Mobil versiya
Xalid Ələkbərov: "Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycan bütün sahələr üzrə inkişafın yeni mərhələsinə qədəm qoyub"
Tarix: 02-05-2021 | Saat: 16:14
Bölmə:Siyasət | çapa göndər

Xalid Ələkbərov: "Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycan bütün sahələr üzrə inkişafın yeni mərhələsinə qədəm qoyub"

1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev ilk gündən sovet rejiminin bütün ideoloji-siyasi qada\alarına rəğmən Azərbaycan xalqının milli özünüdərki üçün bütün zəruri tədbirləri həyata keçirməyə başlamış, ictimai şüurdakı qorxunu, ehtiyatlılığı aradan qaldırmağı, cəmiyyəti gələcək mənəvi yüksəlişlərə ruhlandırmağı bacarmışdır. Ulu öndər xalqı öz şanlı keçmişinə, soykökünə qaytarmaq, habelə zəngin bədii irsini, mədəniyyətini, incəsənətini, adət-ənənələrini yaşatmaq, ana dilini inkişaf etdirmək üçün bir sıra əhəmiyyətli tədbirlər həyata keçirmişdir.

Ümummilli lider Heydər Əliyev milli ruhun yüksəlişinə xidmət edən düşünülmüş addımlarla sərt ideoloji qadağaların mövcud olduğu bir dövrdə Azərbaycanın müstəqilliyi üçün iqtisadi-siyasi zəmin formalaşdırmağa çalışmış və buna nail olmuşdur. Bu günün zirvəsindən baxdıqda aşkar görünür ki, ulu öndər heç bir riskdən çəkinməyərək əzmkar fəaliyyəti ilə xalqda tarixi keçmişi, milli kimliyi, dili, mədəniyyəti, milli adət-ənənələri barədə dolğun təsəvvürlər formalaşdıra bilmişdir. Ulu öndər Heydər Əliyevin bütün fəlsəfi konstruksiyası məhz xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanması ideyasına əsaslanırdı. Heydər Əliyev kifayət qədər mürəkkəb bir dövrdə azərbaycançılıq məfkurəsinin rejimin ideoloji repressiya presi altında nəinki əzilməsinı imkan vermədi, əksinə milli düşüncənin formalaşmasını və inkişafını təmin etdi.

Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər XX əsr tariximizin ən əhəmiyyətli dövrü kimi qiymətləndirilir. İstər 1969-1982-ci illərdə, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi müddətdə Heydər Əliyev yalnız respublikamızın inkişafı, milli azərbaycançılıq ideyalarının qorunub saxlanılması, xalqımızın firavan gələcəyi barədə düşünmüş və buna nail olmuşdur. Ötən əsrdə cərəyan edən əhəmiyyətli ictimai proseslərin, tarixi hadisələrin təhlili göstərir ki, respublikanın müstəqilliyə gedən yolu məhz 1969-cu ildən başlanıb və ulu öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilən məqsədyönlü siyasətlə tamamlanıb. Zaman və ictimai-iqtisadi formasiya baxımından kifayət qədər fərqli olan hər iki tarixi dövrün əsas bənzər cəhətləri isə Ulu Öndərin Azərbaycana böyük nailiyyətlər qazandıran fədakar xidməti, eləcə də ölkənin inkişafında konstruktiv meyillərin və müsbət dinamikanın geniş vüsət alması olub. İdarəçilik fəlsəfəsi özünəməxsus cəhətlərlə zəngin olan ümummilli liderin Sovet Azərbaycanına rəhbərlik mərhələsi ölkəni sürətli inkişaf yoluna çıxarmaqla yanaşı, milli müstəqilliyə etibarlı zəmin formalaşdıran amillərlə də zəngin olub. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycan bütün sahələr üzrə inkişafının yeni mərhələsinə qədəm qoyub, sözün əsl mənasında, öz intibah dövrünü yaşayıb. İqtisadi asılılığın aradan qaldırılmasının siyasi müstəqilliyin təməlində duran əsas amillərdən biri olduğunu aydın görən ulu öndər hələ sovet dönəmində respublikanın istehsal potensialının mühüm hissəsinin ittifaq şəbəkəsindən ayrılaraq əsaslı şəkildə müstəqilləşdirilməsi, sənaye potensialının gücləndirilməsi istiqamətində möhtəşəm nailiyyətlərə imza atıb. Həmin illərdə Heydər Əliyevin qətiyyəti, iradəsi və təşəbbüskarlığı ilə keçmiş SSRİ-nin bir sıra strateji əhəmiyyətli müəssisələri məhz Azərbaycanda inşa olunub, bununla da respublikamızın gələcək müstəqilliyinin iqtisadi əsası formalaşdırılıb. ulu öndər Heydər Əliyev bu məsələdə daim qətiyyətli mövqe tutub, keçmiş ittifaqın rəhbərliyi qarşısında israrlı tələblərlə çıxış edib, prinsipiallıq göstərib. Neft sənayesinin iqtisadi inkişafdakı rolunu böyük uzaqgörənliklə nəzərə alan ulu öndər Heydər Əliyev 70-ci illərdə bu sahənin dinamik inkişafına, neft-kimya sənayesinin tamamilə modernləşdirilməsinə nail olub. Həmin dövrdə neft sənayesinin inkişafında tamamilə yeni mərhələ başlanıb, bu zəngin milli sərvətin Azərbaycanın rifahına xidmət edən vasitəyə çevrilməsi prosesinin əsası qoyulub.

