Mobil versiya
Neftin bahalaşması manatın dəyərinə necə təsir edəcək? - ŞƏRH
Tarix: 07-10-2021 | Saat: 15:28
Bölmə:İqtisadiyyat | çapa göndər

Neftin bahalaşması manatın dəyərinə necə təsir edəcək? - ŞƏRH

Pərviz Heydərov yazır...

Azərbaycan markalı “Azeri Light” neftinin 1 barelinin qiyməti 6 oktyabr 2021-ci il tarixinə 85 ABŞ dollarını keçib. Dövlət gəlirlərimizin artacağı baxımından bu, olduqca əlverişli vəziyyətdir. Başqa sözlə desəm, 200 faizdən çox qazanc deməkdir. Xatırladım ki, sözügedən qiymət ölkəmizin maliyyə üzrə əsas dövlət sənədində bu il üçün 40 dollar, 2022-ci il üçün isə 45 dollar səviyyəsində götürülüb...

Sözüm bunda deyil. Avropada qazın qiymətinin yüksələn xətt üzrə inkişaf etməsi dünyada xam neft və neft məhsullarına tələbatı artırmalı idi və artırır da...

Ümumiyyətlə, Avropada qazın qiymətinin getdikcə qalxması bütün dünya üçün enerji böhranı vəd edirdi. Hələ bir müddət öncə, Çində yanacaq məhsullarına tələbatın artdığı müşahidə edilirdi ki, bu da xam neftə tələbi genişləndirirdi.

Hazırda Avropada 1 000 kubmetr mavi yanacağın qiyməti 1 100 ABŞ dollarından yuxarı təşkil edir. Bu, il başlanandan bəri altı dəfədən çox bahalaşma deməkdir. Mövcud vəziyyət qaz müqavilələri üzrə təkliflərin məhdud sayda olması və soyuqlar yetişsə də, anbarlarda ehtiyatların 30 faiz az təşkil etməsi ilə izah edilir.

Odur ki, vəziyyətin getdikcə daha çox mürəkkəbləşəcəyi gözlənilir. Təsadüfi deyil, Yunanıstan, İspaniya, Fransa, Rumıniya və Çexiya kimi ölkələr qitədə bu sahə üzrə bazarda artıq vahid qayda-qanun mexanizmlərinin yaradılmasının vacibliyi haqda çıxış edirlər.

Bir sözlə dünya bazarlarında yaranan enerji böhranının ölkəmiz üçün belə nəticəyə gətirib çıxaracağı qabaqcadan bəlli idi. Məlum olduğu kimi Azərbaycan həm də qaz ixracatçısıdır. Prezident İlham Əliyev demişkən, 15 ildir heç bir fasiləyə yol vermədən, stabil şəkildə Avropaya neft ixrac edirik, keçən il dekabrın 1-dən isə həm də təbii qaz...

Ancaq qazın qiymətinin real olaraq nümayiş etdirdiyi rekord artım səviyyəsi isə neftdən fərqli olaraq bizə əlavə gəlir gətirmir. Çünki, biz Avropa istehlakçılarına göndərdiyimiz qazı artıq müqavilə əsasında satmışıq.

Belə ki, qaz satışında fəaliyyət qaydasına əsasən, əvvəl məhsul satılmalı, sonra isə hasil etməlisən. Ona görə də dövlət başçımız bu yaxında İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində bəyan etdi ki, əgər Avropa istehlakçıları üçün əlavə tələbata ehtiyac yaranarsa, ölkəmizlə danışıqlara başlanmalıdır.

Sözüm bunda da deyil.

Qazın və xam neftin dünya bazar qiymətlərində bu cür yüksəlməsi bütün istehsal məhsullarını bahalaşdırır. ABŞ valyutası özü də bütün bu hadisələrin fonunda istər-istəməz möhkəmlənir. Nəticədə isə Amerika iqtisadiyyatı üçün yaxın zamanda yeni problemlərin ortaya çıxacağı gözlənilir.

