Mobil versiya
Azərbaycan heç bir dövlətin diktəsi ilə oturub-durmur, siyasətində müstəqildir - Vüqar Rəhimzadə
Tarix: 14-10-2021 | Saat: 15:59
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan heç bir dövlətin diktəsi ilə oturub-durmur, siyasətində müstəqildir -


Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasəti, həmçinin böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında münasibətlər qurması istər ikitərəfli əməkdaşlıq əlaqələrində, istərsə də beynəlxalq münasibətlər sistemində yerinin və mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Azərbaycanın BMT Baş Assambleyasından sonra dünyada ikinci ən böyük təsisat olan, sıralarında 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına üzvlüyü və quruma iki il sədrlik missiyasını üzərinə götürməsi də ölkəmizin artan nüfuzunun göstəricisidir.

Dövlət başçısı İlham Əliyevin oktyabrın 11-də Qoşulmama Hərəkatının Yüksək Səviyyəli Toplantısında videoformatda çıxışı da bir çox məqamların təqdimatıdır. Ölkə Prezidenti çıxışında Hərəkatın tarixi, prinsipləri, Azərbaycanın bu quruma üzvlüyündən və sədrliyindən bəhs edərək təşkilatın fəaliyyəti ilə bağlı bir sıra təşəbbüslərlə çıxış etdi. Suverenlik və ərazi bütövlüyünə hörmət, təcavüz aktlarından çəkinmə, başqalarının daxili işlərinə qarışmama kimi prinsipləri özündə ehtiva edən tarixi Bandunq Prinsiplərinin Qoşulmama Hərəkatının təməlində dayandığını önə çəkən dövlət başçısı bildirdi ki, bu prinsiplər müasir beynəlxalq münasibətlərdə aktual və vacib olaraq qalır. Əgər bütün ölkələr bu prinsiplərə riayət etsəydilər, onda dünyada müharibələri və münaqişələri görməzdik.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Trend-ə bildirib.

V.Rəhimzadə qeyd edib ki, Prezident İlham Əliyev münaqişəli məsələlərin həllində dünyanın ikili standartlara əsaslanan siyasətinin mənfi təsirlərindən geniş bəhs edib: "Azərbaycan 30 ilə yaxın dövrdə belə ikili yanaşmaya məruz qalıb. Ermənistan beynəlxalq münasibətlərdə tüğyan edən ikili standartlardan istifadə edərək Azərbaycan torpaqlarını 30 ilə yaxın müddətdə işğal altında saxladı. Azərbaycan bu müddətdə sülh danışıqlarına sadiqlik nümayiş etdirərək məsələnin dinc vasitələrlə həllində maraqlı olduğunu atdığı hər addımında təsdiqlədi. Ermənistanın isə əksinə, danışıqlara imitasiya naminə qatılması təbii ki, himayədarlarının ona dəstəyindən irəli gəlirdi. Hətta bu dəstəkdən ruhlanan təcavüzkar daha da irəli gedərək yeni ərazilər uğrunda müharibə planları hazırladı".

YAP Xətai rayon təşkilatının sədri bir daha diqqəti BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın icrasını gözləyən, amma maraqlar naminə müşkülə çevrilən 4 qətnaməsindən bəhs edərək bildirib ki, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın rəşadətli Ordusu dövlət başçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu qətnamələri təkbaşına icra etdi, dünyaya ədalətin və beynəlxalq hüququn mövcudluğunu sübut etdi: "Reallıq budur ki, dünya təcavüzkar dövlətlə işğala məruz qalan dövlət arasında fərq qoymadı. Ən əsası dünyanın aparıcı dövlətləri işğalçını adı ilə çağırmağın münaqişənin həllinə mane olacağını bildirdilər. Məhz bütün bunlara görə Azərbaycan işğalın davam etdiyi 30 ildə bir çox suallara cavab tapmaq istədi".