1993-cü ilin ikinci yarısında ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdı. Bundan sonra Azərbaycanın xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkəmizin milli mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi. Bu dövrdən başlayaraq həyata keçirilən siyasət məhz Ulu Öndərin adı və onun fəaliyyəti ilə bağlıdır. Birmənalıdır ki, 1993-2003-cü illər ölkəmiz üçün həlledici illər olmuş, məhz həmin illərdə dövlətçiliyimizin möhkəm təməli qoyulmuşdur. O illərdə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətlə bağlı strateji xətti müəyyən edilmiş, Azərbaycan dünya birliyinə qovuşmuşdur. Azərbaycanın Avratlantik təhlükəsizlik institutlarının işlərində müntəzəm, eləcə də fəal surətdə iştirak etməklə səmərəli əməkdaşlığın genişləndirilməsi ölkəmizin problemlərini dünya ictimaiyyətinə çatdırmaq baxımından mühüm əhəmiyyət kəsb etmişdir.

2003-cü ildən Azərbaycan xalqının istəyi və iradəsilə ölkədə hakimiyyətə gəlmiş Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirmiş, bununla da bütün bu illər ərzində ölkəmizin uğurlu inkişafını şərtləndirmişdir. 2003-2020-ci illər Azərbaycanda dinamik sosial-iqtisadi inkişaf, demokratik və müasir dövlət quruculuğu sahəsində mühüm mərhələ olmuşdur. Ən əsası da budur ki, bu illər ərzində Azərbaycan istər siyasi, istər iqtisadi sahədə böyük uğurlara imza atmaqla öz ərazilərini işğaldan azad etmək üçün gərəkən hazırlıqları həyata keçirmişdir. Nəhayət ötən ilin sentyabr ayının 27-dən etibarən Azərbaycan ordusu erməni təxribatlarına son qoymaq və torpaqlarını işğaldan azad etmək məqsədilə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında hərbi əməliyyatlara başlamışdır. Nəticədə 44 gün davam edən Vətən müharibəsi ölkəmizin tarixi Qələbəsilə başa çatmışdır. Azərbaycan öz torpaqlarını 30 il davam edən işğaldan azad edərək, tarixi ədaləti bərpa etmişdir. Bu tarixi Zəfər Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən Heydər Əliyev siyasi kursunun növbəti təntənəsidir.


Xalid Ələkbərov,
“Lifttəmir” İstehsalat Birliyinin baş direktoru




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-09-2025