AZ RU Mobil versiya
Aqiyə Naxçıvanlı: “Bakı bəyannaməsi Cənubi Qafqaz və Yaxın Şərq regionlarında inkişafın sürətlənməsinə xidmət edəcək”
Tarix: 28-07-2021 | Saat: 17:38
Bölmə:Manşet / Siyasət / Seçilənlər-3 | çapa göndər

Aqiyə Naxçıvanlı: “Bakı bəyannaməsi Cənubi Qafqaz və Yaxın Şərq regionlarında inkişafın sürətlənməsinə xidmət edəcək”

“Ötən əsrin sonlarından start götürən yeni dünya düzəni formalaşması prosesi bu gün də davam etməkdədir. Bu qlobal proses ilk növbədə yeni dünyada yeni güc mərkəzlərinin, yeni alyansların yaranması ilə müşayiət olunur. Təbii ki, Azərbaycan da Avrasiya məkanının ən əhəmiyyətli geostrateji regionlarından biri olan Cənubi Qafqazın lider dövləti kimi bu proseslərdən kənarda qala bilməz. Əksinə, ötən ilin sentyabr-noyabr aylarında apardığı və tarixi Qələbə ilə başa çatdırdığı Vətən müharibəsinin nəticələrinə görə öz ərazi bütövlüyünü bərpa etməklə Azərbaycan yeni dünya düzəninin formalaşmasında ən aktiv şəkildə iştirakını bütün dünyaya nümayiş etdirdi. O cümlədən 27 iyul 2021-ci il tarixdə Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin üçtərəfli görüşündə imzalanmış Bakı Bəyannaməsi də ölkəmizin bundan sonra da həmin proseslərdə aktiv iştirak edəcəyini təsdiq edən beynəlxalq hüquqi sənəd kimi mühüm əhəmiyyət kəsb edir.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı, professor Aqiyə Naxçıvanlı deyib.

Millət vəkili Bakı bəyannaməsinin Yaxın Şərq və Cənubi Qafqaz coğrafiyasını əhatə etməklə bu regionda yerləşən ölkələrin təhlükəsizliyinin təmin olunması və qarşılıqlı əməkdaşlıq perspektivlərinin reallaşması baxımından hüquqi baza rolunu oynaya biləcəyini qeyd edib: “Azərbaycan bütün dünyada sülh və əmin-amanlığın, insanların hər yerdə rifah içərisində yaşamalarının tərəfdarı olduğunu hər zaman həyata keçirdiyi xarici siyasəti ilə, ən mötəbər beynəlxalq kürsülərdən irəli sürdüyü səmərəli təşəbbüsləri ilə təsdiq edib. O cümlədən BMT Baş Assambleyasından sonra ikinci ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatının sədri olaraq Azərbaycan bu ali məqsədlərə nail olmaq üçün bu gün də öz səylərini əsirgəmir. Lakin dünyada gedən proseslər onu göstərir ki, öz ideallarını yaşatmaq üçün ilk növbədə güclü olmaq lazımdır. Həm də bu güc həm hərbi-siyasi, həm də iqtisadi sahələrdə mövcud olmalıdır. Əks halda dünyanın bütün beynəlxalq təsisatlarının irəli sürdükləri demokratik şüar və çağırışlar da sadəcə kağız üzərində qalan postulatlara çevriləcəklər. Azərbaycan bu vəziyyətlə öz təcrübəsindən yaxşı tanışdır. Ərazilərimizin 20%-nin Ermənistan tərəfindən 30 ilə yaxın bir müddət ərzində davam edən işğalı dövründə BMT-nin dörd Qətnaməsi də daxil olmaqla bu işğala son qoyulmasını tələb edən bircə qərar belə icra olunmadı. Bütün bu illər ərzində beynəlxalq qurumlar sadəcə atəşkəsə maksimum riayət olunması, genişmiqyaslı hərbi əməliyyatların başlamaması və dolayısı ilə Azərbaycanın işğal faktı ilə barışması yönümündə səylər göstərirdilər. Lakin Azərbaycan Prezidenti cənab İlham Əliyevin uzaqgörənliyi, qətiyyəti və siyasi iradəsi bütün bu səyləri boşa çıxardı. Azərbaycan məhz hərbi yolla öz torpaqlarını işğaldan azad etdi və bununla da Cənubi Qafqazda yeni geosiyasi reallıqların yaranmasına yol açdı. Daha dəqiq desək bu reallıqların müəllifi bilavasitə Azərbaycan özü oldu. Əslində Azərbaycanın tarixi Qələbə ilə başa vurduğu 44 günlük Vətən müharibəsi yeni dünya düzəninin formalaşmasında son dərəcə böyük əhəmiyyət kəsb edən mühüm tarixi epizodlardan biridir. Bu qələbə Azərbaycanın gücünü bütün dünyaya göstərməklə, ölkəmizin sadəcə Cənubi Qafqazda deyil, həmçinin ümumilikdə Avrasiya məkanında əsas oyunçulardan birinə çevrilməsində mühüm rol oynadı. Elə ötən gün imzalanmış Bakı bəyannaməsi də Azərbaycanın nüfuz dairəsinin getdikcə genişləndiyini bir daha təsdiqləyir. Bu gün Yaxın Şərq regionunda, o cümlədən Əfqanıstanda cərəyan edən hadisələr bizim üçün dost və qardaş ölkələr olan Türkiyə və Pakistanın təhlükəsizliyinə təhdid yaratmaq perspektivlərinə malikdir. Təbii ki, belə olan şəraitdə bu ölkələrin iqtisadi və hərbi güclərinin əmkdaşlıq və inteqrasiya zəminində artırılması zəruri şərtdir. Bu da aydındır ki, Vətən müharibəsinin gedişində bizə mənəvi və siyasi dəstək verən dost ölklər eyni münasibəti Azərbaycandan da görəcəklər. Məhz bu baxımdan da Bakı bəyannaməsi xüsusi əhəmiyyət kəsb edir.”

