AZ RU Mobil versiya
Novruzəli Aslanov: “Azərbaycan çoxəsrlik dövlətçilik ənənələrini davam etdirir”
Tarix: 12-10-2021 | Saat: 15:45
Bölmə:Manşet / Siyasət / Seçilənlər-7 | çapa göndər

Novruzəli Aslanov: “Azərbaycan çoxəsrlik dövlətçilik ənənələrini davam etdirir”

“Azərbaycan Vətən Müharibəsində tarixi Qələbə əldə etməklə ilk növbədə özünün ərazi bütövlüyünü bərpa etdi. Lakin bu, sadəcə Azərbaycan üçün deyil, eləcə də bütün region ölkələri, qonşu dövlətlər və dünya birliyi üçün kifayət qədər böyük əhəmiyyət kəsb edən tarixi hadisədir. Vətən müharibəsinin nəticələri sözsüz ki, ölkəmizin beynəlxalq nüfuzuna, dünya birliyi ölkələri arasında tutduğu layiqli yerədə təsirsiz ötüşməyib. Azərbaycan hal-hazırda XXI əsrin müasir texnologiyalarının tətbiq olunduğu müharibədə qalib gəlmiş ölkədir və hər kəs bununla hesablaşır. Bütün bunlar isə əlbəttə ki, ölkəmizin suverenliyi, dövlət müstəqilliyi və milli kimliyi ilə bağlı rəmzi hadisələrə yenidən sistemli baxış keçirilməsi zərurətini ortaya qoyub. Məhz bu baxımdan 18 oktyabrın Müstəqilliyin Bərpası Günü və 28 mayın Müstəqillik Günü elan edilməsi ilə bağlı Milli Məclisə daxil olmuş sənəd vacibdir və böyük əhəmiyyət kəsb edir.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Milli Məclisinin deputatı Novruzəli Aslanov deyib.

Millət vəkili xatırladıb ki, 1991-ci ildə Azərbaycan yeni müstəqillik əldə etməyib, 1918-ci ildə elan etdiyi suverenliyini bərpa edib. 1991-ci il 18 oktyabr tarixində qəbul olunmuş “Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nda isə adın düzgün ifadə olunmaması sadəcə tələskənliyin nəticəsidir: “Azərbaycan öz müstəqilliyini 1918-ci ildə əldə edib. Bu, danılmaz tarixi faktdır və Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsində öz təsdiqini tapıb. 1991-ci il 18 oktyabr tarixində qəbul olunmuş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında da göstərilir ki, Azərbaycan Respublikasının Ali Soveti məhz İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir. Yəni Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini məhz bərpa etməsi 30 avqust tarixli Bəyannamədə də öz əksini tapıb. Sadəcə olaraq tələskənlik səbəbindən oktyabrın 18-də qəbul olunmuş qanunun adı “dövlət müstəqilliyinin bərpası haqqında” deyil, “dövlət nüstəqilliyi haqqında” kimi ifadə olunub.”

Öz fikirlərini davam etdirərək Novruzəli Aslanov bildirib ki, 1991-ci il 18 oktyabr tarixinin Müstəqilliyin Bərpası Günü elan edilməsi tamamilə məqsədəuyğundur və tarixi həqiqətləri daha obyektiv və dürüst şəkildə əks etdirir: “Əminəm ki, Milli Məclisə daxil olan “Müstəqillik Günü haqqında” qanun layihəsində 28 mayın Müstəqillik Günü, 18 oktyabrın isə Müstəqilliyin Bərpası Günü elan edilməsi barədə təklif vacibdir və onun qəbul edilməsi son dərəcə məqsədəuyğundur. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla faktiki olaraq Azərbaycan müstəqilliyini dünyaya bəyan edib, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirib. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılıb, dövlət atributları təsis olunub, sərhədləri müəyyən edilib, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilib, Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılıb. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik təsbit edilməsində əsaslı rol oynayıb. Beləliklə də 1918-ci il mayın 28-də Azərbaycanın öz müstəqilliyini əldə etməsi tarixi faktdır. 1991-ci il 18 oktyabr tarixində isə Azərbaycan Respublikası faktiki olaraq öz müstəqilliyini bərpa edib. Buna görə də həmin tarixin Müstəqilliyin Bərpası Günü elan edilməsi tamamilə məqsədəuyğundur və tarixi həqiqətləri daha düzgün əks etdirir. Nəzərə almaq lazımdır ki, bu qanun layihəsi ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu bir daha tam dolğunluğu ilə göstərir. Bütün bunlar nəzərə alınmaqla, hesab edirəm ki, 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması hüquqi baxımdan əsaslandırılmış və tarixi həqiqətlərin daha obyektiv şəkildə ifadə olunması baxımından məqsədəuyğun olacaq.”

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

16400 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-10-2021