Mobil versiya
Faiq Şahbazlı: “Bu il xalqımız uzun illərdən sonra Qurban bayramını Qarabağımızda, Şuşamızda böyük coşqu ilə qeyd edəcək”
Tarix: 13-07-2021 | Saat: 12:25
Bölmə:Siyasət | çapa göndər

Faiq Şahbazlı: “Bu il xalqımız uzun illərdən sonra Qurban bayramını Qarabağımızda, Şuşamızda böyük coşqu ilə qeyd edəcək”

“Müqəddəs dinimiz olan İslamın humanizm, bərabərlik və qardaşlıq prinsiplərinə sədaqətini həmişə nümayiş etdirmiş Azərbaycan xalqı bütün tarixi dövrlərdə Qurban bayramını özünün əziz günlərindən biri kimi qeyd etmişdir. Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə bu günün müsəlman əhali tərəfindən layiqincə bayram edilməsi üçün əlverişli şərait yaranmışdır. Bu bayram Azərbaycanda tolerantlığın təntənəsinə çevrilmişdir. Müxtəlif dini konfessiyaların nümayəndələri də bu bayram günündə vahid Azərbaycan xalqının birlik və qardaşlığını nümayiş etdirir, müsəlman dostlarını təbrik edirlər. Bununla Azərbaycan xalqı özünün mənəvi birliyini və həmrəyliyini ifadə edir.”

Bu sözləri saytımıza verdiyi müsahibəsində ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecinin direktoru, Azərbaycanın qabaqcıl təhsil işçisi, əməkdar müəllim Faiq Şahbazlı deyib.

Müsahibimiz bildirib ki, Qurban bayramının ölkəmizdə dövlət səviyyəsində qeyd olunması eyni zamanda həm xalqla dövlətin birliyini, həm də Azərbaycanda hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayış mühitinin mövcud olduğunu bütün dünyaya nümayiş etdirir: “Əsrlər boyunca ayrı-ayrı xalqların və dinlərin mənsublarının mehriban ailə kimi yaşadıqları Azərbaycanda qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayış mühiti mövcuddur və bütün millətlərin etnik-mədəni özünəməxsusluğu qorunub saxlanılır. Hər il ölkəmizdə rəsmi şəkildə qeyd edilən dini bayramlar mütərəqqi milli-mənəvi dəyərlərin, sosial yardımlaşmanın və xeyirxahlıq duyğularının təntənəsinə çevrilir, cəmiyyətimizdə birlik və bərabərlik ovqatını daha da gücləndirir. Bu cəhətlər Azərbaycanı dünyada tolerantlığın və multikulturalizmin nümunəvi məkanlarından biri kimi tanıdır.”

Daha sonra Faiq Şahbazlı dini bayramlarımızla bağlı adət və ənənələrin bu gün də qorunması və inkişaf etdirilməsinin əsasında siyasi varislik prinsiplərinin durduğunu qeyd edib: “Ümummilli lider Heydər Əliyev hər zaman dini adət və ənələrimizə yüksək səviyyədə bağlılıq və ehtiram nümayiş etdirib. Həmçinin Qurban bayramlarında ulu öndər hər zaman Azərbaycan xalqını məxsusi olaraq təbrik edər, həmin günü bir çox hallarda məcburi köçkün soydaşlarımızla birgə keçirərdi. Qurban bayramı münasibətilə xalqa etdiyi müraciətlərindən birində ulu öndər Heydər Əliyev belə demişdir: “İnanıram ki, bu müqəddəs bayram günlərində böyük xaliqin bəxş etdiyi nemətlərə görə minnətdarlığınızı bildirməklə yanaşı, Azərbaycanın suverenliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün bərpa edilməsi, xalqımızın xoşbəxt həyata qovuşmasını diləyirsiniz. Əminəm ki, arzu və diləkləriniz Allahın köməyi və xalqımızın qeyrəti ilə həyata keçəcəkdir. Xalqımızın haqq işi qalib gələcəkdir. Şəhid balalarımızın ruhlarının şad olacağı gün – Vətən torpağının mənfur düşmən tapdağından tamamilə azad ediləcəyi və taleyinə qaçqınlıq, köçkünlük düşmüş həmvətənlərimizin öz doğma yerlərinə qayıdacaqları gün uzaqda deyildir. Azərbaycan-Ermənistan münaqişəsinin dinc yolla həlli uğrunda apardığımız ardıcıl siyasət və tutduğumuz qətiyyətli mövqe, gənc ordumuzun günü-gündən artan döyüş qüdrəti bu inam üçün möhkəm zəmindir”. Bu gün biz hamımız, bütün dünyaya ulu öndərin peyğəmbərcəsinə söylədiyi bu sözlərin necə həqiqətə çevrildiyinin şahidiyik. Azərbaycan Allahın köməyi və Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə öz torpaqlarını işğaldan azad edib, ərazi bütövlüyünü bərpa edib. Artıq bu il xalqımız uzun illər davam edən fasilədən sonra mübarək Qurban bayramını Qarabağımızda, Şuşamızda və işğaldan azad edilmiş bütün digər ərazilərdə böyük coşqu ilə qeyd edəcək. Milli və dini dəyərlərimizə sadiqlik ənənəsi bu gün Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam etdirilir. Məhz möhtərəm dövlət başçımızın bu sahədə yürütdüyü müdrik siyasətin nəticəsidir ki, bu gün Azərbaycan bütün dünyada İslam mədəniyyətinin inkişafına böyük töhfələr verir. Ölkəmizin İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında da öz bariz ifadəsini tapmışdır.”

Sonda müsahibimiz qeyd etmişdir ki, Vətən müharibəsində Azərbaycan xalqının yazdığı Zəfər tarixinin də əsasında Qurban bayramı fəlsəfəsinin elementləri özünü qabarıq formada büruzə verir: “Qurban bayramında müsəlmanlar Allah yolunda hər bir fədakarlığa hazır olduqlarını nümayiş etdirdikləri kimi Vətən müharibəsində də bütün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən naminə canlarından keçməyə belə hazır olduqlarını göstərdilər. Bu, Azərbaycan xalqının böyüklüyünün və öz ali dəyərlərinə sadiqliyinin ən parlaq ifadəsi idi. Öz dərin tarixi kökünə, milli və dini dəyərlərinə sidq ürəkdən bağlı olan Azərbaycan anası, Azərbaycan atası öz övladının qanını və canını Vətən yolunda əsirgəmədi. Bu gün Azərbaycanı ərazi bütövlüyünə qovuşduran, ay-ulduzlu bayrağı əzəli torpaqlarımızda dalğalandıran da xalqımızın öz yaddaşında, gündəlik həyatında qoruyub saxladığı bu dəyərlərdir. Vətən müharibəsində qazanılan Zəfər xalqımızın qurbanlarının və dualarının qəbul olunduğunun göstəricisidir.”

AIA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-09-2025