlərdə, o cümlədən işğaldan azad edilmiş torpaqlarda gedən quruculuq, bərpa işlərində də biz çiyin-çiyinə bir yerdə irəliləyirik. Öz çıxışında Prezident İlham Əliyev bildirdi ki, Zəngilanın Ağalı kəndindəki bu rəsmi mərasim tarixdə qalacaq. Həm Şuşada, həm də bu gün Zəngilanda rəsmi mərasimlərin keçirilməsi, Türkiyə və Azərbaycanın Dövlət himnlərinin səslənməsi, bizim birgə addımlarımız tarixdə əbədi qalacaq.”

Həmçinin Meydanəli Yolçuyev bildirib ki, Müzəffər Ali Baş Komandanın qətiyyətli siyasəti, Azərbaycan xalqının sarsılmaz birliyi və yenilməz Ordumuzun qəhrəmanlığı sayəsində qazandığımız parlaq tarixi Qələbə xalqımızın növbəti uğurlarını şərtləndirən əsas amildir: “Azərbaycan 44 günlük savaşda qalib gəlməklə bölgənin əsl potensialının həyata keçirilməsinə mane olan əsas səbəbi aradan qaldırdı. Bu gün artıq işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işləri sürətlə və keyfiyyətli şəkildə davam etdirilir. Artıq bir sıra iri layihələrin icrası tamamlanıb. Bu gün Qarabağda təməli qoyulan layihələr, tunellər, avtomobil yolları bölgədə görülən işlərin miqyasını göstərir. Zəngilan rayonunda təməli qoyulan birinci özəl sərmayə layihəsi də Türkiyə və Azərbaycanın birgə projesidir. Qısa müddətdə bu investisiyaları yatırmaq və bu işləri həyata keçirmək isə təbii ki, həm də keçmiş məcburi köçkünlərimizin geri qayıtmasi üçün bir müjdədir. Ötən gün isə Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanının açılışını bütün dünya izlədi. Qısa müddətdə - cəmi 8 ay ərzində müasir tələblərə tam cavab verən belə bir aeroportun inşa edilməsi dövlətimizin dayanıqlı iqtisadi qüdrətinin bariz nümunəsidir. Bu hava limanı bölgəni nəqliyyat-logistika mərkəzinə çevirəcək, turizm potensialını artıracaq, iqtisadi inkişafına təkan verəcək. Artıq bütün dünya bilməlidir ki, Azərbaycan və Türkiyə bundan sonra da hər zaman bir yerdə olacaq, bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək.”

Sonda Meydanəli Yolçuyev bunu da deyib ki, Azərbaycan və Türkiyənin birgə reallaşdırdıqları regional layihələrdən yararlana bilmək üçün Ermənistan qonşu ölkələrlə mehriban münasibətlər qurmağı bacarmalıdır: “Azərbaycan Vətən müharibəsində qazandığı şanlı Zəfərlə həm işğala, həm də bütün regionu inkişafdan saxlayan hərbi münaqişəyə birdəfəlik son qoydu. Bu gün artıq Cənubi Qafqazda bütün xalqların sülh və əmin-amanlıq şəraitində, yüksək rifah içində yaşaya bilmələri üçün tarixdə bu günə qədər mövcud olmamış real imkanlar yaranıb. Türkiyə və Azərbaycanın birlikdə həyata keçirdikləri regional layihələr və ilk növbədə əlbəttə ki, beynəlxalq nəqliyyat-logistik layihələr bu imkanların yalnız bizim xalqlarımız üçün deyil, bütün region ölkələri və qonşu dövlətlər üçün əlçatan olmasını təmin edə bilər. Bunun üçün isə sadəcə yeni regional reallıqlara uyğun hərəkət edilməlidir. Belə olan halda bu ərazilərdən keçəcək torpaq yollar və dəmir yolu xətləri təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün bölgə ölkələri üçün iqtisadi və ticarət imkanları yaradacaq. Bu imkanlardan İran, Gürcüstan, Ermənistan da daxil olmaqla Azərbaycanın bütün qonşuları yararlana biləcəklər. Əlbəttə ki, bunun üçün bütün bu ölkələr arasında ilk növbədə mehriban qonşuluq münasibətləri formalaşdırılmalıdır. Ermənistan isə Azərbaycana və Türkiyəyə qarşı hər hansı ərazi iddialarını və düşmənçilik münasibətlərini yaxasından atmalı və birdəfəlik başa düşməlidir ki, Azərbaycanla düşmənçilik yeni faciələr və səfalət demək olduğu halda, mehriban qonşuluq münasibətləri inkişaf və tərəqqi yoludur.”

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024