Mobil versiya
Ələmdar Quliyev: “Azərbaycan-Türkiyə qardaşlığı regional təhlükəsizliyin təmin olunmasını önə çıxaran ən mühüm amildir”
Tarix: 27-10-2021 | Saat: 12:00
Bölmə:Cəmiyyət | çapa göndər

Ələmdar Quliyev: “Azərbaycan-Türkiyə qardaşlığı regional təhlükəsizliyin təmin olunmasını önə çıxaran ən mühüm amildir”

“Bu gün Cənubi Qafqazda bütün xalqların sülh və əmin-amanlıq şəraitində, yüksək rifah içində yaşaya bilmələri üçün tarixdə bu günə qədər mövcud olmamış unikal imkanlar yaranıb. Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan Zəngəzur dəhlizi - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu bütün region ölkələri üçün əhəmiyyətli olacaq, regional və beynəlxalq iqtisadi əlaqələrin inkişafına mühüm töhfələr verəcək.”

Bu sözləri saytımıza verdiyi müsahibəsində İmişli Rayon Təhsil Şöbəsinin müdiri Ələmdar Quliyev deyib.

Müsahibimiz qeyd edib ki, Müzəffər Ali Baş Komandanın qətiyyətli siyasəti, Azərbaycan xalqının sarsılmaz birliyi və yenilməz Ordumuzun qəhrəmanlığı sayəsində qazandığımız parlaq tarixi Qələbə xalqımızın növbəti uğurlarını şərtləndirən əsas amildir: “Azərbaycan 44 günlük savaşda qalib gəlməklə bölgənin əsl potensialının həyata keçirilməsinə mane olan əsas səbəbi aradan qaldırdı. Bu gün artıq işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işləri sürətlə və keyfiyyətli şəkildə davam etdirilir. Artıq bir sıra iri layihələrin icrası tamamlanıb. Bu gün Qarabağda təməli qoyulan layihələr, tunellər, avtomobil yolları bölgədə görülən işlərin miqyasını göstərir. Zəngilan rayonunda təməli qoyulan birinci özəl sərmayə layihəsi də Türkiyə və Azərbaycanın birgə projesidir. Qısa müddətdə bu investisiyaları yatırmaq və bu işləri həyata keçirmək isə təbii ki, həm də keçmiş məcburi köçkünlərimizin geri qayıtmasi üçün bir müjdədir. Ötən gün isə Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanının açılışını bütün dünya izlədi. Qısa müddətdə - cəmi 8 ay ərzində müasir tələblərə tam cavab verən belə bir aeroportun inşa edilməsi dövlətimizin dayanıqlı iqtisadi qüdrətinin bariz nümunəsidir. Bu hava limanı bölgəni nəqliyyat-logistika mərkəzinə çevirəcək, turizm potensialını artıracaq, iqtisadi inkişafına təkan verəcək.”

Daha sonra Ələmdar Quliyev bildirib ki, bu gün Azərbaycan və Türkiyə arasında bütün sahələrdə əlaqələr davamlı yüksələn xətt üzrə inkişaf edir: “Türkiyə və Azərbaycan hər zaman bir-birinin yanında olub. Bu gün qardaş ölkə ilə bütün sahələrdə əlaqələr davamlı yüksələn xətt üzrə inkişaf edir, keyfiyyətcə yeni müstəviyə keçməkdədir. Vətən müharibəsi başlayan ilk saatlardan Türkiyə Prezidenti Azərbaycanla həmrəyliyini ifadə etdi. Bu, Azərbaycanın haqq işinə müdaxilə etmək iddiasında olan Ermənistanın havadarlarına bir mesaj idi. Qardaş ölkənin bütün dövlət strukturları Azərbaycanın qələbəsi üçün bütün sferalarda böyük əzmkarlıq göstərdilər, beynəlxalq təzyiqlərə baxmayaraq, qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədilər. Ötən gün baş tutan açılış mərasimində qardaş ölkənin liderinin iştirak etməsi bu həmrəyliyin məntiqi davamıdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak etməsi bu hadisənin tarixi önəm kəsb etdiyini göstərir. Artıq bütün dünya bilməlidir ki, Azərbaycan və Türkiyə bundan sonra da hər zaman bir yerdə olacaq, bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək. Necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq. Bu qardaşlıq birmənalı olaraq, bütün Türk dünyasının maraqlarına cavab verən və regional təhlükəsizliyin təmin olunmasını önə çıxaran çox vacib bir amildir və bütün Türk dövlətləri arasındakı əməkdaşlıq və qardaşlıq əlaqələrinin daha da güclənməsinə xidmət edir.”

Həmçinin Ələmdar Quliyev belə bir məqamı da vurğulayıb ki, Cənubi Qafqazda yaranan yeni reallıqlar bütün region ölkələri qarşısında böyük iqtisadi inkişaf perspektivləri açıb: “Azərbaycanın tarixi qələbəsi nəticəsində Cənubi Qafqazda yaranan yeni reallıqlar həm region ölkələri qarşısında, həm də ümumilkdə Avrasiya məkanında böyük iqtisadi inkişaf perspektivləri açıb. O cümlədən bu imkanlar Türk Şurasının Zirvə görüşündə də çox yüksək qiymətləndirilmişdir. Azərbaycan və Türkiyə Prezidentləri oktyabrın 26-da verdikləri birgə bəyanatda bir daha bütün region ölkələrinin bu imkanlardan yararlana biləcəklərini bir daha vurğuladılar. Həmçinin bildirildi ki, Ermənistan da bu imkanlardan yararlanmaq şansı alacaq. Məlumdur ki, Ermənistanın hazırda onun müttəfiqi olan Rusiya ilə dəmir yolu əlaqəsi yoxdur. Bu dəmir yolu əlaqəsi Azərbaycan ərazisindən yarana bilər. Ermənistanın onun qonşusu olan İranla dəmir yolu əlaqəsi yoxdur. Naxçıvan vasitəsilə bu dəmir yolu təmin edilə bilər. Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşir, Orta Asiya Avropa ilə birləşir. Yəni, Azərbaycan artıq yeni nəqliyyat dəhlizinin yaradılması istiqamətində iri həcmli işlərə start vermişdir.”

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024