Mobil versiya
Zahid İbrahimov: “Azərbaycan öz tarixi missiyasını şərəf və ləyaqətlə həyata keçirdi”
Tarix: 30-06-2021 | Saat: 10:30
Bölmə:Siyasət | çapa göndər

Zahid İbrahimov: “Azərbaycan öz tarixi missiyasını şərəf və ləyaqətlə həyata keçirdi”

“Azərbaycan otuz il ərzində öz ərazi bütövlüyünü sülh yolu ilə bərpa etmək üçün bütün mövcud imkanlardan istifadə etdi. Lakin dünyada mövcud olan ermənipərəst qüvvələrin ardıcıl müdaxilələri səbəbilə münaqişənin sülh yolu ilə həlli mümkünsüz oldu. Nəticədə Azərbaycanın problemin həlli üçün, eləcə də Ermənistanın davam edən təxribatlarının qarşısını almaq üçün məhz hərbi əməliyyatlara başlamaqdan başqa yolu qalmadı. Azərbaycan bu tarixi missiyanın öhdəsindən şərəflə gəldi və bu il qalib xalqımız artıq Müzəffər Ordusunun yaradılmasının 103-cü ildönümünü əvvəllər görünməmiş bir təntənə ilə qeyd etdi.”

Bu sözləri Tərtər Suvarma Sistemləri İdarəsinin rəisi, YAP Tərtər rayon təşkilatının İdarə Heyətinin üzvü Zahid İbrahimov deyib.

Hakim partiya təmsilçisi qeyd edib ki, məhz Prezident İlham Əliyev tərəfindən 2003-2020-ci illər ərzində Azərbaycanın inkişafı, güclü iqtisadiyyata, qüdrətli orduya sahib olması istiqamətində apardığı gərgin və məqsədyönlü işin nəticəsi olaraq ölkəmiz tarixi Qələbəyə imza atdı: “30 ildən artıq müddət ərzində dünya ictimaiyyəti Azərbaycan ərazilərinin işğalı, xalqımıza qarşı törədilən dəhşətli hərbi cinayətlər və qətliam hadisəsi ilə bağlı baş verənlərə göz yumdu. Erməni qəsbkarlarının bütün dünyada olan havadarları Azərbaycanı işğal aktı ilə barışmağa, müvəqqəti itirilmiş ərazilərdən birdəfəlik imtina etdirməyə çalışdılar. Lakin Prezident İlham Əliyev tərəfindən bütün bu illər ərzində Azərbaycanın inkişafı, güclü iqtisadiyyata, qüdrətli orduya sahib olması istiqamətində gərgin və məqsədyönlü iş aparıldı. Nəticədə, ötən ilin sentyabr ayının 27-dən başlayaraq 44 gün davam edən Vətən müharibəsinin sonucu olaraq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu əldə etdiyi tarixi qələbəsi ilə şanlı tariximizin ən şərəfli səhifəsini yazdı. Otuz il müddətində işğal altında olan torpaqlarımız azad edildi. Müzəffər Ordumuzun qarşısında duruş gətirə bilməyən Ermənitan təslim oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən imzalanmış üçtərəfli bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Əslində Ermənistan üçün bir kapitulyasiya aktı mahiyyəti daşıyan bu bəyanat böyük tarixi əhəmiyyət kəsb edir. Azərbaycan Prezidentinin polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və əlbəttə ki, Azərbaycan xalqının sarsılmaz birliyi Ermənistanı bu sənədi imzalamağa məcbur etdi. Möhtərəm dövlət başçımızın da dediyi kimi, Paşinyan bu sənədi öz xoşu ilə imzalamadı. Dəmir yumruğun hesabına imzaladı. Bu möhtəşəm tarixi zəfər Cənubi Qafqaz regionunda yeni reallıqlar yaratdı və bundan sonra artıq bütün dünya Azərbaycanın müəllifi olduğu bu reallıqlarla hesablaşmaq məcburiyyətindədir.”

Daha sonra Zahid İbrahimov deyib ki, Azərbaycanın müharibədən sonrakı dövrü əhatə edən inkişaf konsepsiyasında ordumuzun daha da gücləndirilməsi prinsipi xüsusi yer tutur. Müsahibimizin sözlərinə görə işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək ki, bu da öz növbəsində bütün digər sahələr kimi, ordu quruculuğuna da yeni dinamika gətirəcək: “Azərbaycanın parlaq Qələbəsi nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına yenidən formalaşacaq qatqısı, logistik sahədə yeni perspektivlər respublikanın inkişaf potensialını artıracaq. Ərazi bütövlüyümüzün təmin olunması iqtisadi sferada böyük irəliləməyə gətirib çıxaracaq. Bu iqtisadi inkişafın dogru dəyərləndirilməsi ölkəmizin dünya səviyyəsində davamlı irəliləməsinə və dinamik inkişaf xəttinə malik olmasına səbəb olacaq. Təbii ki, iqtisadi potensialın müəyyən bir hissəsi yenə də ordu quruculuğu işlərinə yönəldiləcək. Çünki müasir dünyada iqtisadi və hərbi gücü olmayan dövlət nə özünün, nə də xalqının maraqlarını qoruya bilməz. Ölkə Prezidenti cənab İlham Əliyevin də öz çıxışında qeyd etdiyi kimi, bu gün beynəlxalq hüquq normaları işləmir. Böyük dövlətlər onlara sərf edən qərarları icra edirlər, sərf etməyən qərarları icra etmirlər. Əks təqdirdə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş və erməni silahlı qüvvələrinin torpaqlarımızdan dərhal çıxarılmasını tələb edən qətnamələr 30 il ərzində kağız üzərində qalmazdı. Beynəlxalq hüquq normaları elə bil kiçik ölkələr, orta səviyyəli, gücü o qədər olmayan ölkələr üçün yazılıb. Böyük ölkələr buna məhəl qoymaya bilərlər. Məhz belə bir vəziyyətdə olmamaq üçün də Azərbaycan öz hərbi qüdrətini bundan sonra da artırmalıdır. Eyni zamanda da Vətən müharibəsinin nəticələri olaraq Cənubi Qafqazda yaranmış yeni reallıqlar bu gün Azərbaycanla yanaşı digər region ölkələri və qonşu dövlətlər üçün də geniş inkişaf perspektivləri açır. Həmçinin Ermənistan da öz iqtisadiyyatını bərpa etmək və dirçəltmək üçün bir şans əldə edə bilər. Lakin bunun üçün ilk növbədə Ermənistan Türkiyə və Azərbaycanla tamamilə yeni formatda münasibətlər qurmağa ciddi səylər göstərməlidir. Təəssüflər olsun ki, biz hələ də bunu müşahidə etmirik. Amma bu, əlbəttə ki, Ermənistanın problemidir. Azərbaycan öz dinamik inkişafına bundan sonra da davam edəcək və hər an istənilən aqressiya cəhdinin qarşısını dərhal almağa hazır olacaq. Azərbaycan xalqı öz Şanlı Ordusuna güvənir və onunla fəxr edir.”

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-05-2025