AZ RU Mobil versiya
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 22 iyul 2021-ci il tarixdə Daşkəsən rayonuna səfər edib
Tarix: 26-07-2021 | Saat: 18:16
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 22 iyul 2021-ci il tarixdə Daşkəsən rayonuna səfər edib



Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iyulun 22-də Daşkəsən rayonuna səfər edib. Səfər çərçivəsində ölkə rəhbəri Azərbaycan Televiziyasına müsahibə verib. Qeyd olunub ki, Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası ilə bağlı verilən tapşırıqların icrası yerində yoxlanılır. Qərb bölgəsinin önəmli hissəsi olan bu bölgə özünəməxsus inkişaf perspektivinə malikdir. Qeyri-neft sektoru davamlı inkişaf edir və qeyri-neft sənayemiz 16,6 faiz artıb, kənd təsərrüfatı 5,6 faiz artıb. Bu da əhəmiyyətli artımdır. Keçən il, hətta pandemiyaya qədər kənd təsərrüfatında artım daha az idi – təqribən 3 faiz, 3,5 faiz, indi isə 5,6 faiz. Bu da görülmüş işlərin, islahatların nəticəsidir. Fermerlər də bunu görür və bu sahəyə daim dövlət dəstəyi olacaq. Çünki dövlət dəstəyi olmadan kənd təsərrüfatı istənilən qədər inkişaf edə bilməz. Kənd təsərrüfatının inkişafı üçün böyük işlər görülüb. Uzunluğu 30 kilometrə yaxın Şəmkir su kanalı çəkilib, bu kanal artıq 30 min hektardan çox torpağa suyun verilməsini yaxşılaşdırır və bunun kənd təsərrüfatının inkişafına böyük köməyi olubdur.

Sağlam həyat tərzinə və idmanın inkişafına Azərbaycanda xüsusi diqqət yetirilir. Goranboy rayonunda istifadəyə verilən kompleksi nəzərə almaqla Azərbaycanda 48 idman kompleksi fəaliyyət göstərir. Rayonlarımızın əksəriyyətində ən müasir idman qurğuları var. Naftalanda yeni sanatoriyanın açılması şəhərin turizm potensialını artırır. Mövcud sahəyə böyük investisiyalar cəlb olunub və artıq 13 mehmanxana və sanatoriya fəaliyyətdədir. Burada bütün kateqoriyadan olan müxtəlif səviyyəli istirahət zonaları olmalıdır. Azərbaycan vətəndaşları ilə yanaşı, xarici qonaqlar da bundan istifadə etməlidir. Sovet vaxtında Naftalana Sovet İttifaqının müxtəlif yerlərindən ildə 50-60 min turist gəlirdi. Təqribən son 15 il ərzində görülmüş işlər nəticəsində burada qalacaq turistlər üçün 2300-dən çox yer artıq istifadəyə verilibdir və bu proses davam edir. Bu zona vahid bir turizm məkanı olacaq. Naftalana gələn qonaqların ölkəmizlə tanış olmaları üçün gərək daha geniş imkanlar olsun, həm Gəncəyə, həm digər şəhərlərə gedə bilsinlər. Bu mənada işğaldan azad olunmuş Suqovuşan qəsəbəsi də çox mənzərəli bir yerdir;

Qeyri-neft sektorunun inkişafı üçün dağ-mədən sənayesi xüsusi perspektivlərə malikdir. Dağ-mədən sənayesi qeyri-neft sektorunda aparıcı sahəyə çevrilir. Təkcə qızıl yox, digər qiymətli metalların hasilatı Azərbaycanda bundan sonra daha geniş miqyasda öz həllini tapacaq. Bununla paralel olaraq Daşkəsənin ənənəvi sahəsi olan dəmir flizi yataqlarının işləməsi ilə bağlı konkret planlar var. Bir müddət əvvəl bu sahə ilə bağlı xüsusi proqram tərtib edilmişdir, dövlət investisiya resursları cəlb olunmuşdur. Bu sahə çox böyük gəlir gətirən sahə olacaq. Eyni zamanda, minlərlə iş yeri yaradılacaq. Bu sahənin inkişafı nəticəsində idxaldan asılılıq kəskin şəkildə azalacaq, Azərbaycan daha böyük dəyərə malik olan dəyər zəncirini yaratmış olacaq və eyni zamanda, ixrac imkanları da yaranacaq