Sözün qısası, real vəziyyət ilk baxışda ölkəmiz üçün əlverişli hesab olunsa da, qarşıdakı müddət üçün əslində heç də yaxşı nəsə vəd etmir... Səbəbini izah edim.

Bəli, ölkəyə xarici valyuta axınının genişlənməsi manatın dəyərini gücləndirməklə daxildə maliyyə sabitliyinin qorunmasını təmin edir, makroiqtisadi dayanıqlığı möhkəmləndirir və iqtisadiyyatımızın təhlükəsizliyi baxımından əlverişli münbit şərait yaradır.

Ancaq yaxın və orta perspektiv baxımından isə bu, yaxşı nəticələr vəd etmir. Sual olunur - Niyə?!

O səbəbdən ki, xarici valyuta gəlirləri ixracda ən çox məhdud çeşiddə mal və yaxud məhsul qrupu üzərindən əldə olunursa, digər sektorlarda inkişaf ləngiyir. Və yuxarıda qeyd etdiyim manatın dəyərinin güclənməsi, daxildə maliyyə sabitliyinin qorunması, makroiqtisadi dayanıqlığın möhkəmlənməsi və iqtisadi təhlükəsizliyimiz üçün əlverişli mühitin yaranması kimi amillər əslində kövrək xarakter daşıyır.

Bunu 2015-2016-cı illərin təcrübəsi də əyani göstərdi və sübut etdi. Belə ki, 2014-cü ilin dekabr ayınadək təkcə Mərkəzi Bankın 15 milyard ABŞ dollarından çox rəsmi valyuta ehtiyatı var idi ki, neftin dünya bazar qiymətlərinin mərhələli şəkildə kəskin aşağı düşməsi nəticəsində 1 il ərzində 11 milyard dollardan çox vəsait xərcləndi.

Özü də yalnız, bir məqsəd - daxili valyuta bazarında manatın dəyərini qoruyub saxlamaq məqsədi üçün...

Odur ki, neftin dünya bazar qiymətlərinin real artım səviyyəsi son illər ərzində qeyri-neft sektorunda əldə olunan nəticələrə xələl gətirməməlidir. Hansı ki, bu nəticələr məhz 2015-2016-cı illərdəki böhran təcrübəsindən sonra həyata keçirilən islahat, ciddi səy və o cümlədən cəhdlərin hesabına qazanılıb.

Ölkədən qeyri-neft sektoru məhsullarının ixracı artır: cari ilin ilk 8 ayında 1 milyard 580 milyon dollarlıq qeyri-neft məhsulları ixrac edilib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 37,1 faiz çox təşkil edib.

Qeyd olunan tendensiya qeyri-neft sektorunun genişlənməsində əsas faktor olmaqla onun inkişafını sürətləndirir.

Neftin bahalaşması isə daxili bazarı idxal məhsullarından asılı olmağa sövq etdiyindən, yerli istehsalı buxova alır. Ümumiyyətlə, biristiqamətli valyuta gəlirləri ən çox istehlak olunan tələbat malları üzrə həmişə məhz idxalı stimullaşdırır.

Təkrar edirəm, 2015-2016-cı illərdəki böhran zamanı aydın oldu ki, qeyri-neft sektorunun inkişafında gecikmişik. Ona görə də dərhal müvafiq tədbirlər görülməyə və addımlar atılmağa başlandı ki, nəticədə, iqtisadiyyatın inkişafında əsas hərəkətverici qüvvə olan neft-qaz sektoru yerini qeyri neft-qaz sektoruna verməyə etməyə başladı.

Yeri gəlmişkən, “Azeri Light” markalı neftin bir barelinin qiyməti ən aşağı - 15,81 dollar səviyyəsində 2020-ci ilin aprel ayında olub. 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.

85 dollar qeyri-neft sektorunun aparıcı qüvvəyə çevrilməsi qarşısında heç bir şəkildə “şlaqbauma” çevrilməməlidir. Onsuz da sözügedən proses hələ yeni start götürüb.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024