AZ RU Mobil versiya
Faiq Xudayev: “Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi Cənubi Qafqazda sülhün qorunması üçün böyük əhəmiyyət kəsb edən ən vacib amildir”
Tarix: 24-09-2021 | Saat: 18:00
Bölmə:Gündəm | çapa göndər

Faiq Xudayev: “Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi Cənubi Qafqazda sülhün qorunması üçün böyük əhəmiyyət kəsb edən ən vacib amildir”

“Azərbaycan xalqının öz dövlətinin başçısı ətrafında sıx birləşməsindən yaranmış dəmir yumruq düşmənlərimizin başını əzdi. Azərbaycanın otuz il işğal altında qalan torpaqlarını azad etməklə Ali Baş Komandanın rəhbərliyi altında Şanlı Ordumuz xalqının qürurunu özünə qaytardı. Bu möhtəşəm Qələbə eyni zamanda həm tarixi ədaləti bərpa etdi, həm də gələcəyə yönəlmiş yeni, möhtəşəm perspektivlərə yol açdı. Ən əsası isə, Azərbaycan Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə ilə bütün Cənubi Qafqazı erməni faşizminin təhdidindən qurtardı.”

Bu sözləri saytımıza verdiyi müsahibəsində Kənd Təsərüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Faiq Xudayev deyib.

Əməkdaşımızın suallarını cavablandıran Faiq Xudayev bildirib ki, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi Cənubi Qafqazda sülhün qorunması üçün böyük əhəmiyyət kəsb edən ən vacib amildir: “Ölkəmizin öz ərazi bütövlüyünü təmin etməsi ilə regionda ən böyük münaqişə ocağı ləğv olundu. Dağlıq Qarabağ münaqişəsi də, belə bir toponim də artıq mövcud deyil. Azərbaycan öz torpaqlarını işğaldan azad etdi və bununla da Cənubi Qafqazda davamlı sülhün və inkişafın bərqərar olması üçün əlverişli zəmin yarandı. Lakin bu vəziyyət heç də bütün tərəfləri qane etmir. Təəssüflər olsun ki, Cənubi Qafqazda öz fərqli maraqlarını təmin etməyə çalışan bəzi dünya qüvvələri bu gün də Ermənistanda revanşist əhval-ruhiyyəli çıxışları qızışdırmaqla gərginlik ocaqları yaratmağa çalışırlar. Məhz bu səbəbdən də Azərbaycan regionda sülhün əsas təminatçısı kimi özünün hərbi qüdrətini daim artırmalıdır və bu da baş verir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ordumuzun döyüş qabiliyyəti durmadan yüksəlir, maddi-texniki bazası möhkəmləndirilir. Bu gün artıq ölkənin Müdafiə Sənayesi müəssisələrində 400-dən çox müdafiə təyinatlı məmulatın istehsalının həyata keçirilməsi ölkəmizin hərbi qüdrətinin artmasının mühüm göstəricilərindən biri kimi dəyərləndirlməlidir. Bu, Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb. Azərbaycan Ordusu regionun ən qüdrətli ordusuna çevrilib. Məhz elə ötən 18 ildə ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, Silahlı Qüvvələrdə aparılan modernləşmə islahatları və bunun nəticəsi olaraq baş verən keyfiyyət dəyişiklikləri Azərbaycanın Vətən müharibəsində tarixi Qələbəsini təmin etdi. Bu tarixi hadisədən 4 il öncə baş vermiş 2016-cı il Aprel döyüşləri Azərbaycan xalqının və ordusunun qürur mənbəyinə çevrilmişdi. Məhz həmin qələbə Azərbaycan Ordusunun gücünü, əsgərlərimizin döyüş əzmini və ruh yüksəkliyini ilk dəfə bütün dünyaya nümayiş etdirdi. Həmin döyüşlərdə düşmənə sarsıdıcı zərbə vuraraq torpaqlarımızın bir hissəsini azad edən Azərbaycan əsgəri Vətən qarşısında borcunu şərəflə yerinə yetirmək əzmində və gücündə olduğunu göstərdi. Azərbaycan bundan sonra da öz hərbi qüdrətini artırmalıdır və dövlətimiz bunun üçün bütün lazımi tədbirləri görür. Çünki məhz Azərbaycan Ordusu Cənubi Qafqazda sülhün və əmin-amanlığın ən etibarlı təminatçısıdır.”

Daha sonra Faiq Xudayev Azərbaycan Ordusunun Vətən müharibəsinin gedişində mükəmməl hərbi strategiya və taktika əsasında döyüşdüyünü vurğulayaraq bunları deyib: “Azərbaycanın öz torpaqlaını işğaldan azad etmək uğrunda apardığı Vətən müharibəsinin gedişində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika döyüş meydanında Şanlı Ordumuza hərbi əməliyyatları sürətlə və az itkilərlə həyata keçirməyə imkan verdi. Nəticədə düşmənin 30 il ərzində möhkəmləndirdiyi müdafiə istehkamları yarıldı, hərbi texnikaları məhv edildi. Düşmənin işğalıçı ordusunun əsgərləri döyüş mövqelərini qoyub qaçırdılar. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu öz adını hərb tarixinə həm də XXI əsrin ən yeni döyüş taktikasının müəllifi kimi yazdırdı. II Qarabağ müharibəsi zamanı istifadə olunan bu taktika dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. O cümlədən ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd ediblər. Həqiqətən də bu gün Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir.”

