Mobil versiya
Mustafa Nöhbalayev: “1993-cü il oktyabrın 3-də xalqımız tarixi seçim edərək Azərbaycanın xilasına səs vermişdir”
Tarix: 04-10-2021 | Saat: 18:58
Bölmə:Siyasət | çapa göndər

Mustafa Nöhbalayev: “1993-cü il oktyabrın 3-də xalqımız tarixi seçim edərək Azərbaycanın xilasına səs vermişdir”

Bu il xalqımızın xilaskar oğlu, müasir Azərbaycan dövlətinin qurucusu və banisi, xalqın əbədi sevgisini qazanmış ulu öndər Heydər Əliyevin respublikada ikinci dəfə siyasi hakimiyyətə gəlişindən 28 il keçir. Ölkəmizin milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan dahi rəhbər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti Azərbaycanın ən yeni tarixində müstəsna yer tutur.

Ulu öndər Heydər Əliyev Azərbaycanın iki fərqli və hətta tam ziddiyyətli siyasi formasiyaya malik olduğu ayrı-ayrı dövrlərdə respublikaya rəhbərlik etmişdir. Ümummilli lider 1969-1982-ci illərdə Azərbaycan SSR-ə və 1993-2003-cü illərdə artıq müstəqil Azərbaycana rəhbərlik etmişdir. Birmənalı olaraq qeyd olunmalıdır ki, məhz Heydər Əliyevin fədakar əməyinin, səmərəli işgüzarlığının, uzaqgörən rəhbərlik və təşkilatçılıq istedadının sayəsində Azərbaycan hələ sovet dönəmində sürətlə və hərtərəfli inkişaf edərək keçmiş İttifaqın öncül respublikalarından birinə çevrilmişdi.

1993-cü il oktyabrın 3-nə təyin edilmiş Prezident seçkiləri isə Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi oldu. Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı. Ümummilli Lider andiçmə mərasimindəki nitqində deyib: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.” Tarix Ulu Öndərin verdiyi bu anda sadiq olduğunu sübut etdi.

1991-ci ildə Azərbaycan müstəqilliyini elan etsə də, o dövrdə hakimiyyət sükanı arxasında dayanan bəzi siyasətbazların səriştəsizliyi ucbatından bu müstəqilliyi həqiqi mənada möhkəmləndirmək, dövlətin dayaqlarını gücləndirmək mümkün olmamışdı. Həmçinin, Ermənistanın işğalçılıq siyasəti, ölkə daxilindəki çəkişmələr cəmi bir il əvvəl qazanılmış müstəqilliyi, hətta dövlətimizin varlığını ciddi təhlükə altında qoymuşdu. Belə bir həlledici məqamda cəmiyyətin sağlam qüvvələrinin diqqəti Naxçıvana yönəlmişdi. Azərbaycanın ən mütərəqqi və vətənpərvər insanları Heydər Əliyevin xalq üçün nə qədər lazımlı olduğunu gözəl bilirdilər. Artıq 1993-cü ilin iyununda baş verən hadisələr ölkəni dünya xəritəsindən silməyə hesablanmışdı. Bir tərəfdən erməni işğalçıları xarici qüvvələrin dəstəyi ilə tarixi yurd yerlərimizi işğal edir, digər tərəfdən ölkə daxilində hakimiyyət uğrunda çəkişmələr vətəndaş müharibəsinə çevrilirdi. Xalqın ən çətin günündə ulu öndər Heydər Əliyev Bakıya gəldi. Bu, xalqın təkidli tələbi idi. Ulu öndərin Bakıya qayıdışı Azərbaycanı xilas etdi. Millətin sönməkdə olan müstəqillik arzuları yenidən canlandı, xalqımızda bu günə inam, sabaha ümid yarandı. 1993-cü ilin iyun ayında Ali Sovetin sədri seçilən Heydər Əliyev xalq qarşısında çıxış edərək, mövcud dövlət böhranının aradan qaldırılmasının yollarını,

müstəqil Azərbaycan dövlətinin daxili və xarici siyasətinin əsas istiqamətlərini müəyyənləşdirdi. Ulu öndər çox böyük real təhlükələri qarşısına alaraq, xalqın və dövlətçiliyimizin qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə illərdən bəri davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Uzun sürən daxili çəkişmələrdən sonra, ölkədə ilk dövrlərdə kövrək olsa da, ictimai-siyasi sabitlik yarandı. Heydər Əliyev uzaqgörənliyinin və müdrikliyinin növbəti göstəricisi Dağlıq Qarabağ müharibəsində atəşkəs istiqamətində danışıqlara başlaması oldu. Həmin dövrdə Azərbaycan ordusunun əks hücumlarından qorxuya düşən erməni tərəfi də danışıqlara getdi və 1994-cü ilin mayında Ermənistanla Azərbaycan arasında atəşkəs elan olundu.