Öz fikirlərini davam etdirərək Aqiyə Naxçıvanlı bildirib ki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə zəminində formalaşmış yeni regional reallıqların yaratdığı iqtisadi imkanlardan Azərbaycanla yanaşı digər qonşu ölkələrin və əlbəttə ki, ilk növbədə Azərbaycana dost dövlətlərin yararlanması üçün də Bakı bəyannaməsi hüquqi baza rolunu oynayacaq: “Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqlar əlbəttə ki, yeni iqtisadi imkanlar da təqdim edir. Ölkə Prezidenti cənab İlham Əliyev də öz çıxışlarında dəfələrlə vurğulamışdır ki, Azərbaycanla yanaşı bu yeni imkanlardan yararlanmaq qonşu ölkələrin və ilk növbədə bizə dost dövlətlərin haqqıdır. O cümlədən regionda yaranmış yeni enerji və logistik imkanlar bütün ölkələr üçün böyük maraq kəsb edir. Xüsusilə Zəngəzur dəhlizinin aşılması ilə regional inteqrasiya və əməkdaşlığın inkişafı daha yüksək mərhələyə keçid alacaq. Çünki bu hadisə Cənubi Qfqazda uzunmüddtli sülhün bərqərar olunmasında mühüm rol oynayacaq. Belə olan vəziyyətdə isə regional iqtisadi əməkdaşlıq perspektivləri daha geniş və cəlbedici olacaq. Əlbəttə ki, bütün bu imkanlardan da yararlanmaq üçün möhkəm hüquqi zəmin tələb olunur ki, Bakı bəyannaməsi də məhz bu funksiyanı yerinə yetirəcək. Birmənalı olaraq deyə bilərik ki, Azərbaycan, Türkiyə və Pakistan arasında parlamentlərarası əlaqələrin inkişafı, informasiya mübadiləsi, müştərək təşəbbüslərin irəli sürülməsi və Bakı bəyannaməsində nəzərdə tutulan digər fəaliyyət istiqamətləri həm Cənubi Qafqazda, həm də Yaxın Şərqdə sülhün, sabitliyin və inkişafın davamlılığına böyük töhfələr verəcək.”

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

9322 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-09-2021
24-09-2021