Mobil versiya
Bir bədəndə iki can- Türkiyə və Azərbaycan
Tarix: 19-06-2021 | Saat: 14:20
Bölmə:Siyasət | çapa göndər

Bir bədəndə iki can- Türkiyə və Azərbaycan



2021-ci il iyun ayının 16-da Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Milli Məclisində tarixi çıxış etdi. Türkiyə Prezidenti Milli Məclisdəki çıxışında bir daha Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını əminliklə qeyd etdi. Əslində, bu ilk dəfə səsləndirilən bir fikir deyildi. İndiyə qədər də dəfələrlə səsləndirilmiş və daha da əsası əməli fəaliyyətdə sübut olunmuşdur. Ancaq indi, yəni Azərbaycan və Türkiyə liderlərinin işğaldan azad olunmuş Qarabağımızın mədəniyyət incisi olan Şuşaya səfərindən, orada imzalanan “Şuşa Bəyannaməsi”ndən sonra bu fikirlər daha da tutarlı, daha da əsaslı oldu. Əminliklə demək olar ki, cənab Ərdoğanın Milli Məclisdəki çıxışı yalnız daxili auditoriyaya deyil, xarici dairələrə də mesajlarla zəngin idi.

Beləliklə, çıxışa daha dərindən nəzər yetirək. Qardaş ölkənin Prezidenti öz nitqində Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi qələbənin regiona sabitlik və sülh gətirəcəyini, yalnız Azərbaycanın deyil, digər qonşu dövlətlərin, eləcə də Ermənistanın bundan qazanc əldə edəcəyini vurğulayaraq yeni yaranan situasiyaya uyğun olaraq altı region dövlətini (Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Ermənistan və İran) birləşdirən geniş iqtisadi vəziyyətin yaranacağını, bunun isə bütün bölgənin gələcək inkişafına təkan verəcəyini bildirdi. Bəli, Azərbaycanın qələbəsi ilə Cənubi Qafqaz artıq münaqişə zonası olmaqdan çıxaraq sabitlik məkanına çevrildi. Bununla da bölgə investisiyaya açıq zona halına gəldi. İndi bütün Qafqaz dövlətlərinin gələcəyi üçün səmərəli fəaliyyət göstərməyin zamanıdır. Artıq Ermənistan da bunu anlamalı və ən azından öz xalqının gələcəyi naminə düzgün addımlar atmalıdır. “Şuşa Bəyannaməsi”nin imzalanmasından sonra keçirilən mətbuat konfransında qardaş ölkənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan bununla bağlı danışaraq bildirdi ki, Azərbaycan və Türkiyə davamlı sabitliyin və sülhün formalaşması üçün birlikdə hər cür fədakarlığa hazırdır. Ümid edirik ki, Ermənistan da ona xoş niyyətlə uzadılan həmrəylik əlini tutacaq və ortaq gələcəyi birlikdə formalaşdırmaq fürsətindən səmərəli şəkildə istifadə edəcəkdir. Bu tarixi fürsət reallığa söykənməyən həvəslər, ifadələr və fəaliyyətlərlə qaçırılmayacaqdır.

Türkiyə dövlətinin başçısının çıxışında vurğuladığı məsələlərdən biri də Zəngəzur məsələsi idi. Cənab Ərdoğan Zəngəzur dəhlizi ilə bağlı bildirdi ki, dəhliz nəinki Azərbaycan və Türkiyəyə, eyni zamanda Ermənistana da qazanc gətirəcək. Belə ki, dəhliz vasitəsilə ermənilər digər ölkələrə gedə biləcək və daha da əsası Ermənistan iqtisadi blokadadan çıxmaq şansı əldə edəcək.

Cənab Ərdoğanın qeyd etdiyi digər bir məsələ isə işğal altında olduğu müddətdə torpaqlarımızda törədilən vandalizm ilə bağlı idi. Belə ki, R.T.Ərdoğan 30 il ərzində işğal altında qalmış Qarabağda gördüklərindən danışaraq bildirdi ki, ermənilər həmin torpaqların onlara aid olmadığını bildikləri üçün işğal dövründə insanların yaşayış yerlərini viran qoymuş, hər yeri xarabalığa çevirmişdir. Həqiqətən də belədir. İnsan öz torpağına, öz Vətəninə bunu edə bilməz. Ancaq düşmən mövqeyində olan, intiqam almaq istəyən kəslər bu barbarlığı edə bilərlər. Ağdamda, Füzulidə, Zəngilanda törədilən barbarlıq insan xislətinə xas ola bilməz. Təəssüf ki, müharibə və işğal dövründə Azərbaycan xalqının unuda bilməyəcəyi bir çox şeylər baş vermişdir, ancaq artıq bütün bunlar geridə qoyulmalı və gələcəyə baxılmalıdır. İki xalqın birgə yaşayışının tək yolu budur.

Sonda qardaş ölkənin rəhbəri vurğuladı ki, Ermənistan Azərbaycan ilə problemlərini həll etdikcə Türkiyə olaraq biz də lazımi addımları atacağıq. Türkiyə sərhədlərinin açılmasının Ermənistana verəcəyi faydalar isə saymaqla bitməz. Bu Zəfəri hər kəsin ortaq zəfərinə çevirmək bizim əlimizdədir. Bəli, əgər erməni xalqı gözündəki qara pərdəni götürsə və Azərbaycanla davamlı sülhün ölkəsinə gətirəcəyi mənfəətləri görsə yəqin ki onda bu boş revanşizmdən əl çəkə və öz gələcəyi naminə sülhə çalışa bilər. Ancaq təəssüf ki, hələ də erməni xalqı hansısa disaporaların ya da şəxsi mənfəətini hər şeydən üstün tutan siyasətçilərin əlində oyuncaqdır. Ümid edirik ki, ən qısa zamanda bütün bunlar həll olunacaq və iki xalqın sülh və sabitlik fonunda birgə yaşayışı təmin olunacaq. Ancaq indiki şəraitdə gələcəklə bağlı verə biləcəyimiz tək praqnoz Türkiyə və Azərbaycanın iki qardaş ölkə olaraq hər ssenaridə yan-yana olacağı və bir-birini dəstəkləyəcəyidir. 15 iyun tarixində imzalanan Bəyannamə də bunun ən real təsdiqidir.

Arzu Abdullayev
Pirallahı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının
İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin müdiri
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-09-2025