Mobil versiya
Ülvi Quliyev: “Ölkə Prezidentinin Qubadlıya səfəri bu rayondan olan köçkünlərimizin öz yurdlarına qayıdacaqları günü daha da yaxınlaşdırdı”
Tarix: 26-10-2021 | Saat: 10:30
Bölmə:Karusel / Siyasət | çapa göndər

Ülvi Quliyev: “Ölkə Prezidentinin Qubadlıya səfəri bu rayondan olan köçkünlərimizin öz yurdlarına qayıdacaqları günü daha da yaxınlaşdırdı”

“Dövlətimizin başçısı özünün yaratdığı ənənəyə uyğum olaraq bu dəfə də dədə-baba yurdumuz olan Qubadlının işğaldan azad olunmasının birinci ildönümünü bu rayonun artıq ən yaxın gələcəkdə yenidən sakinləri olacaq keçmiş köçkünləri ilə birlikdə qeyd edib. Ölkə Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 25-də Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər. Dövlət başçısı rayon ictimaiyyətinin nümayəndələrinə etdiyi müraciətində xüsusi olaraq vurğulayıb ki, bu gün Qubadlı rayonunun tarixində əlamətdar və tarixi bir gündür. Çünki düz bir il bundan əvvəl müzəffər Azərbaycan Ordusu Qubadlını erməni işğalından azad etmişdir. Həmçinin Ölkə Prezidenti 25 oktyabr tarixinin ümumiyyətlə Vətən müharibəsinin gedişatında önəmli yer tutduğunu qeyd edib. Çünki Qubadlı azad olunandan sonra Laçın istiqamətində yol açılıb və bir neçə gündən sonra Azərbaycan Ordusu Laçının cənub hissəsində yerləşən kəndləri də azad edib və Laçın dəhlizini nəzarətə götürüb. Bu isə artıq müharibənin taleyinin həll olunması demək idi. Həqiqətən də, bundan bur neçə gün sonra, noyabr ayının 8-də Şuşa işğaldan azad olundu və iki sonra düşmən kapiyulyasiya aktını imzalamağa məcbur oldu.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ülvi Quliyev deyib.

Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin işğaldan azad edilmiş digər ərazilərə olduğu kimi, Qubadlıya səfəri də bir çox önəmli təməlqoyma və açılış tədbirləri ilə əlamətdar olması bir daha həmin rayon və bölgələrdə bərpa və yenidənqurma işlərinin böyük vüsətlə həyata keçirildiyindən xəbər verir: “Prezident İlham Əliyevin işğaldan azad edilmiş rayon və bölgələrə etdiyi hər bir səfəri bir tarixi hadisədir və bu səfərlər zamanı həmin bölgələrin inkişafının, tərəqqisinin təməli qoyulur. O cümlədən dövlət başçısının Qubadlıya səfəri də bir sıra əhəmiyyətli tədbirlərlə əlamətdar olub. Belə ki, səfər çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 10-cu kilometrliyindən Qubadlı şəhər mərkəzinə gedən Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində iştirak ediblər. Xudafərin-Laçın yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində Prezident İlham Əliyevin tapşırığı ilə icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biridir. Başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Xudafərin su anbarı yaxınlığından keçən hissəsindən götürən bu yolun uzunluğu 56,4 kilometrdir. İlham Əliyevin tapşırığına əsasən, Qarabağın inkişaf planı nəzərə alınmaqla Xudafərin-Laçın və Xanlıq-Qubadlı avtomobil yolları dörd hərəkət zolaqlı olacaq. Yeni inşa olunan yollar işğaldan azad edilmiş Zəngilan, Qubadlı və Laçın rayonlarının ərazisindən keçir. Avtomobil yolu Qubadlı və Laçın şəhərləri də daxil olmaqla, bu rayonların 30-dan çox yaşayış məntəqəsini əhatə edir. Dövlətimizin başçısı Xanlıq-Qubadlı yolunun təməlini şəxsən qoymaqla bu layihənin xüsusi əhəmiyyətini vurğulayıb. Həmçinin rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə də Ölkə Prezidenti bildirib ki, Qubadlının bərpası və yenidən qurulması üzrə görülən işlərin sırasında məhz infrastruktur işləri birinci yerdə gəlir. Bu baxımdan Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın oktyabrın 25-də açılışında iştirak etdikləri sistem əhəmiyyətli 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının istismara verilməsi də çox önəmli hadisədir.”

Ülvi Quliyev daha sonra deyib ki, işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işləri bütün keçmiş məcburi köçkünlərin tezliklə öz doğma torpaqlarına tezliklə qayıda bilmələri üçün həyata keçirilir və bu gün Azərbaycan Prezidentinin həmin ərazilərə etdiyi hər səfəri ilə daha da yaxınlaşır: “Bu gün işğaldan azad edilmiş ərazilərdə görülən bütün işlər yalnız bir məqsəd naminə – keçmiş köçkünlərin tezliklə öz doğma torpaqlarına, dədə-baba yurdlarına qayıda bilmələri üçün həyata keçirilir. Azərbaycan Prezidentinin həmin ərazilərə mütəmadi səfərləri, dövlətimizin başçısının öz əli ilə qoyduğu hər bir təməl daşı isə həmin günü daha da yaxınlaşdırır. İstər Qubadlı, istərsə də digər bölgələrimiz erməni vandalizmindən, işğalçı qüvvələrin törətdikləri vəhşiliklərdən çox zədə almış, xeyli dağıntılara məruz qalmışdır. Bir çox rayonlarımızda kəndlər tamamilə məhv edilmişdir. Elə təkcə bununla bir daha əmin olmaq mümkündür ki, erməni faşizminin mahiyyəti, məzmunu nədir. Təəssüflər olsun ki, 27 illik işğal dönəmində dünya birliyi ermənilərin bu cinayətlərinə göz yumdu, ikili standartlar sərgiləməkdən belə çəkinmədi. Lakin Azərbaycan Ordusu 27 ildən sonra BMT-nin qətnamələrini təkbaşına icra edərək, öz torpaqlarını düşmən tapdağından azad etdi. Şübhəsiz ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində həm hərbi, həm də insanlıq əleyhinə cinayətlər törədib və bütün bunlara görə mütləq beynəlxalq məhkəmələrdə cavab verməlidir”.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024