Azərbaycanın mədənləri qanunsuz istismar edilib. Uzun illər xarici şirkətlər qanunsuz olaraq Azərbaycanın qızıl və digər mədənlərini istismar ediblər. Bu, cinayətdir və bu şirkətlərin iki yolu var: ya bizə təzminat ödəyəcəklər, bizim şərtlərimizi qəbul edəcəklər, ya da ki, onların başqa alternativi hüquqi müstəvidə bu məsələnin həll olunmasıdır. Azərbaycanın həm Zəngilan, həm də Kəlbəcər rayonlarında xarici şirkətlər tərəfindən qanunsuz istismar edilən qızıl yataqlarının bütün təhlili aparılıbdır. Beynəlxalq məsləhətçilər dəvət olunubdur. Azərbaycan dövlətinə vurulmuş ziyan ödənilməlidir.

Azərbaycan lazım olmayan layihələrə, xeyir gətirməyən layihələrə, sadəcə, görüntü naminə investisiya etməyəcəkdir. Biz Qarabağı və Şərqi Zəngəzuru sürətlə bərpa edirik, nəinki valyuta ehtiyatlarımızı azaltmamışıq, artırmışıq və heç bir kreditə də müraciət etməmişik. Bu, resursumuzu göstərir, resurs bazasını göstərir. Eyni zamanda, onu göstərir ki, biz vəsaitdən çox ehtiyatla istifadə edirik, israfçılığa, lazım olmayan xərclərə yol vermirik. Vaxtilə nəzarətsiz olan xərclər artıq keçmişdə qalıbdır. Bütün dövlət məmurları hər manata qənaət etməlidirlər.

Azərbaycanda valyuta ehtiyatları xarici dövlət borcundan təxminən 6 dəfə çoxdur. Bu, dünyada çox nadir halda rast gəlinən məsələdir. Çünki ölkələrin mütləq əksəriyyətinin dövlət borcu valyuta ehtiyatlarından qat-qat böyük rəqəmlərlə ölçülür. Bu, onu göstərir ki, istədiyimiz halda biz xarici dövlət borcumuzu sıfırlaya bilərik. Sadəcə olaraq, buna hələ ki, ehtiyac yoxdur. Çünki uzunmüddətli və yaxşı şərtlərlə götürülmüş kreditlər də var, onları vaxtında ödəyirik. Bu, onu göstərir ki, biz heç kimin yardımına qalmamışıq və buna görə də həm siyasi, həm də iqtisadi sahədə müstəqil siyasət aparmaq iqtidarındayıq.

İxrac 15 faiz artıb. Bu çox yaxşı göstəricidir və qeyri-neft ixracı 27 faizdən çox artıb. Bu, bizim planlarımızın real nəticəsidir. Çünki təkcə neft-qaz hesabına valyuta qazanmamalıyıq, qeyri-neft sektoru hesabına valyuta qazanmalıyıq, ölkəyə gətirməliyik, 27 faiz artım böyük rəqəmdir. İlk 6 ayda xarici ticarətin müsbət saldosu 3,4 milyard dollardır. Belə davam edərsə, ilin sonuna qədər müsbət saldo təqribən 6-7 milyard dollar olacaq. Dünya ölkələrinin əksəriyyətində saldo mənfidir, yəni, daha çox idxal edir, nəinki ixrac edir.