Müsahibimiz xüsusi olaraq vurğulayıb ki, Azərbaycan cəmiyyətində formalaşmış milli birlik və həmrəylik mühiti ölkəmizin gücünü daha da artırmışdır: “Vətən müharibəsi zamanı siyasi partiyaların Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzalaması milli məsələlərdə ölkədə hər hansı fikir ayrılığının istisna olunduğunu göstərdi. Siyasi partiyalar tərəfindən ümumilikdə 8 birgə bəyanat və 2 müraciət imzalandı. Burada “Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribatları ilə əlaqədar”, “Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair”, “Fransa Senatında Dağlıq Qarabağdakı qondarma qurumun tanınması məsələsinə baxılması ilə bağlı”, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə əlaqədar” bəyanatlar, həmçinin “Dağlıq Qarabağ məsələsində Fransanın mövqeyinə dair” və müharibə dövründə 16 beynəlxalq təşkilata Azərbaycan ziyalılarının və vətəndaş cəmiyyəti üzvlərinin (o cümlədən 50 siyasi partiyanın) müraciətləri xüsusi olaraq qeyd olunmalıdır. Məsələ bundadır ki, hərbi əməliyyatların davam etdiyi dövrdə bütün dünyanın ermənipərəst qüvvələri Azərbaycana qarşı siyasi-diplomatik müstəvidə də savaş açmışdılar. Bu savaşın isə əsas hücumları məxsusi olaraq informasiya cəbhəsində təşkil olunurdu. Lakin Prezident İlham Əliyev müharibənin davam etdiyi bütün dövr ərzində, davamlı olaraq verdiyi müsahibələrində bu hücumları məharətlə dəf etdi və əsil Azərbaycan həqiqətlərinin dünyaya olduğu kimi çatdırılmasına, erməni yalanlarının ifşasına nail oldu. Məhz belə bir məqamda da dünya ictimaiyyətinin ölkəmizdə həm vətəndaş cəmiyyətində, həm də siyasi qüvvələr arasında birlik və həmrəyliyi müşahidə edə bilməsi sözsüz ki, Azərbaycanın mövqeylərini daha da möhkəmlətmiş oldu.”

Həmçinin Faiq Xudayev Ermənistanın törətdiyi hərbi cinayətlərdən bəhs edərək bildirib ki, bu cinayətlər arasında Xocalı qətliamı xüsusi qəddarlığı ilə seçilən faciələrimizdən biridir: “Məlumdur ki, 1988-ci ildə Ermənistan ərazisində, öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlının bu yerlərdən qovulması ilə bu ölkə monoetnik dövlətə çevrilib. Bundan sonra Qarabağ ətrafında başlayan hadisələr erməni ideoloqlarının xəstə təfəkkürünün məhsulu olan “dənizdən dənizə Ermənistan” adlı heç bir tarixi əsası olmayan bir ideyanın reallaşdırılmasına yönəldilib. Bu hadisələrin faciəvi nəticəsi olaraq isə Azərbaycanın kənd və şəhərləri dağıdılıb, on minlərə günahsız insanımız ölüb, yüz minlərlə azərbaycanlı öz tarixi torpaqlarından didərgin düşüb. Ermənistan Qarabağı özünə birləşdirmək naminə hər cür qanlı cinayətə və istənilən vəhşiliyə hazır olduğunu hər zaman nümayiş etdirib. XX əsrin ən qanlı faciələrindən olan Xocalı soyqırımı da bu vəhşiliyin bir təcəssümü olaraq baş vermişdir. Hər kəs bilməlidir ki, bu qətliam təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı ötən əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Əgər dünya gələcəkdə də erməni faşizminin bu kimi qanlı cinayətləri ilə qarşılaşmaq istəmirsə, o zaman bütün beynəlxalq ictimaiyyət, bütün dövlətlər Xocalı qətliamını insanlıq əleyhinə cinayət kimi qəbul etməlidirlər. Şükürlər olsun ki, artıq bütün dünya ölkələrinin təmsilçiləri, beynəlxalq qurum və təşkilatların nümayəndələri də erməni qəsbkarları tərəfindən xalqımıza, dinc əhaliyə qarşı törədilmiş vəhşiliklərin, erməni faşizminin və vandalizminin acı nəticələrini öz gözləri ilə görə bilirlər və bundan sonra heç kim onları bu həqiqətlərin əksinə inandıra bilməz. Ermənistan hökumətinin, erməni ordusunun ağır hərbi cinayətlər törətməsinə dair danılmaz dəlillər mövcuddur. Vətən müharibəsinin gedişi zamanı beynəlxalq ictimaiyyət dəfələrlə erməni barbarlığının şahidi oldu. Təkcə Gəncə şəhərinə ballistik raketlərin atılması barbarlığın, hərbi cinayətkarlığın ən böyük göstəricisidir. Rəsmi İrəvan hərbi cinayətkardır və öz cinayətlərinə görə cavab verməlidir.”

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

12590 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-10-2021