Mobil versiya
Ülvi Quliyev: “Ölkə Prezidentinin bölgələrə hər növbəti səfəri bu ərazilərin iqtisadi yüksəlişinə daha bir güclü təkandır”
Tarix: 19-10-2021 | Saat: 16:55
Bölmə:Manşet / Siyasət | çapa göndər

Ülvi Quliyev: “Ölkə Prezidentinin bölgələrə hər növbəti səfəri bu ərazilərin iqtisadi yüksəlişinə daha bir güclü təkandır”

“Bu gün artıq bütün dünya bilir ki, Azərbycan torpaqlarının işğal altında saxlandığı 30 ilə yaxın müddət ərzində bu istiqamətdə gedən bütün beynəlxalq proseslər, aparılan danışıqlar əslində bir məqsədi güdürdü – vaxtı uzatmaq, münaqişəni dondurmaq və son nəticədə Azərbaycanı işğal faktı ilə barışmaq məcburiyyətində qoymaq. Lakin bütün bu illər ərzində Ölkə Prezidenti cənab İlham Əliyev hər dəfə deyirdi ki, Azərbaycan işğalla barışmayacaq və öz torpaqlarını nəyin bahasına olursa-olsun azad edəcək. Dövlət başçımız oktyabrın 17-də Füzuli ictimaiyyətinin nümayəndələri ilə keçirdiyi görüşdə də bu məsələyə bir daha toxundu. Prezident İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyeva Füzuli şəhərinin işğaldan azad edilməsinin birinci ildönümünü füzulililərlə qeyd etməklə bir daha Azərbaycanda getdikcə daha da möhkəmlənməkdə olan xalq-iqtidar birliyinin sarsılmazlığını bütün dünyaya nümayiş etdirdilər.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ülvi Quliyev deyib.

Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin işğaldan azad edilmiş rayon və bölgələrə etdiyi hər bir səfəri bir tarixi hadisədir və bu səfərlər zamanı həmin bölgələrin inkişafının, tərəqqisinin təməli qoyulur: “Azərbaycan öz ərazilərini düşməndən azad etdiyi ilk günlərdən bu torpaqlarda bərpa-quruculuq işlərinə start verib. Bununla da xalqımız və dövlətimiz bir tərəfdən bu torpaqların əsil sahiblərinin kim olduqları barədə bütün dünyaya hər dəfə yeni bir mesaj göndərir, digər tərəfdən də ölkəmizin iqtisadi qüdrətini nümayiş etdirir. Ölkə Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə mütəmadi etdiyi səfərlər görülən işlərin daim diqqət mərkəzində saxlandığını təsdiq edir və eyni zamanda da bu işlərin icrasına ən güclü stimulverici amil kimi təsir göstərir. Diqqətəlayiq haldır ki, dövlət başçısının hər belə səfəri açılış və təməlqoyma tədbirləri ilə əlamətdar olur. O cümlədən Ölkə Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın oktyabrın 17-də Füzuli rayonuna etdikləri səfər də mühüm əhəmiyyət kəsb edir. Səfər çərçivəsində dövlət başçısı və birinci xanım Memorial Kompleksin və şəhərin bərpasının təməl daşını qoyublar. Həmçinin səfər zamanı Ölkə Prezidenti və xanımı Füzuli şəhərində Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin və çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma tədbirlərində iştirak ediblər. Əlbəttə ki, Azərbaycanın iqtisadi qüdrətini nümayiş etdirən ən bariz nümunələrdən biri də cəmi 8 ay ərzində inşa edilmiş Füzuli Beynəlxalq Hava Limanıdır. Dövlət başçımızın Füzuli ictimaiyyəti ilə görüşü zamanı etdiyi çıxışında dediyi kimi, bəlkə də dünya praktikasında, dünya tarixində belə qısa müddət ərzində, minalanmış ərazidə beynəlxalq hava limanı tikilməmişdir. Artıq bütün tikinti və ətraf ərazinin abadlaşdırılması işləri başa çatdırılıb. Hava limanında görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib. Deyildiyi kimi, bütün bunlar Azərbaycanın yaradıcı və sülhsevər ruha sahib olduğunun nümayişidir. Lakin bununla yanaşı hər kəs bilməlidir ki, Azərbaycan sülhü sevdiyi kimi, onu qorumağın da qaydasını bilir və lazım gələrsə, bu sülhə təhdid törədən bütün qüvvələri dəf etməyə hər an hazırdır.”

Daha sonra Ülvi Quliyev qeyd edib ki, Vətən müharibəsinin gedişində ən önəmli hadisələrdən biri məhz Füzuli şəhərinin işğaldan azad edilməsi olub: “Bir il bundan əvvəl, oktyabr ayının 17-də şanlı Azərbaycan Ordusu Füzuli şəhərini və bir neçə kəndi işğalçılardan azad etdi. Təxminən otuz illik fasilədən sonra bu ərazilərdə Azərbaycan bayrağı qaldırıldı və Azərbaycan dövləti bu torpaqlarda da öz suverenliyini təmin etdi. Öz çıxışında Prezident İlham Əliyev də qeyd etmişdir ki, Füzulinin işğaldan azad edilməsi müharibənin ümumilikdə gedişinə və müqəddəratına həlledici təsir göstərəcək strateji əhəmiyyətli məsələ idi. Bu da ilk növbədə rayonun coğrafi mövqeyi və ərazisinin böyüklüyü ilə bağlıdır. Qeyd etmək lazımdır ki, Ermənistanın işğalçı silahlı qüvvələri məhz bu istiqamətdə çox güclü müdafiə istehkamları yaratmış və onları 30 il ərzində möhkəmləndirmişdilər. Düşmənin müqaviməti bu istiqamətdə xüsusilə güclü idi. Çünki Ermənistan tərəfi də bilirdi ki, Füzulini aldıqdan sonra artıq Şuşa istiqamətinə getmək üçün Azərbaycan Ordusuna daha geniş imkanlar açılacaq. Buna görə də onlar şiddətli müqavimət göstərirdilər. Lakin düşmənin bütün səyləri hədər idi. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən torpaqlarını azad etməkdə tam qərarlı olan qəhrəman əsgər-zabitlərimiz bu istehkamları da öz canları, qanları bahasına keçdilər və işğalçıları 44 gün ərzində addım-addım qovaraq torpaqlarımızdan çıxardılar. Bu gün artıq müharibə və münaqişə tarixdə qalıb. Möhtərəm Prezidentimizin dediyi kimi, biz artıq gələcəyə baxmalıyıq. Bu gün Azərbaycan yeni regional geosiyasi və geostrateji reallıqların müəllifi olaraq öz gələcəyini özü qurur. Heç bir şübhə yoxdur ki, bu günə qədər dövlətimiz tərəfindən bəyan edilən bütün hədəflər necə təmin edilmişdisə, növbəti dövr üçün nəzərdə tutulmuş hədəflər də eyni ruh yüksəkliyi ilə təmin ediləcək. Azərbaycan bütün bu hədəflərə çatacaq, ölkəmiz inkişaf edəcək, ordumuz daha güclü olacaq və Azərbaycan xalqının təhlükəsizliyi hər zaman ən yüksək səviyyədə təmin ediləcək.”

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024