AZ RU Mobil versiya
Ramiz Pirverdiyev: “Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu öz adını hərb tarixinə yazdı”
Tarix: 26-09-2021 | Saat: 13:53
Bölmə:Siyasət | çapa göndər

Ramiz Pirverdiyev: “Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu öz adını hərb tarixinə yazdı”

“Azərbaycan Vətən müharibəsində əldə etdiyi möhtəşəm Qələbəsi ilə ermənilərin ötən 200 ildə xalqımıza qarşı mütəmadi olaraq həyata keçirdiyi soyqırımı siyasətinə son qoydu. Çar Rusiyasının özünə Cənubi Qafqazda forpost yaratmaq niyyətilə yaratdığı Ermənistan dövlətinin iki əsr ərzində Azərbaycana qarşı törətdiyi təxribat və cinayətlərin sayı-hesabı yoxdur. Məskunlaşdıqları ilk gündən ermənilər Azərbaycan toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış, əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışlar. Nəhayət ötən əsrin sonlarında daha 250 min azərbaycanlı öz doğma yurdundan qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılmasına, on minlərə günahsız insanın ölümünə, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsinə səbəb olmuşdur. Əlbəttə ki, bütün bu cinayətlər cəzasız qala bilməzdi. Digər tərəfdən də Ermənistan özü Azərbaycana qarşı təxribatlarına davam etməklə öz cəzasını bir qədər də ağırlaşdırmış oldu. 2020-ci il 27 sentyabr tarixində Ermənistan Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini növbəti dəfə şiddətli artilleriya atəşinə tutmaqla hərbi qulluqçularla yanaşı 11 dinc sakinin, o cümlədən 2 uşağın ölümünə səbəb oldu. Bundan sonra düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmrini verdi.”

Bu sözləri saytımıza verdiyi açıqlamasında Akademik Z.Əliyeva adına Gədəbəy MRX-nın Baş həkimi,YAP Gədəbəy rayon təşkilatı İdarə Heyətinin üzvü Ramiz Pirverdiyev deyib.

Müsahibimiz xüsusi olaraq vurğulayıb ki, Azərbaycan Ordusu müharibə dövründə bütün üstünlüklərə sahib olmasına baxmayaraq bütün beynəlxalq hüquq normalarına ciddi şəkildə riayət edib: “Azərbaycan tarixi Qələbəsilə BMT-nin Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin birmənalı şəkildə işğal olunmuş torpaqlarımızı tərk etməsi haqqında icra olunmayan, illərdir kağız üzərində qalan 4 qətnaməsini icra etdi. Ölkəmizin atdığı hər bir addım beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmışdı. Bütün proseslərdə, o cümlədən danışıqlarda da Azərbaycan hər zaman konstruktiv və ardıcıl mövqe nümayiş etdirirdi. Müasir texnologiyalara yiyələnən, son nəsil silahlara sahib olan Azərbaycan Ordusu heç vaxt mülki obyektləri hədəf almadı, dinc sakinlərə zərər vermədi. Azərbaycan müharibə dövründə də məsuliyyətli ölkə kimi davranmağı bacardı. Ordumuz XXI əsrin müharibəsini aparmaqla yanaşı, mənəviyyat müharibəsi də aparırdı. Müharibə zamanı hərbi qulluqçularımız ləyaqətlə davrandılar və mülki vətəndaşlara zərər yetirmədilər.”

Erməni işğalının 30 ilə yaxın müddət ərzində davam etməsində Ermənistanın xaricdəki havadarlarının və ikili standartlar siyasəti yürüdən bir çox beynəlxalq təşkilatların müstəsna rolu olduğunu qeyd edən Ramiz Pirverdiyev deyib ki, işğal dövründə gedən proseslərin əslində münaqişənin həllinə yönəlmədiyi bu gün daha qabarıq formada özünü göstərir: “30 ildən artıq müddət ərzində dünya ictimaiyyəti Azərbaycan ərazilərinin işğalı, xalqımıza qarşı törədilən dəhşətli hərbi cinayətlər və qətliam hadisələri ilə bağlı baş verənlərə göz yumdu. 24 mart 1992-ci ildə təsis olunmuş ATƏT-in Minsk Qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdır. Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənilmiş və beynəlxalq qətnamələr kağız üzərində qalmışdır. Məsuliyyətli ölkə olaraq Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır. Digər bir mötəbər beynəlxalq təşkilat, BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənmişdir. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qalmış və icra olunmamışdı. Erməni qəsbkarlarının bütün dünyada olan havadarları Azərbaycanı işğal aktı ilə barışdırmaq, müvəqqəti itirilmiş ərazilərdən birdəfəlik imtina etdirmək üçün var qüvvələri ilə çalışdılar. İşğalın davam etdiyi illər ərzində nə qədər sülh danışıqları aparılsa da, beynəlxalq təşkilatların vasitəçilik fəaliyyətlərində zaman-zaman müəyyən format dəyişiklikləri müşahidə olunsa da torpaqlarımızın işğaldan azad edilməsinin yeganə yolunun hərbi yol olduğu getdikcə özünü daha qabarıq şəkildə büruzə verməkdə idi. Buna görə də möhtərəm dövlət başçımız bizim hazırlaşmalı olduğumuzu heç zaman gizlətməyib. Bütün bu illər ərzində Azərbaycan Prezidenti deyirdi ki, sülh yolu ilə məsələ həll olunmasa, biz müharibə yolu ilə bunu həll edəcəyik. Buna görə də dövlətimizin başçısı tərəfindən bütün bu illər ərzində Azərbaycanın inkişafı, güclü iqtisadiyyata, qüdrətli orduya sahib olması istiqamətində gərgin və məqsədyönlü iş aparıldı. 2016-cı il aprel ayında Lələtəpə və 2020-ci il iyul ayında Tovuz döyüşləri zamanı Azərbaycan bu işğala öz gücünə son qoymaq iqtidarında olduğunu bütün dünyaya nümayiş etdirmişdi. Lakin Ermənistan bu döyüşlərdən də nəticə çıxarmadı. Azərbaycana qarşı təxribatlar davam etdirildi və 2020-ci il 27 sentyabr tarixində Ermənistan Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini şiddətli artilleriya atəşinə tutmaqla hərbi qulluqçularla yanaşı 11 dinc sakinin, o cümlədən 2 uşağın ölümünə səbəb oldu. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmrini verdi. 44 gün davam edən Vətən müharibəsinin nəticəsi olaraq. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmiş oldu.”

