Mobil versiya
Malik Həsənov: Qalib, müstəqil Azərbaycan hər bir azərbaycanlı üçün qürur mənbəyidir
Tarix: 12-10-2021 | Saat: 08:51
Bölmə:Siyasət | çapa göndər

Malik Həsənov: Qalib, müstəqil Azərbaycan hər bir azərbaycanlı üçün qürur mənbəyidir

2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Zəfər yürüşünün hər günü tariximizi qələbə səhifələri ilə zənginləşdirdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin oktyabrın 9-da Hadrutun işğaldan azad edilməsinin birinci ildönümünü Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə qeyd etmək üçün həmin qəsəbəyə və Tuğ kəndinə səfəri bir daha hər birimizi bir il bundan əvvəl yaşadığımız sevincli anlara qaytardı. Ötən il oktyabrın 9-da Prezident, Ali Baş Komandan İlham Əliyev xalqa bu müjdəni çatdırmışdı: Hadrut qəsəbəsi və 8 yaşayış məntəqəsi işğaldan azad edildi. Dövlətimizin qətiyyəti sayəsində Azərbaycan Ordusu strateji yüksəklikləri işğaldan azad edərək hədəfə doğru inamla irəlilədi. Bu baxımdan Hadrut qəsəbəsinin işğaldan azad edilməsinin strateji və hərbi nöqteyi-nəzərdən əhəmiyyəti sonrakı Zəfərlərimizdə özünün aydın ifadəsini tapdı”.

Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov söyləyib.

Dövlətimizin başçısının tarixi Zəfərimizdən sonra bu ərazilərə hər səfərinin soydaşlarımızın Böyük Qayıdışını daha da yaxınlaşdırdığını qeyd edən M.Həsənov bildirib: “Prezident İlham Əliyev Hadrut qəsəbəsində yeni məscidin, yeni “Hadrut” qovşaq yarımstansiyasının təməlini qoydu, Hadrut-Cəbrayıl-Şükürbəyli, Tuğ-Hadrut və Füzuli-Hadrut yollarında aparılan tikinti işləri ilə tanış oldu. Hadrut qəsəbəsinin timsalında dünya bir daha görür ki, ermənilər 30 ilə yaxın dövrdə işğal etdikləri torpaqlarımızda yalnız dağıntı işləri aparıblar. Azərbaycan bu gün işğal illərində daşı daş üstündə qalmayan ərazilərini bərpa edir. Bunun üçün təbii ki, zamana ehtiyac var. Bu dağıntılar, eyni zamanda, ermənilərin bu torpaqlarda müvəqqəti olduqlarını dərk etdiklərini də təsdiqləyir. Baxmayaraq ki, onlar tarixi saxtalaşdırmaqla, özlərinə saxta tarix yazmaqla artıq tarixə qovuşmuş Dağlıq Qarabağın onlara məxsus olduğunu bildirirdilər. 44 günlük Vətən müharibəsində tarixi Zəfərimiz Ermənistanın təbliğatının istər işğal, istər müharibə, istərsə də postmüharibə dövründə yalan üzərində qurulduğunu bir daha 30 ildə həqiqətləri eşitmək və görmək istəməyən dövlətlərə çatdırdı. Real olan budur ki, ermənilərin tarixi də, keçmişi də, dövlətçiliyi də, mifologiyası da saxtadır”.

“Müharibə haqqında hələ çoxlu kitablar, məqalələr yazılacaq, Azərbaycanın hərb tarixi daha dərindən öyrəniləcək”, - söyləyən M.Həsənov vurğulayıb ki, şəhidlərimiz qanları, qazilərimiz qəhrəmanlıqları, şücaətləri ilə tarix yazaraq xalqımızın böyüklüyünü, məğrurluğunu və yenilməzliyini dünyaya nümayiş etdirdilər. “Prezident İlham Əliyev xalqın həmrəyliyinin təsdiqi kimi minlərlə gəncin könüllü olaraq cəbhəyə getmək istəyini, yaralıların sağalmadan döyüşə getdiklərini diqqətə çatdırır. 44 gündə bir addım da olsun belə geri çəkilmədik. Azərbaycan əsgəri, zabiti ilk gündən bu amalla müharibəyə başladılar ki, qalib olacaqlar, torpaqlarımız işğaldan azad ediləcək, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq. Qələbənin səbəbi məhz bu idi - Vətən, torpaq sevgisi. Dünya mətbuatında da bu reallıq öz əksini tapır ki, Vətən müharibəsində Azərbaycanın tarixi Qələbəsi xalqımızın Vətən sevgisinin nümunəsidir”, - deyə deputat əlavə edib.

Diqqəti postmünaqişə dövrünün mühüm reallıqlarına yönəldən M.Həsənov bildirib ki, Vətən müharibəsində tarixi Qələbə, ərazi bütövlüyümüzün bərpası, Azərbaycanın dünyada layiqli yeri, əldə etdiyi böyük nüfuz ölkəmizin suverenliyi, dövlət müstəqilliyi və milli kimliyi ilə bağlı rəmzi hadisələrə yenidən sistemli baxışı zəruri edir: “Bu baxımdan 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü adlandırılması ilə bağlı Milli Məclisə təqdim olunan qanun layihəsi ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır. Azərbaycanın müstəqillik tarixi 1918-ci ildən başlanır. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi Azərbaycanın müstəqillik tarixində keçdiyi enişli-yoxuşlu yolun sonunda parlayan ölkəmiz üçün möhkəm təməlin yaranmasını ətraflı şəkildə bugünkü və gələcək nəsillərə çatdırdı. 103 illik tarixi vərəqlənən Azərbaycan Xalq Cümhuriyyəti dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olması faktına əsaslanır. Qalib, müstəqil Azərbaycan hər bir azərbaycanlı üçün qürur mənbəyidir”.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-05-2025