Aparılan islahatlar nəticəsində 6 ayda vergi və gömrük orqanları nəzərdə tutulandan daha çox vəsait toplayıblar. Vergi orqanları 810 milyon manat daha çox, gömrük orqanları 206 milyon manat. Bunlar dürüstlüyün, şəffaflığın hesabına, uçotun hesabına, aparılan islahatların hesabına mümkün olub. Biznes qurumlarına vaxt verilmişdir, onlara tövsiyələr edilmişdir ki, bundan sonra belə işləməlisiniz, kölgə iqtisadiyyatı olmamalıdır, hər kəs vergisini verməlidir. Qanunsuz ödəmələr olmamalıdır. Heç bir dövlət məmuru hansısa biznes qurumuna sahiblik etməməlidir. Bu yanaşma biznes qurumları, dairələri tərəfindən çox müsbət qarşılandı. Onlar üçün də vaxt lazım idi yeni münasibətlər qaydalarına öyrəşsinlər, düz işləsinlər, dürüst olsunlar və artıq biz bunu görürük. Biz bir milyard manatdan çox əlavə gəlir əldə etmişik və bunun hesabına sosial ödəmələr edirik, şəhid ailələrini evlərlə təmin edirik, maaşları, pensiyaları qaldırırıq, infrastruktur layihələrini icra edirik. Əgər belə getsə, əlbəttə ki, ilin sonuna qədər rəqəmlər daha böyük olacaq.
Bu ilin sonuna qədər həm Qarabağda, həm də Şərqi Zəngəzurda bütün elektrik təsərrüfatı qurulacaq. Yeni xətlər, ötürücü xətlər, transformatorlar, yarımstansiyalar və elektrik stansiyaları qurulacaqdır. Ermənilərin Kəlbəcər və Laçın rayonlarında onlara iki həftə möhlət veriləndən sonra yandırıb dağıtdıqları 12 su elektrik stansiyası bərpa olunacaq. Bundan sonra yaşıl enerji layihəsi icra ediləcək. 200 meqavatlıq günəş elektrik stansiyasının xarici şirkətin vəsaiti hesabına tikintisi ilə bağlı razılıq əldə olunub. Bu, çox gözəl, önəmli hadisədir. Eyni zamanda, başqa şirkətlər üçün də bu, bir siqnaldır.

Yollarla bağlı 8 ay ərzində böyük işlər görülüb. Bərdə-Ağdam avtomobil yolu tikilir, Zəfər yoluna, demək olar ki, sentyabr ayında asfalt döşənməsi də başa çatacaq. Zəfər yolu olmayıb heç vaxt. Dərədən, dağlardan, meşələrdən keçən o yol gərək açılaydı, torpaq yol çəkiləydi, ondan sonra asfalt yol. Cəmi 8-9 ayda biz bunu edirik. Paralel olaraq Füzuli-Şuşa magistral yolu, Horadiz-Ağbənd yolu çəkilir, 4-6 zolaqlı yoldur. Zəngilan-Qubadlı-Laçın yolu çəkilir. Bu da çox önəmli yoldur. Füzulu-Hadrut, Füzuli-Cəbrayıl yolları - bütün yollar üzrə qızğın iş gedir. Kəlbəcərə rahat çatmaq üçün Göygöldən Ömər aşırımı üzrə yol çəkilir. Bu yol heç vaxt olmayıb, cığır olub. Qış aylarında heç vaxt ondan istifadə olunmayıb. Biz indi yol çəkirik, tunellər çəkirik ki, ilin bütün mövsümlərində o yoldan istifadə edə bilək. Eyni zamanda, biz Göygölü də turizm mərkəzi kimi Kəlbəcərin gələcək mənzərəli turist mərkəzləri ilə bağlamış oluruq. Digər yollar, Kəlbəcər, Laçın rayonlarında hərbi əhəmiyyətli yollar çəkilir. Bu yolların ümumi uzunluğu 700 kilometrə qədərdir. Çünki orada yol olmayıb, sərhədə gedən istiqamətdə yol olmayıb. Orada qar may ayında əriyib. İndi qış gələnə qədər - qış da oktyabr ayında gələcək, - oktyabr ayına qədər biz orada nə qədər yol çəkməliyik və bunu edirik. Bu, böyükmiqyaslı işdir, mətbuatda çox da işıqlandırılmır. Təbiidir, amma strateji nöqteyi-nəzərdən və sərhəddə öz mövqelərimizi möhkəmləndirmək nöqteyi-nəzərindən bu yolların çox böyük əhəmiyyəti var.
Bizim siyasi əlaqələrimiz çox uğurla inkişaf edir. Avropa İttifaqının yeni sədri cənab Şarl Mişel regional səfər çərçivəsində Azərbaycana səfər edib. Bu onu göstərir ki, biz əməkdaşlıq üçün çox gözəl zəmin yaratdıq. İllər keçdikcə, əməkdaşlığın həcmi də, əhatə olunan sahələr də artır. Əgər ilkin mərhələdə daha çox enerji məsələləri gündəlikdə idisə, bu gün biz bunları həll etmişik. Cənub Qaz Dəhlizini həll etmişik, Azərbaycanın təşəbbüsü ilə inşa etmişik. Avropa İttifaqı da burada öz müsbət rolunu oynamışdır. Çünki Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının sədri Azərbaycan və Avropa İttifaqıdır. Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı inzibati ərazi yoxdur və Şarl Mişelin bu sözləri işlətməməsi, əlbəttə ki, bizim mövqeyimizə göstərdiyi hörmətin əlaməti kimi qəbul edilməlidir.

Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər qəbul edilib və imzalanıb. Bu, Avropa İttifaqının üçdəbir hissəsidir. Bu ölkələr Azərbaycanı strateji tərəfdaş hesab edir. Ticarət sahəsində bizim əsas tərəfdaşımız Avropa İttifaqıdır - ticarətimizin təxminən 40 faizi. İxracla bağlı da əsas tərəfdaşımız Avropa İttifaqıdır. Biz Avropa İttifaqına ildə 6,8 milyard dollarlıq ixrac edirik. İdxal isə təxminən 2,5 milyard dollardır. Onlarla da bizim müsbət saldomuz var.

Son vaxtlar Avropa İttifaqı nəqliyyat sektoruna çox böyük önəm göstərir. Avropa İttifaqı Azərbaycanı artıq nəinki önəmli nəqliyyat, logistika mərkəzi kimi tanıyır və bizim potensialımıza da arxalana bilir. Ancaq Azərbaycan Bakı-Tbilisi-Qars dəmiryolu çəkilişinin təşəbbüsünü irəli sürəndə Avropa bizi dəstəkləmədi. Amerika nəinki dəstəkləmədi, bunun əleyhinə çıxdı. Ancaq bu gün nəqliyyat sahəsində Avropa İttifaqı-Azərbaycan əlaqələrinin xüsusi gündəliyi vardır.

Azərbaycanın Zəfəri Ermənistanın ideoloji süqutu deməkdir. Onların bəzi yersiz bəyanatları, addımları onu göstərir ki, onlar hələ nəticə çıxarmalıdırlar. İkinci Qarabağ müharibəsini unutmamalıdırlar. Şarl Mişel İrəvanda olarkən sərhəd ərazilərini mübahisəli ərazilər adlandırdı. Bu ifadə ilə razılaşmaq olmaz. Biz hesab edirik ki, bu, bizim ərazilərdir. Zəngəzur bizim dədə-baba torpağımızdır və biz öz ərazimizdəyik. Zəngəzur dəhlizi mütləq açılmalıdır. Ermənistan bunu nə qədər tez dərk etsə, onlar üçün o qədər də yaxşıdır.