Bu gün Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasında olduğunu qeyd edən Ramiz Pirverdiyev bu faktın bütün xalqımız üçün ən önəmli qürur mənbəyi olduğunu da xüsusi olaraq vurğulayıb: “Ölkənin hərbi qüdrətinin durmadan artması Azərbaycanda həyata keçirilən uğurlu ordu quruculuğu işinin nəticəsidir. Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Məhz bu uğurlu siyasət nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması da məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir. Azərbaycan Ordusu düşmənin təxribatlarına cavab olaraq 27 sentyabr 2020-ci il tarixində başladığı və cəmi 44 günə tarixi Qələbə əldə etməklə başa vurduğu Vətən müharibəsinin nəticələri ilə sübut etdi ki, Cənubi Qafqazın ən qüdrətli ordusudur. Azərbaycan Ordusu döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən ötən 18 ildə ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi istiqamətində görülən işlər, Silahlı Qüvvələrdə aparılan islahatlar Azərbaycan Ordusunu bu günkü səviyyəyə qaldırdı. Bu gün Şanlı Azərbaycan Ordusu Cənubi Qafqazda sülhün əsas təminatçısı olmaqla xalqımızın əsl qürur mənbəyidir.”

Sonda müsahibimiz bildirib ki, şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına qayğı göstərilməsində dövlətin institusional təşəbbüsləri müstəsna rol oynayırlar. Bu təşəbbüslər haqqında danışan Ramiz Pirverdiyev ilk növbədə Ölkə Prezidentinin müvafiq Fərmanı ilə yaradılmış “YAŞAT” Fondunun fəaliyyətini qeyd edərək şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsində qurumun rolunu vurğulamışdır: “Vətən müharibəsində əldə olunmuş şanlı Qələbə ilə Azərbaycan öz tarixində ən böyük zəfərə imza atdı. Əlbəttə ki, bu tarixi qələbə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin, sağlamlıqlarını itirmiş qazilərimizin və düşməni doğma torpaqlarımızdan qovub çıxarmış bütün qəhrəman döyüşçülərimizin şücaəti sayəsində əldə olunub. Bu gün dövlətimiz Vətən müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və hərbçilərimizə dərin ehtiramla diqqət və qayğı göstərir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biri də şəhid ailələrinin, müharibə iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi və onların problemlərinin vaxtında həllinə nail olunmasıdır. Prezident İlham Əliyevin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə yaradılmış “YAŞAT” Fondu dövlətin institusional təşəbbüsü olaraq öz fəaliyyətində humanitar missiyanı ehtiva edir. Hal-hazırda Fond öz funksiyalarını yüksək səviyyədə həyata keçirir. Fondun vəsaitləri hesabına şəhid ailəsi statusu alınana və ya əlillik müəyyən edilənədək götürülən istehlak kreditlərinin və digər borc öhdəliklərinin qarşılanması, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi, təhsil alınmasına, habelə əlavə təhsilə, peşə hazırlığının artırılmasına, eləcə də yaradıcı potensialın inkişafına kömək edilməsi ilə bağlı xərclərin ödənilməsi, məişət şəraitinin yaxşılaşdırılması və digər bu kimi sosialyönümlü layihələr həyata keçirilir. Bir məqamı xüsusi olaraq qeyd etmək lazımdır ki, təsis olunduğu gündən “YAŞAT” Fonduna könüllü ödəmələr dayanmadan davam edir. Əlbəttə ki, bu hal cəmiyyətimizdə yaşanan milli birliyin və həmrəyliyin göstəricisidir.”

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

1174 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-10-2021