Mobil versiya
Kamaləddin Qafarov: “Qarabağ kimi, Şərqi Zəngəzur da bizləri gözləyir!”
Tarix: 30-08-2021 | Saat: 10:11
Bölmə:Manşet / Siyasət / Seçilənlər-2 | çapa göndər

Kamaləddin Qafarov: “Qarabağ kimi,  Şərqi Zəngəzur da bizləri gözləyir!”


“Bu gün Azərbaycanda həm dövlət, həm də cəmiyyət üçün hərbi əməliyyatlarda iştirak edən vətəndaşların müharibədən sonrakı mövcud durumu, şəhid və qazi ailələrinin sosial-psixoloji vəziyyəti son dərəcə önəmli bir amil olaraq diqqət mərkəzindədir. Ölkəmizin bu istiqamətdə ortaya çıxan problemlərin öhdəsindən operativ şəkildə və yüksək effektivliklə gəlməsi onu göstərir ki, Azərbaycan bütün parametrlərinə görə sosial dövlət kriteriyalarına cavab verən və siyasətində məhz vətəndaş məmnunluğu prinsipini əsas tutan dövlətdir.”

Bu sözləri yap.org.az saytına verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili qeyd edib ki, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinin, bütövlükdə Azərbaycan Ordusunun hərbçilərinin, qazilərin sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən bu insanların mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər ölkə Prezidenti İlham Əliyevin bu qəbildən olan vətəndaşlarımıza daim xüsusi diqqət və qayğı göstərməsainin bir təzahürüdür: “Son 30 ildə olduğu kimi, Vətən müharibəsindən sonra da Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir. Prezident İlham Əliyevin müvafiq göstərişlərinə əsasən, dövlət qurumları onların problemləri ilə yaxından maraqlanır, çətinliklərin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir. Dövlət başçısı tərəfindən bu istiqamətdə qəbul edilən direktiv qərarlar çoxsaylı ailələrə böyük sevinc bəxş edir. Şəhid ailələrinin, müharibə əlillərinin, veteranlarının sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, e bu insanların mənzil və avtomobillərlə təmin olunması da ölkə ictimaiyyəti tərəfindən yüksək minnətdarlıqla qarşılanır.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu günlərdə Abşeron rayonunda şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak ediblər. Həmin tədbirdə şəhid ailələrinə, müharibə əlillərinə və Vətən Müharibəsi Qəhrəmanlarına 300 mənzil, həmçinin müharibə əlillərinə 50 avtomobil təqdim olunub. İndiyədək 7200 müharibə əlili avtomobillə təmin olunub, ümumilikdə cari ildə 160-dan çox avtomobilin verilməsi nəzərdə tutulub. 1997-2021-ci illərdə şəhid ailələrinin üzvlərinə 10 500 mənzil və fərdi evin açarları təqdim olunub.

Prezident İlham Əliyevin bu ilin yanvarında imzaladığı Sərəncamla bu sahədə yeni proqramlar təsdiq edilib. 2021-2025-ci illərdə şəhid ailələrinə 11 min mənzil və fərdi ev veriləcək. Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycanda həyata keçirilən dövlət siyasətinin əsasında məhz insan amili durur.”

Kamaləddin Qafarov II Qarabağ müharibəsinin başlanmasını zəruri edən əsas amilləri bir daha vurğulayaraq deyib: “Azərbaycanın işğal edilmiş torpaqlarının geri qaytarılması, ölkəmizin ərazi bütövlüyünün bərpası məqsədilə 30 il ərzində aparılan sülh danışıqlarının nəticəsiz qalması, Ermənistanın isə ilbəil işğalçılıq siyasətini genişləndirmək istəyi və bu istiqamətdə təxribatları regionda müharibənin başlamasına gətirib çıxardı. Sentyabrın 27-si başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın qələbəsi, Ermənistanın kapitulyasiyası ilə nəticələndi.