V.Rəhimzadə vurğulayıb ki, 44 günlük Vətən müharibəsi nəticəsində tamamilə məğlub edilmiş Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur oldu. Vətən müharibəsi 30 illik konfliktə son qoydu, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı: "Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin daim dəstəklənməsinin yüksək qiymətləndirildiyini vurğulayan dövlət başçısı İlham Əliyev sözügedən toplantıda bu məqamı da xüsusi qeyd etdi ki, Vətən müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri olan Qoşulmama Hərəkatının yeddi ölkəsinin Azərbaycana verdikləri dəstək olduqca dəyərlidir. Bu baxımdan ki, həmin dövlətlər BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrinə istinadın edilmədiyi birtərəfli mətbuat açıqlamasının qəbul edilməsinə imkan vermədilər".
"Günümüzün reallıqlarından biri kimi COVID-19 pandemiyası ilə mübarizə tədbirləri də Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerinə aydınlıq gətirdi» söyləyən V.Rəhimzadə bildirib ki, Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüslər həm Qoşulmama Hərəkatının üzvlərini, həm də bütün BMT-ni sanki səfərbər etdi və aktiv şəkildə pandemiyaya qarşı mübarizənin daha operativ yollarını tapmaq üçün müzakirələrə başlanıldı: "Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının, Türk Şurasının Zirvə görüşləri, BMT Baş Assambleyasının Xüsusi Sessiyası keçirildi. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiya ilə mübarizədə nümunəvi ölkə adlandıraraq möhtərəm Prezidentimizin irəli sürdüyü təşəbbüsləri dəstəklədi. Bugünədək Azərbaycan 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərib. Azərbaycan, həmçinin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi edib ki, onun da yarısı Qoşulmama Hərəkatının üzvlərinə birbaşa yardımdır. Azərbaycan təmənnasız olaraq dörd ölkəyə 150 min doza peyvənd ianə edib, “peyvənd millətçiliyi”nə və peyvəndlərin zəngin ölkələr tərəfindən öz ehtiyaclarından daha artıq miqdarda alınmasına qarşı narazılığını açıq şəkildə bildirib. 2021-ci ilin mart ayında Azərbaycanın təşəbbüsü əsasında BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından peyvəndlərə bərabər çıxışın təmin edilməsinə dair qətnamə qəbul edilib. Prezident İlham Əliyev topantıda bu təşəbbüslə çıxış etdi ki, BMT Baş Assambleyasının cari sessiyası çərçivəsində də Azərbaycan eyni mövzuda qətnamə layihəsini irəli sürməyi planlaşdırır".

YAP Xətai rayon təşkilatının sədri bu ümumiləşdirməni aparıb ki, hər bir beynəlxalq tədbir hər bir dövlətin, ölkə başçısının beynəlxalq aləmdə nüfuzuna aydınlıq gətirir: "Müstəqil addımları ilə xarici siyasətdə davamlı uğurlara imza atan Azərbaycan artıq regional inkişafın aparıcı qüvvəsinə çevrilib, dünya birliyində etibarlı tərəfdaş kimi nüfuz qazanıb. Azərbaycan heç bir dövlətin diktəsi ilə oturub durmur, siyasətində müstəqildir və hər bir addımında dövlət maraqları öndə dayanır. Şübhəsiz, irəli sürülən təşəbbüslərin dəstəklənməsində Azərbaycan Prezidentinin şəxsi nüfuzu əsas rol oynayır. Bu baxımdan Qoşulmama Hərəkatı üzvləri tərəfindən Azərbaycanın sədrliyinin daha bir il uzadılmasına dair qərarın verilməsi təsadüfi deyil və bu addım Azərbaycana olan etimadın, inamın növbəti təzahürüdür. Bu qərar, eyni zamanda, Qoşulmama Hərəkatı ölkələri tərəfindən cənab Prezidentin qlobal liderlik səylərinə verilən yüksək qiymətdir".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024