Mobil versiya
Deputat: Azərbaycan Qoşulmama Hərəkatının lokomotivinə çevrilib
Tarix: 15-10-2021 | Saat: 11:29
Bölmə:Karusel / Siyasət | çapa göndər

Deputat: Azərbaycan Qoşulmama Hərəkatının lokomotivinə çevrilib

Qoşulmama Hərəkatına Azərbaycanın sədrlik etdiyi illər təşkilatın ən uğurlu dövrüdür. Prezident İlham Əliyevin liderliyi və təşəbbüskarlığı Qoşulmama Hərəkatını dünyada daha işlək bir təşkilata çevirib, onun nüfuzunu daha da artırıb. Qoşulmama Hərəkatı üzv ölkələrin sayına görə dünyada ən böyük ikinci təşkilatdır. Bununla yanaşı, Azərbaycanın sədrliyi dövründə qəbul etdiyi qərarlar və onların dünya üçün əhəmiyyətinə diqqət yetirəndə heç kim inkar edə bilməz ki, görülən işlərə görə Qoşulmama Hərəkatı dünyada ən işlək təşkilata çevrilib. 2020-ci ilin əvvəllərindən həyatımıza daxil olan və pandemiyaya çevrilən COVID-19 bəlasının dünya ölkələri arasındakı münasibətləri iflic vəziyyətinə saldığı dövrdə Qoşulmama Hərəkatının Sədri, Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə iclasların videoformatda təşkili ənənəsi meydana gəldi, onlayn qaydada beynəlxalq konfransların keçirilməsinə başlanıldı. Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Sədri kimi bütün dünyanın COVID-19 pandemiyasına qarşı mübarizədə səfərbər olunması, peyvənd millətçiliyi və ayrı-seçkiliyin qarşısının alınması ilə bağlı təşəbbüsləri BMT tərəfindən yüksək dəyərləndirilib, Xüsusi Sessiya çağırılaraq müzakirə olunub.

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi öz üzərinə götürəndə görüləcəyi işlərlə bağlı müəyyən proqram hazırladığını bildirən deputat deyib ki, hazırda həmin proqram uğurla icra olunmaqdadır. Azərbaycanın hazırladığı sədrlik fəaliyyəti proqramı görüləcək tədbirlərlə zəngin olmaqla Qoşulmama Hərəkatını dünyada daha işlək və məsələlərə təsir gücünü nümayiş etdirən təşkilata çevirib.

Qoşulmama Hərəkatına üzv ölkələr arasında əməkdaşlıq münasibətlərinin möhkəmlənməsinin beynəlxalq təşkilatlarda müəyyən məsələlərin müzakirəsi zamanı vahid siyasi güc formalaşdıraraq daha ədalətli qərarların qəbuluna yol açdığını qeyd edən deputat vurğulayıb: “Qoşulmama Hərəkatına sədrliyi dövründə bu təşkilata üzv dövlətlərin parlamentləri arasında əməkdaşlığın inkişafı ilə bağlı addımların atılması, Hərəkatın Gənclər Şəbəkəsinin təsis iclasının keçirilməsi və ümumən təşkilat daxilində təsisatlanma ideyası üzərində yeni platformaların yaradılmasının mümkünlüyü barədə Azərbaycanın təşəbbüsləri üzv dövlətlər tərəfindən yüksək dəyərləndirilib, həmin istiqamətdə fəaliyyətə başlanılıb. Azərbaycan Qoşulmama Hərəkatının lokomotivinə çevrilib. Sədrlik etdiyimiz dövr Qoşulmama Hərəkatının ən fəal mərhələsidir. Məhz ona görə də Hərəkata üzv dövlətlər Azərbaycanın sədrliyinin daha bir il - 2023-ci ilə qədər uzadılmasına qərar veriblər”.

“Prezident İlham Əliyev yenilikçidir, novatordur”, - deyə deputat əlavə edib ki, dövlətimizin başçısı ölkəmizin üzərinə hər hansı bir beynəlxalq missiyanı götürürsə, ona daha məsuliyyətlə yanaşır və öhdəsindən daha ləyaqətlə və layiqli gəlməyə çalışır. Məhz buna görə dünyada dostlarımızın sayı artmaqdadır. Bunun bariz nümunəsi kimi 44 günlük Vətən müharibəsi dövründə BMT Azərbaycana qarşı qətnamə qəbul etmək istəyərkən Qoşulmama Hərəkatına üzv dövlətlərin bunun qarşısını aldığını göstərmək olar. Azərbaycan ərazi və əhali baxımından kiçik ölkə olsa da, dünya siyasətində qəbul edilən qərarlara təsiri baxımından qat-qat böyük və təsiredici gücə malik dövlətə çevrilib. Bütün bu uğurlarımızın müəllifi Prezident İlham Əliyevdir.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024