Millət vəkili artıq tarixə qovuşmuş “Dağlıq Qarabağ münaqişəsi”nin süni şəkildə yaradılmış və çar Rusiyasının, eləcə də onun de-fakto varisi olan Sovetlər imperiyasının Cənubi Qafqazda yürütdükləri işğalçı siyasətin nəticəsi kimi, Azərbaycanın parçalanması məqsədilə meydana çıxarılmış bir problem olduğunu vurğulayıb: “XX əsrin əvvəllərində, Azərbaycanın parçalanmasından və işğalından yüz il sonra Rusiyada çarizmi bolşevizm əvəz etsə də, fərqli ad altında eyni imperiya siyasəti davam etdi. Qədim türk yurdu İrəvanın ermənilərə güzəştə gedilməsindən sonra  Zəngəzur və Göyçə də Azərbaycandan qopardılıb onlara peşkəş edildi. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, ötən əsrin 20-ci illərində xalqımıza iki böyük zərbə vuruldu. Birincisi, 1920-ci ildə. O vaxt sovet hakimiyyəti bizim tarixi torpağımız olan Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana birləşdirdi. Ondan sonra o bölgədə azərbaycanlılar deportasiyaya məruz qaldılar. 1923-cü ildə bizim ərazimizdə süni bir qurum yaradıldı - Dağlıq Qarabağ Muxtar Vilayəti. Bu, Azərbaycana vurulan ikinci zərbə oldu. 1988-ci ildə Azərbaycan türkləri yuxarı Qarabağın da birdəfəlik “Ermənistan” deyilən forposta birləşdirilməsi iddiası ilə üz-üzə qaldı. Bu zaman, yuxarıda qeyd etdiyimiz dini motivlər səbəbindən “Miatsum” hərəkatı dünyanın çox güclü xristian dövlətlərinin hərtərəfli – maddi, mənəvi, hərbi, siyasi, diplomatik – dəstəyini ala bildi. O güclərin hamısı davamlı erməni təbliğatı sayəsində belə bir əfsanəyə inandırılmışdılar ki, “Qafqazda ilk xristianlar ermənilər olub və indi oradakı ilk xristian abidələrini fədakarcasına qoruyanlar da məhz bu zavallılardır”. Həmin güclü xristian dövlətləri hətta özlərinin dünyaya qəbul etdirməyə çalışdıqları bütün beynəlxalq qayda-qanunlara tüpürüb, “xristian qardaşlığı” zəminində dini təəssübkeşlik nümayiş etdirməyə başladılar. Ömrü boyu göz yaşları içində zarıyan “zavalı erməniləri vəhşi müsəlmanlardan qorumağı” özlərinə şərəf işi bildilər. Xüsusi olaraq vurğulamaq lazımdır ki, bütün bu məsələlər məhz Ulu Öndər Heydər Əliyev sovet hökumətinin rəhbərliyindən gedəndən iki həftə sonra ortalığa atıldı. Çünki bu planların artıq çoxdan hazırlanmasına rəğmən, Heydər Əliyev amili, onun qətiyyəti və gücü imkan vermirdi ki, erməni millətçiləri həmin planı reallaşdırsınlar. Beləliklə, cəmi yüz il əvvəl buralara köçürülüb gətirilən kölələr dünya tarixində görünməmiş bir sürətlə özgə torpaqlarında ağalıq etməyə başladılar. Qədim türk  yurdları olan İrəvan, Göyçə, Zəngəzur və yuxarı Qarabağda at oynatdılar. Lakin az öncə də dediyim kimi, bütün bunlar artıq tarixdə qalıb. Şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən torpaqlarını işğaldan azad etdi və tarixi ədalət bərpa olundu. Bu gün isə Azərbaycan həmin ərazilərdə bərpa-quruculuq işlərini böyük vüsətlə həyata keçirməkdədir.”

İşğaldan azad edilmiş ərazilərimizdə gedən bərpa-quruculuq işlərindən danışan Kamaləddin Qafarov qeyd edib ki, Azərbaycanın bütün bu işləri məhz öz vəsaiti hesabına həyata keçirməsi ölkəmizin iqtisadi qüdrətinin daha bir göstəricisidir: “Bu gün Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həqiqətən də möhtəşəm, indiyədək görünməmiş nəhəng miqyasda işlər aparılır. Ən əsası da budur ki, Böyük vəsait tələb edən bütün bu işləri Azərbaycan öz vəsaiti hesabına edir, heç kimə möhtac deyil, heç kimdən yardım istəmir. Şəhid ailələri və Qarabağ qaziləri ilə görüşündə Prezident İlham Əliyev dedi ki, Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək üçün xüsusi proqram qəbul edilib: “Bu proqram bir neçə ili əhatə edir və birinci il - 2021-ci il üçün proqram icra olunur. Bu gün o bölgələrdə gedən quruculuq-abadlıq işləri göz önündədir. Bir çoxları üçün bu, çox gözlənilməz oldu və bəziləri təəccüb edirlər ki, biz bu işləri belə yüksək templərlə görürük. Əlbəttə, burada təkcə maliyyə vəsaiti kifayət etməz. Gərək bu genişmiqyaslı layihələri icra etmək üçün texniki imkanlar olsun, kadr potensialı olsun, daxili resurslar olsun. Biz bütün bu gücləri səfərbər etmişik və bu gün erməni vəhşiliyinin fəsadlarını aradan qaldırırıq. Mən demişdim, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Biz bunu edəcəyik. Necə ki, bu günə qədər verilən bütün vədlər həyatda öz əksini tapdı, bir dənə də olsun vəd yerinə yetirilməmiş qalmadı və İkinci Qarabağ müharibəsindəki parlaq Qələbəmiz buna əyani sübutdur”. Beləliklə, Azərbaycan işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı layihələri icra etmək üçün tələb olunan bütün texniki imkanlara, kadr potensialına, daxili imkanlara sahibdir və bu gün erməni vəhşiliyinin fəsadlarının aradan qaldırılması üçün bütün bu resurslar səfərbər olunub.”

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-04-2024