Azərbaycanın Zəfəri onların bütün ideoloji sütunlarını darmadağın edib. Rəsmi İrəvan postmüharibə reallıqları ilə barışa bilmir. Burada psixoloji amil də öz rolunu oynayır. Yəqin onlara vaxt lazımdır ki, psixoloji nöqteyi-nəzərdən yeni reallığa öyrəşsinlər. Onlar 30 il ərzində özləri haqqında olmazın yalanlarını uydururdular, dünyaya qəbul etdirməyə çalışırdılar ki, guya onların müzəffər ordusu var, yenilməz ordusu var, erməni xalqı döyüşkən xalqdır, erməni ordusu ən güclü ordudur. Amma biz məhv etdik, darmadağın etdik, 44 gün ərzində yox etdik. Göstərdik ki, Azərbaycan xalqı müzəffər xalqdır. Göstərdik ki, onların bütün təbliğatı mifdir, mifologiyadır. Göstərdik ki, Birinci Qarabağ müharibəsində onlar xarici dəstək hesabına üstünlük qazanmışlar.

Dağlıq Qarabağ Muxtar Vilayəti 1923-cü il iyulun 7-də süni qurum kimi yaradılmışdı. Süni şəkildə Azərbaycanın içində daim bir münaqişə ocağı yaratmaq üçün sovet hökuməti tərəfindən ortalığa atılmış təxribat. Bizim tarixi torpağımızda Dağlıq Qarabağ Muxtar Vilayətini yaratmaq, bir kəndi - Xankəndini, hansı ki, kənd idi, onu oranın mərkəzi etmək və cəllad Şaumyanın adını vermək Azərbaycan xalqına qarşı çox mənfi bir addım idi. Bizim üçün təhqir idi. Tarix hər şeyi yerinə qoyub. Ancaq statusa gəldikdə, bu gün orada 25 min adam yaşayır. 25 min insan üçün status yaratmaq heç bir məntiqə sığmır.

Müharibədən cəmi 8 ay keçib, amma nə qədər böyük işlər görülür. Ancaq daha çox iş görə bilərdik. Biz, əlbəttə, ilk növbədə, mina təmizləmə işləri ilə məşğul olmalıydıq və məşğul oluruq. Bu, həm çox vaxt, həm də böyük vəsait aparır. Əfsuslar olsun ki, müharibədən sonra 150-yə yaxın Azərbaycan vətəndaşı minalara düşərək ya həlak olub, ya da öz sağlamlığını itirib.b Mina xəritələrinin Azərbaycana verilməməsi və bunun hansısa şərtlərlə verilməsi Ermənistan tərəfindən göstərilən növbəti əxlaqsızlıqdır, mənəviyyatsızlıqdır, vicdansızlıqdır, normal insani davranışa zidd olan yanaşmadır. Bu, bir daha Ermənistan rəhbərliyinin bizə qarşı olan nifrətinin, düşmənçiliyin təzahürüdür. Çünki mina xəritələrini verməməsinin heç bir əsası yoxdur.
Avropa İttifaqı tərəfindən Ermənistana 2,6 milyard avro, Gürcüstana 2,3 milyard avro vəsait ayrıldığı halda, Azərbaycana heç bir vəsait ayrılmaması növbəti beynəlxalq ədalətsizliyin təzahürüdür. Bu, ədalətsiz mövqedir. Çünki Azərbaycan Cənubi Qafqazın ən böyük ölkəsidir həm ərazisi, həm əhalisi, həm də potensialı baxımından. Bu günə qədər Cənubi Qafqaz ölkələrinə belə böyük məbləğdə vəsait verilmirdi. Yəni bu, onu göstərir ki, bu vəsait məhz müharibədən sonra verilir. Yəni, bu vəsaitin verilməsinin səbəbi müharibədir. Əks təqdirdə, 30 il bundan əvvəl verəydilər. Müharibədən ən çox əziyyət çəkən ölkə Azərbaycandır. Azərbaycana bu vəsait verilməlidir. 10 min kvadrat kilometr ərazi tamamilə dağıdılıb, erməni vandalları tərəfindən məhv edilib. 100 minlərlə mina döşənilib və bütün binalar, tarixi binalar, bütün infrastruktur məhv edilib. Amma pulu verirlər Ermənistana, harada ki, nə dağıntı var, nə də mina döşənilib. Əlbəttə bu, ədalətsizdir. Ona görə bu məsələlər gərək gündəlikdən düşməsin.