Cənubi Qafqaz regionunda müharibənin dayanması və sabitliyin yaranması xarici neft şirkətlərinin Azərbaycana inamını artırdı və həmin ilin sentyabrında ARDNŞ-lə dünyanın aparıcı neft şirkətləri arasında, respublikamızda iqtisadi tərəqqinin əsasını qoymuş “Əsrin müqaviləsi” imzalandı. Qeyd etmək lazımdır ki, ölkənin sosial-iqtisadi inkişafının təmin olunması ilə bağlı görülmüş ən əsas işlərdən biri də məhz “Əsrin müqaviləsi”nin imzalanması olmuşdur. İlk dəfə 8 ölkəni əhatə edən bu müqavilə növbəti illərdə 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 sazişin imzalanmasına yol açmışdır. Bağlanmış müqavilələr hesabına ölkənin neft sektoru sürətlə inkişaf etdirilmiş, ölkəyə daxil olan vəsaitlər hesabına qeyri-neft sektorunun inkişafına və əhalinin sosial problemlərinin həllinə nail olunmuşdur.

1994-cü ildən başlayaraq iqtisadiyyatda aparılan islahatlar, qanunvericiliyin, vergi və bank sistemlərinin sürətlə dəyişən iqtisadi şəraitə uyğunlaşdırılması, bazar iqtisadiyyatı prinsiplərinə cavab verən yeni iqtisadi siyasətin həyata keçirilməsi bütün sahələrdə inkişaf mərhələsinin başlanmasına təkan vermişdir. Ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar qısa bir zamanda uğurlu nəticələr verərək iqtisadi inkişafa səbəb olmuş, ölkəmizin qüdrətli iqtisadi dayaqları üçün əsaslar yaratmışdır. Bütün sahələrdə olduğu kimi, Azərbaycan iqtisadi sahədə də dünya iqtisadiyyatına inteqrasiya etmiş, dövlətlərarası münasibətlərin fəal subyektinə çevrilmiş, dünya miqyasında layiqli yerini tutmuşdur.

Ulu Öndər Heydər Əliyevin mülahizələri problemlərə dərindən bələdlik, hadisələrin məğzinə, səbəb-nəticə əlaqələrinə nüfuz etmək xüsusiyyəti ilə seçilirdi. Azərbaycanın daxili siyasətini istiqamətləndirən, xarici siyasətini beynəlxalq hüquq normalarına uyğun, məqsədyönlü və tarazlaşdırılmış şəkildə aparan qətiyyətli dövlət xadimi çox hallarda ən tanınmış siyasətçiləri belə təəccübləndirirdi və onun müdrik siyasətini birmənalı olaraq qəbul edirdilər.

Ümummilli Liderin milli maraqlara əsaslanan çoxşaxəli inkişaf strategiyası bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 18 il bundan əvvəl Azərbaycan xalqının cənab İlham Əliyevə etimad göstərməsindən sonra həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ötən müddət ərzində qarşıya qoyduğu bütün strateji məqsədlərə nail olub. Bu dövrdə nəhəng transmilli enerji layihələri həyata keçirilib, ölkənin hər yerində möhtəşəm abadlıq-quruculuq işləri aparılıb, insanlarımızın rifah səviyyəsi qat-qat yüksəlib, Azərbaycanın dünyada tanınması və yüksək nüfuz sahibi olması istiqamətində fundamental addımlar atılıb. Eyni zamanda, ötən müddət ərzində dövlət başçısının siyasi iradəsi əsasında bütün sahələrdə sistemli, kompleks xarakterli, fundamental islahatların həyata keçirilməsi Azərbaycanın qüdrətinin daha da

artmasını təmin edib. Rasional və praqmatik xarici siyasət Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın strateji tərəfdaşlıq əlaqələrinin güclənməsini, dostlarının və tərəfdaşlarının sayının mütəmadi olaraq artmasını təmin edib. Ötən müddət ərzində regional güc mərkəzinə çevrilən Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınıb. Eyni zamanda, respublikamız xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürərək beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kursun ən mühüm prioritetlərindən biri olan ordu quruculuğu istiqamətində görülən işlərin nəticəsində Azərbaycan Ordusu bu gün dünyanın ən güclü 50 ordusu sırasında yer alıb. Və nəhayət bütün bu proseslərin məntiqi nəticəsi olaraq Azərbaycan Ordusu Vətən müharibəsində parlaq tarixi Qələbə əldə edərək ölkəmizin ərazi bütövlüyünü təmin edib. Azərbaycan bu inamlı qələbəsilə öz gücünü bütün dünyaya nümayiş etdirdi.

Mustafa Nöhbalayev,
Quba rayon Gənclər və İdman İdarəsinin rəisi,
YAP Quba rayon təşkilatının İdarə Heyətinin üzvü



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-09-2025