AZ RU Mobil versiya
Ulu Öndər Heydər Əliyev hər zaman qürur hissi ilə xatırlayacağımız böyük dövlət xadimidir
Tarix: 03-05-2021 | Saat: 14:46
Bölmə:Siyasət | çapa göndər

Ulu Öndər Heydər Əliyev hər zaman qürur hissi ilə xatırlayacağımız böyük dövlət xadimidir



10 May - müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın və dövlətimizin müstəqilliyi, inkişafı naminə böyük xidmətlər göstərmiş Ümummilli Lider Heydər Əliyevin doğum günüdür. Ulu Öndər Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyət və böyük dövlət xadimidir. O, Azərbaycan xalqı və dövlətçiliyi üçün misilsiz xidməti ilə seçilən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarix yazan Liderdir. Ulu Öndərin milli və dövlətçilik maraqlarına yönələn zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxıb.

Heydər Əliyev fenomeni təkcə Azərbaycanla məhdudlaşmır. O, hələ sağlığında əfsanələşən, siyasət olimpini fəth etmiş nadir şəxsiyyətlərdən biri olub. Biz dünyanın məşhur simalarının bu dahi şəxsiyyət haqqında necə heyranlıqla, ehtiramla danışdıqlarının şahidiyik. Heydər Əliyev siyasət aləminin fatehi, tarixin gedişinə təsir göstərmək qüdrətinə, polad iradəyə malik yenilməz şəxsiyyət kimi səciyyələndirilir.

Heydər Əliyev zəkası məkan və zaman anlayışı tanımayıb. Naxçıvanda sadə bir ailədə dünyaya gələn bu böyük insanın siyasət olimpinə yolu təlatümlərdən, çətin sınaqlardan, aramsız mübarizələrdən keçib.

Heydər Əliyev ömrü insan ruhunun qüdrətinə, yenilməzliyinə, qalib gəlmək əzminə parlaq nümunədir. Ümummilli Liderin doğum günündə onun keçdiyi ömür yolu kitab kimi vərəqlənir, xatirələr dilə gəlir. Ulu Öndərin siyasi fəaliyyətinin hər bir məqamı öz xalqının mədəni intibahına, iqtisadi və siyasi yüksəlişinə xidmət edən uğurlarla zəngindir.

Ümummilli Lider Heydər Əliyev Azərbaycanda böyük bir ideologiyanın, milli dövlətçilik fəlsəfəsinin və milli mənlik şüurunun formalaşmasının əsasını qoyub. Məhz Onun fədakar mübarizəsi sayəsində Azərbaycan xalqı ən ümdə arzularının reallaşmasına nail olub.

Heydər Əliyev şəxsiyyətinin ucalığı Onun böyük dövlət xadimi, böyük ictimai xadim və bütün bunların hamısından da əvvəl, böyük azərbaycanlı olması faktını qətiyyən kölgədə saxlamır.

Ümummilli Liderin xalqı qarşısında daha bir müstəsna xidməti İlham Əliyev kimi övlad yetişdirməsi, Onu layiqli davamçısı olaraq seçməsidir. Ulu Öndərin varisi olan Yeni əsrin Lideri Prezident İlham Əliyev Azərbaycana bacarıqla rəhbərlik edir, praqmatik siyasəti ilə ölkəmizi irəli aparır. Xalq Prezidentinə inanır və Onun arxasınca inamla gedir. Çünki dövlətin sükanının etibarlı əllərdə olduğuna əmindir.

Bu inamın nəticəsidir ki, Azərbaycan artıq qalib ölkədir. Prezident, Ali Baş Komandan İlham Əliyev rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu 30 ilə yaxındır ki, düşmən işğalında olan torpaqları işğaldan azad edib. Bu qalibiyyət, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu şərəfli missiyanın tamamlanması və Onun ruhunun şad edilməsidir.

Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev də xüsusi olaraq vurğulayır ki, qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kurs və bu siyasi kursun uğurla davam etdirilməsi faktı dayanır: “Bizim əsas dəyərimiz, ən böyük nemətimiz müstəqilliyimizdir. Biz müstəqil ölkə kimi yaşayırıq. Müstəqilliyimizin də banisi Ulu Öndər Heydər Əliyevdir. Məhz onun hakimiyyətə gəlməsindən sonra Azərbaycan, sözün əsl mənasında, müstəqillik yoluna qədəm qoydu”.

Qeyd edilənlərdən yalnız belə bir nəticəyə gəlmək olar ki, dövlətçiliyimizi və müstəqilliyimizi əbədi edən dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyevdir.

Vüqar Hüseynov,
YAP Göygöl rayon təşkilatının Gənclər Birliyinin sədr müavini



Məlumatlanmaq üçün Facebook səhifəmizi

585 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-05-2021
06-05-2021