Azərbaycanın təşəbbüsü ilə COVID-lə bağlı Zirvə görüşü keçirildi. Biz 30-dan çox ölkəyə humanitar və maddi yardım göstərdik. Onların böyük hissəsi Qoşulmama Hərəkatına üzv ölkələrdir. Bizim təşəbbüsümüzlə COVID-lə bağlı BMT Baş Assambleyasının Xüsusi sessiyası keçirildi. BMT çərçivəsində digər addımlar atıldı. Biz vaksin millətçiliyinə qarşı öz səsimizi ucaltmışıq. Zəngin ölkələr vaksinlərin 82 faizini özünə götürüb, əl qoyub, amma kasıb ölkələrin cəmi 0,3 faiz vaksinə əli çatır. Müstəmləkəçiliyin elə bil ki, növbəti təzahürüdür. Vaksin millətçiliyinə qarşı biz fəal mübarizə aparırıq. Üzv ölkələr də görürlər ki, biz doğrudan da, onları müdafiə etməyə çalışırıq, öz imkanlarımız daxilində kömək göstəririk, beynəlxalq tribunalarda onları müdafiə edirik. Bütün bu amillər və əlbəttə ki, bizim tarixi Zəfərimiz bizə olan hörməti daha da artırdı. Üzv ölkələr gördülər ki, biz nəyi deyiriksə, onu da edirik.
Rusiya və Azərbaycan strateji tərəfdaşlardır və bizim aramızda çox möhkəm dostluq əlaqələri var. Bu, çox önəmlidir. Hazırda yeddi yol xəritəsi üzərində işlər aparılır. Hər bir yol xəritəsi konkret sahəyə aiddir. Hər bir sahə üzrə də yaxşı nəticələr var. Nəqliyyat məsələləri ilə bağlı olan yanaşmalarda fikir ayrılığı yoxdur. Biz - Rusiya və Azərbaycan hesab edirik ki, müharibə başa çatıb, münaqişə başa çatıb. Ermənistanda heç bir revanşist meyillərə yol verilməməlidir və bundan sonra bölgədə sülh olmalıdır. Müharibə riskləri minimuma endirilməlidir və aradan qaldırılmalıdır. Burada bizim aramızda heç bir fikir ayrılığı yoxdur.

Bütün sahələrdə olduğu kimi postmüharibə dövrü ilə bağlı da konseptual yanaşmamız var. Qısamüddətli, ortamüddətli, uzunmüddətli hədəflər müəyyən olunub. Postmüharibə dövrü müharibə dövrü qədər çətin olmasa da, çox qeyri-müəyyən bir dövr idi, çünki kim bilə bilərdi ki, proseslər necə inkişaf edəcək. Çünki müharibə dövründə bəzi ölkələr bizə qarşı açıq-aydın hərəkətə keçmişdilər, bizi əsassız ittiham edirdilər, bizi hədələyirdilər, sanksiyalarla hədələyirdilər, bu məsələni BMT Təhlükəsizlik Şurasına çıxarmağa çalışırdılar. Bütün bunlar anti-Azərbaycan ssenarisinin tərkib hissəsidir və biz bunu da unutmamışıq. Postmüharibə dövrünün gündəliyini böyük dərəcədə biz tərtib edirik. Əlbəttə, qonşu ölkələrlə daim təmasda olmaq şərti ilə və onların narahatlığını nəzərə almaq şərti ilə.

Mikayıl Hacıyev,
Göygöl bələdiyyəsinin sədri
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi

5105 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-09-2021
24-09-2021