Mobil versiya
Məzahir Bayramov: “Azərbaycan Ordusunun bugünkü gücü-qüdrəti 17 illik hazırlıq dövrünün nəticələrindən biridir”
Tarix: 02-07-2021 | Saat: 13:16
Bölmə:Siyasət | çapa göndər

Məzahir Bayramov: “Azərbaycan Ordusunun bugünkü gücü-qüdrəti 17 illik hazırlıq dövrünün nəticələrindən biridir”

“Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsinin gedişində düşməni diz çökdürdü. Torpaqlarımız işğalçılardan təmizləndi, ərazi bütövlüyümüz bərpa olundu. Bu möhtəşəm Qələbə ilə tarixi ədalət bərpa olundu. Bölgəmizdə yeni reallıqlar yarandı. Bu reallığı Azərbaycan yaratdı və bütün dünyaya qəbul etdirdi.”

Bu sözləri YAP Tovuz rayon təşkilatının sədri Məzahir Bayramov deyib.

İlk növbədə hakim partiya təmsilçisi deyib ki, Azərbaycan Ordusu BMT-nin 30 ilə yaxın müddət ərzində kağız üzərində qalmış qətnamələrinin, eləcə də bir çox digər beynəlxalq hüquqi aktların icrasını cəmi 44 günə təmin etməklə öz gücünü bütün dünyaya göstərdi: “44 günlük Vətən müharibəsindəki parlaq Qələbə şanlı ordumuzun gücünün və qüdrətinin göstəricisi oldu. Azərbaycan Ordusu heç vaxt indiki qədər güclü olmayıb. Azərbaycan özü də heç zaman bugünkü qüdrətinə sahib olmayıb. Bununla belə ordumuz işğalçı ermənistanla şərəfli müharibə apardı. Mülki obyektləri hədəf almadı, dinc sakinlərə zərər vermədi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu bütün dünyaya XXI əsrin yeni, ən müasir döyüş taktikasını təqdim etdi. 27 ildir icra olunmayan BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirildi. Müasir texnologiyalara yiyələnən, son nəsil silahlara sahib olan Azərbaycan Ordusu tarixi, əzəli torpaqlarımızı işğaldan azad etmək uğrunda beynəlxalq hüquq çərçivəsində legitim döyüşlər apardı və böyük zəfərimizi xalqımızın tarixinə qızıl hərflərlə yazdı. Dövlətçiliyimizin ən şərəfli səhifələrini yazan bu zəfərlə Azərbaycan faşist ideologiyasına əsaslanan Ermənistanın 30 illik işğalına son qoydu və bütün dünyada qalib xalq, məğlubedilməz dövlət kimi özünü yenidən təsdiq etdi.”

Daha sonra M.Bayramov bildirib ki, Vətən müharibəsinin mühüm nəticələrindən biri kimi Cənubi Qafqazda yaranmış yeni regional inkişaf və əməkdaşlıq perspektivləri bu gün dünyada müzakirə olunan əsas mövzulardan biridir: “Azərbaycan Prezidenti cənab İlham Əliyev də öz çıxışlarında dəfələrlə qeyd edib ki, bu gün Cənubi Qafqazda tamamilə yeni reallıqlar yaranıb. Əlbəttə ki, bu reallıqların müəllifi Vətən müharibəsində tarixi Qələbə qazanan Azərbaycandır. Məhz bu səbəbdən də regional inkişaf və əməkdaşlıq perspektivləri mövzusunda aparılan müzakirələrdə ölkəmiz əsas kilid nöqtəsi kimi çıxış edir. Möhtərəm dövlət başçımızın vurğuladığı kimi, yeni vəziyyət yeni yanaşmaları tələb edir. Dünya ictimaiyyəti, regionda maraqlı olan dövlətlər və beynəlxalq təşkilatlar da artıq belə bir həqiqəti qəbul edirlər ki, Cənubi Qafqazda sülh və əmin-amanlığın təmini, transmilli enerji və logistik layihələrin reallaşması yalnız Azərbaycanın iştirakı ilə mümkündür və eyni zamanda da Azərbaycan bu layihələrin təhlükəsizliyini və uğurla həyata keçirilməsini təmin edə biləcək əsas regional oyunçudur.”

Sonda Məzahir Bayramov deyib ki, Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəmiz 2003-2020-ci illər ərzində Prezident İlham Əliyev tərəfindən həyata keçirilmiş çoxşaxəli hazırlıq işləri sayəsində təmin edilib: “Bu gün Azərbaycanın güclü bir dövlətə çevrilməsinə və nəticə etibarı ilə öz ərazi bütövlüyünü bərpa etməsinə zəmin yaratmış ən önəmli faktor ölkəmizdə xüsusilə son 17 ildə müşahidə olunan dinamik iqtisadi inkişaf amilidir. Ölkə Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, 2003-2020-ci illər ölkəmiz üçün zəruri və vacib bir hazırlıq dövrü idi. Bütün bu dövr ərzində Azərbaycan Prezidenti cənab İlham Əliyev daima deyirdi ki, sülh yolu ilə torpaqlarımız geri qayıtmasa, müharibə yolu ilə biz bu məsələni həll edəcəyik. Bütün xarici təzyiqlərə, ittihamlara baxmayaraq Azərbaycanın dövlət başçısı bu haqlı mövqeyindən heç zaman bir addım belə olsun geri çəkilmədi. 17 il ərzində möhtərəm Prezidentimiz bütün çıxışlarında, beynəlxalq müstəvidə keçirilən bütün tədbirlərdə bu məsələni dilə gətirdi, mövcud münaqişəni diqqət mərkəzinə çəkdi. Görülən tədbirlər sayəsində ilk növbədə daxili sabitlik təmin edildi, xalq-iqtidar birliyinə nail olundu. Daha sonra ölkənin iqtisadi inkişafı təmin edildi. Eyni zamanda həyata keçirilən düzgün xarici siyasət hesabına beynəlxalq vəziyyət bizim xeyrimizə çevrildi. 2005-ci ilə qədər Azərbaycan üçün əsas hüquqi bazanın yalnız BMT Təhlükəsizlik Şurasının qətnamələri olduğu halda, 2005-ci ildə Avropa Şurası Parlament Assambleyası uzun müzakirələrdən sonra ölkəmizi qane edən qətnamə qəbul etdi. Ardınca BMT Baş Assambleyası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digərləri buna oxşar qərar və qətnamələr qəbul etdilər. Bütün bunlarla yanaşı isə münaqişənin həlli üçün ən mühüm olan sahədə, ordu quruculuğunda möhtəşəm hazırlıq işləri həyata keçirildi. Sonda bütün bu hazırlıqlar sayəsində bizim qürur mənbəyimiz, Vətən müharibəsində tarixi Qələbəmiz əldə olundu. Bu tarixi Zəfər sayəsində artıq bundan sonra Silahlı Qüvvələr Günü xalqımız və ordumuz üçün tamamilə yeni bir mahiyyət kəsb edəcək. Möhtərəm dövlət başçımızın dediyi kimi, artıq bu ildən Azərbaycan bu tarixi qalib ölkə, qalib xalq və Müzəffər ordu olaraq qeyd edəcək.”

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024